Pilotsuz uçuş aparatlarının elmi-nəzəri problemlərinə dair məruzə dinlənildi Dekabr 02, 2020 | 10:27 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş onlayn elmi seminarda müzakirə olunan məsələlərdən biri də “Pilotsuz uçuş aparatlarının əsasları və elmi-nəzəri problemləri” mövzusuna həsr olunmuşdur.

Bu barədə institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva çıxış edərək müasir pilotsuz uçuş aparatlarının (PUA) yaranma tarixinin Birinci Dünya müharibəsinə təsadüf etdiyini dedi. PUA-ların ilk dövrlərdə hərbi məqsədlər üçün istifadə edildiyini diqqətə çatdırdı.

Məruzəçi həmin dövrlərdə ilk dəfə 1917-ci ildə Çarlz Ketterinq tərəfindən hava torpedolarının yaradıldığını, bu qurğunun “Kettering Bug” (Ketterinq böcəyi) adlandırıldığını söylədi.

Hazırda pilotsuz uçuş aparatlarının hərbi və mülki sahələrdə geniş tətbiq olunduğunu deyən tədqiqatçı manevrlilik, universallıq, xərclərin az olması və tətbiq olunma sadəliyinin PUA-ların əsas üstünlükləri olduğunu dedi. Əlavə etdi ki, hərbi sahədə PUA-lar gələcəyin döyüş meydanının əvəzolunmaz hissəsi hesab edilirlər.

Onun sözlərinə görə, mürəkkəb PUA şəbəkələrini kiber-fiziki sistem adlandırırlar. PUA ilə təchiz edilmiş kiber-fiziki sistem (CPS) ilk dəfə Milli Aeronavtika və Kosmos İdarəsi (National Aeronautics and Space Administration, NASA) tərəfindən kosmik fəzanın öyrənilməsi məqsədilə təklif edilmişdir. CPS-in əsas ideyası sensorlar, kommunikasiya, hesablama və idarəetmə kimi kiberprosesləri fiziki cihazlara inteqrasiya etməklə fiziki aləmi idarə etməkdir.  

Dronlar vasitəsi ilə obyektlərin aşkarlanmasının çox mürəkkəb məsələ olduğunu vurğulayan məruzəçi bildirdi ki, buna səbəb şəkillərdə küyün olması, bulanıqlıq, zəif ayırdetmə, hədəfin ölçüsünün kiçik olması və s. kimi vizuallaşdırma şərtləridir.

“Hazırda bir çox ölkələr smart dronlar vasitəsi ilə terror hücumlarına məruz qalırlar”, - deyən F.Abdullayeva dronların daha təhlükəli olmağa başladığını və hər kəsin onun birbaşa və ya dolayı hədəfinə çevrilə biləcəyini söylədi. Təhlükəsiz cəmiyyətin qurulması üçün vacib məsələlərdən birinin də zərərli dronların aşkarlanması, qarşısının alınması və məhv edilməsi üsullarını inkişaf etdirməkdən ibarət olduğunu nəzərə çatdırdı.

Tədqiqatçı bildirdi ki, PUA sistemləri kibertəhlükəsizliyi nəzərə almadan layihələndirildiyindən kiberhücumlara qarşı olduqca zəifdirlər. PUA bortunda pilotun olmaması bir sıra üstünlüklərlə yanaşı, uçuşa nəzarət proqram təminatının (flight controller software) təhlükəsizliyinin pozulmasına da səbəb olur. Bu isə öz növbəsində təhlükəsizlik, texniki təhlükəsizlik və ya məxfilik problemləri ilə nəticələnə bilir.

PUA-ların təhlükəsizliyi sahəsində ən başlıca prolem GPS spoofing-dir. GPS spoofing hücumçunun PUA-nı qəzaya uğratmasına və ya qaçırmasına imkan yaradır. GPS spoofing-in aşkarlanması sahəsində  çox sayda metodlar təklif edilmişdir. GPS (Global Positioning System) siqnalının xassələrinin proqnozlaşdırılması və öyrənilməsi hücumçuların PUA-nı idarə etməsinə və onu öz məqsədləri üçün istifadə etməsinə imkan yaradır. Ədəbiyyatda GPS Spoofing-in olub-olmaması orijinal trayektoriyadan kənaraçıxma kimi qiymətləndirilir. Spoofing hücumları elə hücumlardır ki, burada GPS siqnal sistemin naviqasiya sistemini manipulyasiya etmək məqsədi ilə hücumçunun generasiya etdiyi “feyk” koordinatlarla saxtalaşdırılır. PUA-lar GPS spoofing hücumlarına qarşı olduqca zəifdirlər.   

Məruzəçi diqqətə çatdırdı ki, dünya analitika təşkilatları PUA-lardan gələn gəlirin 2020-ci ildə 4 milyard dollardan 2025-ci ildə 40 milyard dollara çatacağını proqnozlaşdırır: “Son zamanlar dron xidmətlərinə olan tələbatın yüksəlməsi iqtisadi artıma səbəb olmuşdur. Buna görə də dünyanın aparıcı təşkilatları dronlarla bağlı müxtəlif sənədlər qəbul edirlər. Avropa Birliyinin 2017-ci ildə dərc etdirdiyi U-Space konsepsiyası çox sayda dronların hava məkanına etibarlı, səmərəli və təhlükəsiz girişini təmin etmək üçün təyin edilmiş yeni xidmətlər və xüsusi proseduralar çoxluğunu əhatə edir. U-Space smart şəhər konsepsiyasına bənzər konsepsiyadır”.

F.Abdullayeva bundan əlavə, ISO, NIST, ANSI kimi standartlaşma təşkilatlarının da bu sahədə aktiv fəaliyyət göstərərək müxtəlif təyinatlı standartları işləyib hazırladıqlarını dedi. Əlavə etdi ki, “Beynəlxalq Mülki Aviasiyası” konvensiyasının 8-ci maddəsi Pilotsuz Uçuş Aparatlarına həsr olunmuşdur. NIST, NSF, NASA kimi aparıcı təşkilatlar tərəfindən PUA-ların inkişaf etdirilməsi ilə bağlı silsilə qrant layihələri elan olunur.  

Çıxış ətrafında müzakirərlə aparıldı, pilotsuz uçuş aparatları ilə bağlı elmi tədqiqatların gücləndirilməsinə dair təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı