İnstitutun baş elmi işçisi Ramiz Şıxəliyev Fəxri Fərmanla təltif edildi Aprel 10, 2021 | 04:01 / Yubileylər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin 60 illik yubileyi ilə bağlı müzakirələr aparıldı.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, yubilyarın elmi və praktiki fəaliyyətindən söz açdı. Onun institutun elmi-ictimai həyatında fəal iştirak etdiyini, hər bir işində yüksək peşəkarlıq göstərdiyini və əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin diqqət mərkəzində olduğunu bildirdi.

Alim institutun çoxillik fəaliyyətində və inkişafında müstəsna xidmətləri olan R.Şıxəliyevə xas olan insanpərvərlik, əməksevərlik, təvazökarlıq və məsuliyyətlilik kimi nəcib insani keyfiyyətlərin ona institutda böyük hörmət və rəğbət qazandırdığını qeyd etdi.

R.Şıxəliyevin Birinci Qarabağ müharibəsinin veteranı olduğunu xatırladan akademik R.Əliquliyev yubilyarın Vətənə layiqli xidmət missiyasını müvəffəqiyyətlə yerinə yetirdiyini diqqətə çatdırdı.

İnstitut direktoru, R.Şıxəliyevin hazırda texnika üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim olunacaq dissertasiya işi üzərində ciddi işlədiyini, məqalələrinin nüfuzlu beynəlxalq jurnallarda çap edildiyini bildirdi.

R.Əliquliyev çıxışının sonunda yubilyarı institutun rəhbərliyi, Elmi Şurası və kollektivi adından təbrik etdi, ona möhkəm can sağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzuladı.

Sonra institutun digər alim və mütəxəssisləri Ramiz Şıxəliyevi ürəkdən təbrik etdilər, alimlə bağlı xatirələrini və düşüncələrini bölüşdülər.

Daha sonra R.Şıxəliyev anadan olmasının 60 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif edildi.

Sonda R.Şıxəliyev çıxış edərək, həmkarlarına xoş sözlərə görə təşəkkür etdi. İnstitutda yaradılmış elmi mühitdə səmimi kollektivlə birlikdə çalışmaqdan son dərəcə məmnun olduğunu dilə gətirdi.

Qeyd edək ki, R.Şıxəliyev 1990-cı ildə Leninqrad Elektrotexnika İnstitutunun “Elektrofizika” fakültəsini bitirmişdir.

O, 1998-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərir və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunmasının elmi-nəzəri problemləri ilə məşğul olur.

R.Şıxəliyev 2008-ci ildə “Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarının ekranlaşdırılması metod və modellərinin işlənməsi” mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, “05.13.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri namizədi adını almışdır.

Yubilyar hazırda “Kompüter şəbəkələrinin intellektual monitorinqi metod və modellərinin işlənilməsi” mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləyir. Alim 75 elmi əsərin müəllifidir, bunlardan 19-u xaricdə çap edilmişdir.

2014-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsinin qalibi olmuşdur.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.

Uzun müddət institutun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi vəzifəsində çalışmışdır.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı