“Elmi kadrlar” Milli İnformasiya Sisteminin istismarı və inteqrasiyası məsələləri müzakirə edilib Mart 17, 2021 | 11:53 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “Elmi kadrlar” Milli İnformasiya Sisteminin istismarı və vahid platformaya inteqrasiyası ilə əlaqədar məsələlərin müzakirəsinə həsr olunmuş onlayn iclas keçirilib.

Öncə iclasda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli  Sərəncamından irəli gələn vəzifələr haqqında məlumat verib. Sərəncamda qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında, ümumiyyətlə, ölkə səviyyəsində elmi fəaliyyətin monitorinqi və proqnozlaşdırılması, analitik və statistik təhlillərin aparılması, elektron hesabat formalarının hazırlanması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, eləcə də elmi kadrlar haqqında vahid elektron informasiya sisteminin yaradılmasını zəruri olduğunu vurğulayıb.

Sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması və monitorinqi haqqında təqdimatla çıxış edib. O, “Elmi kadrlar” idarəetmə sisteminin strukturu, sistemə giriş forması, yeni istifadəçi qeydiyyatı haqqında məlumat verib.

F.Yusifov qeyd edib ki, “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması elmi kadrlar haqqında informasiya resurslarının formalaşdırılması, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsinə imkan verir. Sistemdən istifadə elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsinə, təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqi və qiymətləndirilməsinin aparılmasına şərait yaradır.

AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar idarəsinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva öz çıxışında 2019-cu ilin yanvar ayında İnformasiya Texnologiyaları İnstitutunda “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılmasına dair işçi qrupun təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu qrup tərəfindən sistemin konsepsiyası işlənilmiş və 2019-cu ilin oktyabr ayında proqram təminatı hazırlanmışdır. Yaradılan informasiya sistemi pilot layihə kimi ilkin olaraq İnformasiya Texnologiyaları İnstitutunda uğurla sınaqdan keçirilmişdir. Sistemin veb-saytı (http://elmikadr.science.az) science.az portalında, veilənlər bazası isə AzScienceNet şəbəkəsinin Data mərkəzində saxlanılır.

O, AMEA-da elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında müvafiq məlumatların mütəmadi olaraq yenilənməsinin, eləcə də gələcəkdə bu sistemin ölkə səviyyəsində digər sistemlərə inteqrasiya  olunması və vahid bir sistemin yaradılması zəruriliyini nəzərə alaraq elmi müəssisələr üzrə məsul şəxslərə elmi-metodoloji dəstək verilməsi ilə əlaqədar seminar-məşğələlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

İnstitutun proqramçısı Raqif İsmayılov “Elmi kadrlar” Milli İnformasiya Sisteminin xarakteristikalarını diqqətə çatdıraraq sistemin tələblərinin digər platformalarla müqayisəli şəkildə araşdırıldığını və geniş imkanlara malik Dot.Net 4.5. platformasının seçildiyini qeyd edib, proqramın hazırlanma mühiti ilə bağlı məlumat verib.

Məruzəçi sistemin həm proqramlaşdırma dilinin, həm də seçilmiş texnologiyaların müasir tələblərə cavab verdiyini, növbəti mərhələdə vahid paltformanın yaradılması və sistemin öz analoqları ilə inteqrasiyası üçün hər cür imkanların yaradıldığını diqqətə çatdırıb.

İclasda həmçinin bildirilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında sistemin istismarını həyata keçirəcək administrator və istifadəçilər üçün təlimatlar hazırlanmış, informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar İnformasiya Texnologiyaları İnstitutunda müəssisələrin direktor müavinləri, elmi katibləri və kadrlar şöbələrinin rəhbərləri üçün təlim-seminarları keçirilmişdir. Sistemə daxil edilən məlumatların dürüstlüyünə nəzarəti təmin etmək məqsədilə elmi müəssisə və təşkilatlarda məsul şəxslər təyin olunmuş və onlarla zəruri təlimat işləri aparılmışdır. Ötən müddət ərzində sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyət göstərməsi üçün işlər davam etdirilmiş və lazımi texniki dəstək göstərilmişdir. Hazırda sistemdə elmi kadr profil məlumatlarının yenilənməsi işləri davam etdirilir.

Onlayn görüşdə Milli İnformasiya Sisteminin istismarı və monitorinqi sahəsində işçi qrupun üzvləri - institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva, proqramçı Raqif İsmayılov və baş mütəxəssis Tural Mustafayev çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı