E-dövlət mühitində rəqəmsal demoqrafiyanın formalaşması sahəsində tədqiqatlar aparılır Aprel 09, 2021 | 12:10 / Konfranslar, iclaslar

E-demoqrafiya - elektron dövlətin nüvəsini təşkil etməklə rəqəmsal texnologiyaların demoqrafik davranışlara təsirinin öyrənilməsinə və demoqrafik proseslərin daha dərin tədqiq olunması üçün verilənlərin yeni mənbələrinin istifadə olunmasına imkan verir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev elmi seminarın “E-dövlət mühitində rəqəmsal demoqrafiyanın formalaşması sahəsində beynəlxalq təcrübənin tədqiqi və müqayisəli analizi məsələləri” mövzusunun müzakirəsinə həsr olunduğunu diqqətə çatdırdı.

İnstitutun magistrantı Nərminə Axundova məruzəni təqdim edərək bildirdi ki, demoqrafiya - əhali sayı, doğum və ölüm göstəricilərinin dəyişməsi, miqrasiya, yaş strukturu, milli və etnik tərkib, əhalinin coğrafi yerləşməsi, onun sosial-iqtisadi, tarixi və digər amillərdən asılılığını öyrənən multidisiplinar elmi tədqiqat sahəsidir.

Demoqrafiyaya təsir edən göstəricilərdən bəhs edən tədqiqatçı buraya doğum, ölüm, miqrasiya, sosial-iqtisadi vəziyyət, xəstəliklər, müharibələr, təbii fəlakətlər və s. aid olduğunu söylədi.

N.Axundova qeyd etdi ki, demoqrafik prosesləri daha yaxşı anlamaq və proqnozlaşdırmaq üçün bir sıra mənbələrdən istifadə olunur: dövlət reyestrlərində toplanan verilənlər, vətəndaşların məmnunluq göstəriciləri, sosial şəbəkələr, izləmə cihazları, veb-bruzerlərdə axtarış sorğuları, e-xidmət verilənləri.

O, mövcud demoqrafik tədqiqatlar haqqında məlumat verərək “Flickr”, “Twitter”, “Yahoo”, “Wikipedia”, “Google Map” kimi layihələrdən istifadə olunmaqla coğrafi məkanla bağlı məlumatların (xəritələr, videolar, şəkillər, marşrutlar) əldə olunduğunu dedi.

“Vahid əhali reyestrinin yaradılması demoqrafiya sahəsində mövcud məsələlərin həllində məlumatın toplanması, saxlanması, emalı üçün informasiya mənbəyidir”, – deyən məruzəçi bu reyestrin yaradılmasının demoqrafiya sahəsində mövcud məsələlərin həllində məlumatın toplanması, saxlanması, emalı üçün informasiya mənbəyi olduğunu bildirdi. O, əhali reyestrinin yaradılmasına dair ilk təcrübənin Skandinaviya ölkələrinə aid olduğunu diqqətə çatdırdı. Həmçinin vahid əhali reyestri sahəsində müxtəlif ölkələr üzrə təcrübələr haqqında məlumat verdi.

Beynəlxalq təcrübəyə əsasən əhali reyestrinə inteqrasiya olunan müxtəlif dövlət qurumlarını nəzərə çatdırdı. Bildirdi ki, buraya vətəndaşlıq, qeydiyyat şöbələri, miqrasiya xidməti, dövlət statistika orqanları, xəstəxanalar, notariuslar, məhkəmələr və daxili işlər orqanlarını aid etmək olar.

N.Axundova demoqrafik verilənlərin analizi üçün modelin işlənməsi çərçivəsində görülən işlərdən söz açdı. Xaricdə təhsil alan məzunların demoqrafik xarakteristikalarının analizi məsələsinə baxıldığını, müxtəlif reyestrdə toplanan məlumatların Python mühitində təhlil olunduğunu, 100 məzunun təhsil və fərdi məlumatlarından istifadə edildiyini qeyd etdi.

Tədqiqatların nəticələrindən danışan məruzəçi bildirdi ki, e-demoqrafiya sisteminin formalaşması üçün müxtəlif elektron dövlət reyestrləri yaradılmalıdır. Bu reyestrlər inteqrasiya olunduqdan sonra demoqrafik tədqiqatları daha dərin, effektli tədqiq etmək mümkün olacaq.

O, vahid əhali reyestrinin yaradılmasının əhalinin fasiləsiz monitorinqinə imkan verdiyini, fərdi identifikasiya nömrəsi vasitəsilə müxtəlif reyestrləri təhlil etməyin mümkün olduğunu nəzərə çatdırdı.

Sonda məruzəyə dair fikir mübadiləsi aparıldı, tədqiqatların daha da genişləndirilməsi istiqamətində sual, irad və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı