Ekoloji problemlərin həlli üçün Əşyaların İnternetinin tətbiqi yolları araşdırılır Mart 03, 2021 | 11:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək seminarın “Ekoloji problemlərin həlli üçün Əşyaların İnternetinin tətbiqi” mövzusuna həsr olunduğunu bildirdi. 

Məruzəni şöbənin əməkdaşı Orxan Mehdiyev təqdim edərək bildirdi ki, “Əşyaların İnterneti”nin (İnternet of Things, İoT) ekologiya sahəsində tətbiqi bütövlükdə ekosistemin vəziyyətini izləmək və təhlil etmək imkanı yaradan konsepsiyadır.

“Əşyaların İnterneti” (Əİ) termininin 2005-ci ildə keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının analitiklər qrupunun İnternetin vəziyyətinə həsr olunmuş hesabatında işləndikdən sonra diqqəti cəlb etdiyini qeyd edən məruzəçi vurğuladı ki, həmin hesabatda Əİ-nin potensialından səmərəli istifadə etmək üçün zəruri olan standartlaşdırma, şəxsi həyatın toxunulmazlığı, sosial-etik məsələlərin həll edilməsinin zəruriliyi qeyd edilirdi.

Tədqiqatçı ekoloji problemlərin qısa həlli ilə bağlı məlumat verərək diqqətə çatdırdı ki, hazırda müasir sivilizasiyanın təsiri nəticəsində bitkilərin məhvolma sürəti bütün müşahidələrin tarixi boyunca orta göstəricidən 350 dəfə çoxdur.

O. Mehdiyev 2017-ci ildə Cenevrədə keçirilən İoT Həftəsində “Davamlı İnkişaf üçün Əşyaların İnterneti” beynəlxalq bəyannamə qəbul olunduğunu bildirdi və onun bəndlərinə aydınlıq gətirdi: “Bunlara iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması, ətraf mühitin monitorinqi və s. aiddir.”

Sonra o, diqqətə çatdırdı ki, burada əsas hədəflər məsuliyyətli istehlak və istehsal, ucuz və təmiz enerji, yeni informasiya infrastrukturu, “ağıllı” şəhərlər və sağlam vətəndaşlardır.

Məruzəçi qeyd etdi ki, bu gün ənənəvi problemlərdən biri klassik enerji mənbələrinin tükənməsi, onların çətinliklə hasil olunması və uzaqdan insanların yaşadıqları məkanlara təhlükəsiz çatdırılmasıdır. Lakin  İoT və simsiz sensorlar texnologiyaları (Wi-Fi, Zigbee, LoRaWan və s.) bu gün iqlim dəyişikliyini proqnozlaşdırmaq və dünyanın istənilən bölgəsinin ekoloji vəziyyətini təhlil etmək üçün çox sayda imkanlar yaradıblar.

Daha sonra O.Mehdiyev Əşyaların İnternetinin tətbiqindən söz açdı. Bildirdi ki, son illərdə ətraf mühitin sensorları və məlumatların toplanması üçün mobil tətbiqlər əhəmiyyətli dərəcədə məşhurlaşıb, onların imkanları ətraf mühitin parametrlərinin ölçülməsindən  radiasiya səviyyəsinin ölçülməsinə qədər genişlənib.

Məruzəçi vurğuladı ki, meşələri qorumaq üçün təsadüfi seçilmiş ağaclara quraşdırılaraq qanunsuz ağac kəsilməsinə nəzarət etmək üçün “İnvisible Track” adlı sensor hazırlanıb. Cihaz vasitəsilə icazəsiz kəsilən ağac haqqında məlumat gizli sensordan monitorinq mərkəzinə ötürülərək hüquq-mühafizə orqanlarını hərəkətə gətirir.

Bundan əlavə, o, Avstraliya qitəsi boyunca Böyük mərcan rifində biokimyəvi məlumatlar toplayan sensorlu siqnal üzgəcləri, “Ağıllı Bigbelly” zibil konteynləri, Danimarka küçələrində quraşdırılan ağıllı işıqlandırma sistemləri, Waterbee” “ağıllı” suvarma sistemi və s. barədə məlumat verdi.

Sonda tədqiqatçı qeyd etdi ki, İoT-un inkişafı planetin ekoloji vəziyyətinə müsbət təsir göstərməlidir. Hələ tam istifadə olunmamış İoT texnologiyasının potensialı bəşəriyyətə ekoloji problemlərin yeni həll yollarını açır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı