İnformasiya və biliklər iqtisadiyyatının innovativ perspektivləri tədqiq olunur Noyabr 18, 2020 | 12:27 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 2020-ci il üzrə hesabatı onlayn formada dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev cari ildə görülmüş işlər haqqında məlumat verdi.

Məruzəçi öncə şöbədə informasiya və biliklər iqtisadiyyatının innovativ perspektivlərinin çoxkriteriyalı  analiz üsulları vasitəsilə ekspert qiymətləndirməsi üçün bir sıra metodikanın, model, metod və alqoritmlərin təklif edildiyini bildirdi. Həmçinin İKT sektorunun müasir vəziyyətinin təhlili, perspektiv inkişaf potensialının araşdırılması və qiymətləndirilməsi göstəricilərinin işləndiyini qeyd etdi. İKT sektorunda məhsul/xidmət buraxılışının dinamikasının  təhlili ilə yanaşı olaraq, Big data, “Əşyaların İnterneti”, blokçeyn və s. kimi texnologiyaların bəzi müasir texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşmasına və idarəolunmasına təsirinin konseptual modelinin işləndiyini də diqqətə çatdırdı.

Şöbə müdiri, hesabat ilində həmçinin  informasiyaya, biliklərə əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşması və inkişafının təşəkkül mərhələləri və xüsusiyyətlərinin təhlil edildiyini bildirdi. 

Məruzəçi Dünya İqtisadi Forumunun 4.0 Sənaye inqilabı (Sənaye 4.0 – Industry 4.0) çağrışlarına müvafiq olaraq beynəlxalq təcrübə və ölkədəki vəziyyət haqqında məlumat verdi. IV Sənaye inqilabına keçid şəraitində informasiya, bilik, rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsini xarakterizə edən göstəricilərin və müasir inkişaf trendlərininin müəyyənləşdirildiyini qeyd etdi. İnnovasiya texnoparklarının fəaliyyətinin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində və idarə olunmasında çoxkriteriyalı ekspert qiymətləndirməsi sahəsində aparılmış tədqiqat işləri barədə  də məlumat verdi.

Ə.Əliyev hesabat ilində həmçinin özünün İnformasiya iqtisadiyyatı   sektorlarının  formalaşması   problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi mövzusunda dissertasiya işinin 30 sentyabr 2020-ci ildə institut seminarında müzakirə olunduğunu, dissertasiya işi üzərində tamamlama işlərinin yerinə yetirildiyini və onun rəsmi müzakirəyə təqdim olunma mərhələsində olduğunu da qeyd etdi. Bundan başqa böyük elmi işçi Roza Şahverdiyevanın “Texnoparkların  fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların  işlənməsi” mövzusunda dissertasiya işinin  müdafiəyə təqdim olunduğunu nəzərə çatdırdı.

Elmi-innovasiya fəaliyyətindən bəhs edən məruzəçi ölkədə gələcəkdə keçiriləcək “İnformasiya iqtisadiyyatının formalaşması: problemlər, vəzifələr və perspektivlər” mövzusunda respublika multidissiplinar elmi-praktiki konfransı  ilə əlaqədar hazırlıq işlərinin də yerinə yetirilidiyini qeyd etdi. 

Dövlət proqramlarında informasiya iqtisadiyyatı və innovasiya fəaliyyəti ilə əlaqədar müvafiq bəndlərin icrasında, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində” (2016) İnformasiya Cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn məsələlərin yerinə yetirilməsində iştirak edildiyini söylədi.  

Ə.Əliyev şöbə əməkdaşlarının elmi-texniki konfranslar və simpoziumlarda 4 məruzəylə iştirak etdiyini və tanınmış elmi jurnallarda 9 məqalənin dərc edildiyini, daha 3 məqalənin isə beynəlxalq bazalarda indeksləşən jurnallarda rəy mərhələsində olduğunu bildirdi.

Alim şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında da ətraflı məlumat verdi.

Məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabata dair fikirlərini bölüşərək yerinə yetirilən elmi tədqiqatları yüksək qiymətləndirdi, növbəti illərdə elmi innovasiyaların kommersiyalaşdırılması məsələsinin və İKT əsasında formalaşan yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının sosial iqtisadi aspektlərinin daha dərindən araşdırılmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı