Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri İyun 05, 2020 | 10:27 / Yeni nəşrlər

Məqalə vətəndaşların adlandırılması sistemi və milli identiklik məsələlərindən bəhs edir. Azərbaycanda vətəndaşların adlandırılması ilə bağlı mövcud problemlər araşdırılmışdır. Qloballaşma dövründə, informasiya cəmiyyəti mühitində bu problemlərin mümkün həlli yolları nəzərdən keçirilmişdir. Azərbaycan vətəndaşlarının ad və soyadlarının, bu sahədə tarixi ənənələrin, ad strukturunun ətraflı təhlili aparılmışdır. Bu sahədə xarici təcrübə araşdırılmışdır. Problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürülmüşdür.

Açar sözlər: ad, soyad, ata adı, təxəllüs, ləqəb, adlandırma, ad sistemi, milli identiklik.

Giriş

Xalqın tarixinin, yaşam tərzinin tərkib hissəsi olan insan adlarında xalqların həyatı, keçmişi, inancları, arzu və xəyalları, yaradıcılığı, sosial mühiti, əlaqələri və s. əks olunur (Аблитарова, 2015: 19-21). Azərbaycanın qlobal informasiya məkanına sürətlə inteqrasiyası bir çox taleyüklü məsələlər kimi ad və soyad sistemi və milli identiklik məsələlərinin araşdırılmasını da zəruri edir. Məlum olduğu kimi, qloballaşma prosesi bütün müsbət cəhətləri ilə yanaşı, xalqları öz milli xüsusiyyətlərini tədricən itirmək təhlükəsi ilə üz-üzə qoyur. Belə bir şəraitdə milli identikliyin qorunması, hüdudsuz və xaotik qlobal informasiya məkanında xalqın öz milli mənsubiyyətini asanlıqla ifadə edə bilməsi üçün təkmil, dayanıqlı və səmərəli mexanizmlər formalaşdırılmalıdır.

Ümumiyyətlə, xalqların milli identikliyini təmin edən əsas əlamətlər bunlardır: xarici görünüş; ad; vətəndaşlıq; dil; inanc; adət-ənənə; mətbəx; musiqi və s. Bu xüsusiyyətlərdən də göründüyü kimi, hər bir xalqın tarixən formalaşmış adlandırma sistemi böyük informativ yükə malik əsas milli identiklik göstəricilərindəndir. Çünki adlar, soyadlar və ata adları xalqların tarixi, psixologiyası, adət-ənənələri, məişəti, inancı, dünyagörüşü, elmi-mədəni səviyyəsi, istək və arzuları əsasında formalaşaraq inkişaf yolu keçir. Elə buna görə də onları xalqların əsas milli identifikatoru kimi qəbul edirlər. Bu baxımdan, müasir dünyamızın əsas reallıqlarından birinə çevrilmiş virtual məkanda hər bir azərbaycanlı üçün elə bir adlandırma mexanizmi yaradılmalıdır ki, bütün dünya azərbaycanlılarının milli identikliyini təmin edə, bizi başqa xalqlardan fərqləndirə bilsin.

Digər tərəfdən, məlum olduğu kimi, elektron dövlətin əhatə etdiyi bütün sferaları (e-səsvermə, e-təhsil, e-səhiyyə, e-ədliyyə, e-vergi, e-bank və s.) adlarsız təsəvvür etmək mümkün deyildir. Virtual məkanda yeni onomastik vahidlər (rəqəmsal antroponimik vahidlər) kimi çıxış edən FİN (Fərdi İdentifikasiya Nömrəsi) kodlar, e-poçt ünvanları, nikneymlər və s. çox zaman vətəndaşların real xüsusi adları əsasında formalaşdırılır. İnsanların real adları adi həyatda olduğu kimi elektron dövlət mühitində də onları identifikasiya edir. Ona görə də xüsusi adlarla bağlı bir sıra məsələlərin həlli, o cümlədən ad və soyad sisteminin təkmilləşdirilməsi, ad komponenti standartlarının yenidən müəyyənləşdirilməsi, adlardakı təhrif hallarının aradan qaldırılması, adlara dair informasiya resurslarının yaradılması və onlardan istifadə mexanizmlərinin işlənib hazırlanması, transliterasiya standartlarının yaradılması, adların orfoqrafiyası qaydalarının nizama salınması və s. bu günün aktual problemlərindəndir.

Azərbaycanda adlandırma sisteminin formalaşması tarixi

Tarixin ibtidai dövrlərindən başlayaraq sosial-kommunikativ ehtiyac kimi hər bir xalqın nümayəndələrinin özünəməxsus adlandırma ənənələri formalaşmışdır.

Aşağıdakı cədvəldə Azərbaycanın adlandırma sisteminin təşəkkülü və inkişafı verilmişdir:

Cədvəl 1. Azərbaycan milli adlandırma sisteminin inkişaf tarixi III-V əsrlərdən müasir dövrə kimi

 

III –V əsrlərdən müasir dövrə kimi

(Türk adlandırma sistemi)

Ad və -oğlu, -qızı sonluqları

Bu sonluqlar insanın valideynlərini bildirir:

Məsələn: Ulaş oğlu Salur Qazan; Bəybecan qızı Banıçiçək;Dirsə xan oğlı Buğac

VII-XVII əsrlər

(Ərəb adlandırma sistemi)

Ad və -nisbə (i-vi )

Bu sonluq insanın aid olduğu coğrafi məkanı bildirir. Məsələn:Xaqani Şirvani, Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, Qətran Təbrizi

Ad və -künyə (əbu, ümm)

Bu sonluqlardan əbu - atası, ümm anası mənasını verərək insanın valideynlik statusuna işarə edir. Məsələn: Əbu İmran (İmranın atası), Ümm Gülsüm (Gülsümün anası), Əbu Reyhan ( Reyhanın atası)

 Ad və -nəsəb (ibn)

Oğlu mənasını daşıyan bu sonluq insanın atasının adını bildirir. Məsələn: İbn Sina (Sinanın oğlu), İbn Haldun (Haldunun oğlu)

XIX əsrdən müasir dövrə kimi

(Fars adlandırma sistemi)

Ad və -zadə sonluğu

Bu sonluq fars dilində “törənmiş” mənası verərək insanın valideylərini, nəslini bildirir.

Məsələn: Fuad Köprülzadə, Əli bəy Hüseynzadə, Əzizə Cəfərzadə. 

XX əsrdən müasir dövrə kimi

(Rus adlandırma sistemi)

 Ad və -ov2-yev2; -ski2; -oviç, -ovna, və s. sonluqları

Bu sonluqlardan –ov, -yev mənşə etibarilə “oğlu” mənası verərək, insanın atasının adını bildirir. Məsələn: Yusif Məmmədəliyev, Əşrəf Hüseynov, Nəsibə Zeynalova.   

Rus soyad sisteminə polyaklardan keçmiş –ski sonluğu şəxsin aid olduğu məkanı, xalqı işarələyir. Məsələn: Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əhməd Ağdamski

Rus adlandırma sistemi üçün xarakterik olan -oviç, -ovna kimi sonluqlar isə soyad bildirməsə də, ata adının göstəricisi kimi, bəzən azərbaycanlı adlarında da istifadə olunur: Mamed Rəhmanoviç, Səriyyə Əhmədovna və s.

XX  əsrin 80-ci illərinin sonlarından müasir dövrə kimi

(Müasir soyad sistemi)

Ad və -lı4; xanlı-bəyli, sonluqsuz; -ov2-yev2;

 -zadə; -gil;-soy; oğlu-qızı;-ski2, -i, -vi sonluqları

 

Qədim türklərin, o cümlədən azərbaycanlıların da adlandırma sistemi spesifik xüsusiyyətlərə malikdir. Qədim türkdilli abidələr, o cümlədən Orxon-Yenisey kitabələri, M.Kaşğarinin “Divanü-lüğat-it-türk” əsəri, “Kitabi-Dədə Qorqud” dastanları və bir sıra etnoqrafik məlumatlar türk xalqlarında adlandırma ənənələrinin çoxqədimliyini və sistemliliyini göstərir (Həsənov, 1990: 9-11).

Qeyd edək ki, müxtəlif xalqlarda nəsil adı ilə adlandırma ənənələri nə qədər qədim olsa da, “familiya (soyad)” termininin özü eramızın III-IV əsrlərində yaranmışdır. Latın dilində “ailə”, “qohum-əqrəba”, qulluqçular da daxil olmaqla bütün ev əhlinin cəmini bildirən “familiya” ictimai-tarixi hadisə kimi IV əsrdə İngiltərədə, X-XI əsrlərdə İtaliyada, XV-XVI əsrlərdə Danimarkada, XIV-XVIII əsrlərdə Macarıstanda, XVIII əsrdə Şotlandiya və İrlandiyada yayılmışdır. Familiya 1926-1934-cü illərdə Mustafa Kamal Atatürk tərəfindən Türkiyədə, təxminən eyni tarixdə İranda, 50-ci illərdə Misirdə, 1959-cu ildə Tunisdə rəsmiləşdirilmişdir (Paşa,1997: 91). Təşəkkül tapdığı ilk çağlardan yüksək sosial status nişanəsi, zadəganlıq göstəricisi sayılması familiyalara marağın artmasına və onların kütləviləşməsinə böyük təsir göstərmişdir. İlk vaxtlar familiyalardan adi insanlar deyil, daha çox zadəganlar istifadə edirdilər. Hətta qədim İngiltərədə yoxsul ailədən olan oğlanın zadəgan ailəsindən qızla ailə qurarkən qızın familiyasını (soyadını) götürməsi ənənəsi vardı (Həsənov, 1990: 9-11).

Rus ad sisteminə isə familiya 1703-cü ildə I Pyotrun hakimiyyəti zamanında tətbiq olunmuş və əsasən, dövlət xadimlərinə, knyaz və mülkədarlara verilmişdir. I Pyotr özü zadəganları fəxri ad kimi familiyalarla (soyadlarla) mükafatlandırırdı. Rusiyada familiyaların formalaşmasında türk mənşəli rus boyarlarının böyük rolu olmuşdur. Ona görə indi də rus adlandırma sistemində türk mənşəli familiyalar əhəmiyyətli yer tutur (Баскаков, 1992).

XIX əsrə doğru Rusiyada cəmiyyətin sosial inkişafının təsiri ilə soyadlardan istifadə meyli tədricən artıb kütləviləşdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkib hissəsi olan Azərbaycanda rəsmi sənədləşmə işlərinin rus dilində aparılması və bu zaman vətəndaşların soyadının ənənəvi qaydada oğlu, qızı, uşağı sonluqları ilə deyil, ov/-yev, -ova/-yeva sonluqlarından istifadə etməklə rus familiyalarına bənzər onomastik vahidlərlə qeyd edilməsi xalqımız arasında bu cür familiyaların süni formada yayılmasına rəvac verdi. Həmin dövrdə Azərbaycanda savadsızlığın kütləvi xarakter daşıması da -ov/-yev, -ova/-yeva sonluqlarının geniş yayılmasına əlverişli şərait yaratdı (Çobanov, 1998:116).

Ötən əsrin 30-cu illərində, Stalin irticası zamanı süni familiyalaşdırma meyli xüsusilə geniş vüsət aldı. -Oğlu, -qızı kimi yüksək informativ milli identiklik gücünə malik soyad sonluqları tədricən sıradan çıxarılaraq və ata adından sonra yazılaraq yalnız cins mənsubiyyətini ifadə etməklə məhdudlaşdı.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra bu sahədə vəziyyətin nizamlanması məqsədilə Milli Məclisin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması” haqqında 2 fevral 1993-cü il tarixli qərarına əsasən, Azərbaycan vətəndaşlarına soyadlarındakı -ov/-yev, -ova/-yeva sonluqlarını “zadə”, -lı, “oğlu”, “qızı” sonluqları ilə əvəz etmək və yaxud öz soyadlarını sonluqsuz yazmaq imkanları verilmiş, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təsdiqlənmişdir. Bununla belə mövcud reallıq, cəmiyyətimizdə adlar və soyadlar sisteminin hələ tam nizama düşmədiyini və qlobal şəraitdə xalqımızın milli identikliyi ilə bağlı yeni problemlərin ortaya çıxdığını göstərir (Cəfərov, 2015:112-113).

Müstəqillik illərində, xüsusilə dünyaya yeni gələn körpələrin soyadlarında -ov/-yev, -ova/-yeva sonluqlarının çəkisi xeyli azalmışdır (“Adlar və Soyadlar”, 2010). Amma bunun bir çox hallarda «zadə» və sonluqsuz formalardan istifadə meylinin artması hesabına baş verməsi, eyni zamanda-ov/ -yev, -ova/ -yeva sonluqlarının hələ də qalması bu cür soyadları daşıyan vətəndaşlarımızın qlobal mədəniyyət müstəvisində digər türkdilli xalqlardan və başqa müsəlman ölkələrinin vətəndaşlarından fərqləndirilməsində, identifikasiya olunmasında ciddi çətinliklər yaradır. Nəzərə almaq lazımdır ki, bizim istifadə etdiyimiz adların əksəriyyəti, eləcə də bəzi soyad sistemləri bu xalqlarla müştərəkdir. Sonluqsuz formada yaradılmış soyadlar isə türk və müsəlman dünyasında xeyli işləkdir. Ona görə də bu formalar beynəlxalq aləmdə xalqımızın nümayəndələrinin identifikasiya olunmasında çox ciddi qeyri-müəyyənlik yaradır. Digər tərəfdən, Azərbaycan Respublikası vətəndaşlarına verilən ümumvətəndaşlıq, xidməti, diplomatik pasportlarda, eləcə də beynəlxalq statuslu sürücülük vəsiqələrində, dənizçilik sənədlərində və s. ingiliscə oğlu, qızı sözlərinin yazılmaması, üstəlik də həmin sənədlərdə ata adının ingilis dilində göstərilməməsi vəziyyəti xüsusilə çətinləşdirir (Şəkil 1.). Qlobal kommunikasiya mühitində, Azərbaycanda və ölkə sərhədlərindən kənarda əcnəbilərin vətəndaşlarımıza konkret ad komponenti ilə müraciətdə çətinlik çəkmələri, tez-tez komponentləri qarışıq salmaları müşahidə edilir. Bundan başqa, beynəlxalq mühitdə şəxsin milli identifikliyini müəyyən edən əsas göstəricilərdən biri olan ata adı itmiş olur. Eyni zamanda, bu anormal hal milli mentalitetimizə görə hər övlad üçün müəyyən mənada mənəvi discomfort da yaradır.

 

Milli adlandırma sisteminin strukturu

Hazırda mövcud qanunvericilik aktlarının tətbiqi nəticəsində ad və soyadların seçilməsi və qeydiyyatı prosesi xeyli təkmilləşdirilsə də, ad və soyadların qeydiyyatı prosesində də müəyyən problemlər hələ qalmaqdadır. Burada ən əhəmiyyətli məsələlərdən biri adlandırma strukturunun düzgün qurulmasıdır.

Adlandırma sistemi müxtəlif xalqlarda fərqli olur. Azərbaycanda adlandırma sistemi biradlılıqdan çoxadlılığa doğru inkişaf etmişdir (Çobanov, 1998: 99). Məsələn, Tural (biradlı), Tural Əli oğlu (iki adlı), Tural Əli oğlu Məmmədli (üçadlı). Bütün bunlar, təbii ki, tarixi inkişafın, ictimai təkamül prosesinin nəticəsidir. Əvvəllər insanlar məhdud sosial kommunikasiya mühitində fəaliyyət göstərirdilər. Kənd, tayfa, icma şəraitində onlara bir ad kifayət edirdi. İnsanın əlavə identik əlamətlərlə başqalarından fərqləndirilməsinə ehtiyac qalmırdı. Bu mühitdə eyniadlı şəxslər meydana çıxdıqda isə onları bir-birindən fərqləndirmək üçün ayamalardan, ləqəblərdən istifadə edilirdi. Adətən, məşğul olduğu sənətin adını insana qoyur, yaxud onun hansısa fiziki əlamətindən, fərdi keyfiyyətindən ləqəb qoşurdular (məs.: Dəmirçi, Pinəçi, Uzun, Keçəl, Qara, Sarı, Kürən və s.). Amma fərdlər geniş məkanda, qəsəbə, şəhər çevrəsində sosial əlaqələrə, gündəlik birgə yaşayış, iş, təhsil və s. mühitinə daxil olub onlarla eyni adı daşıyan başqaları ilə qarşılaşdıqca yeni fərqləndirici informativ əlamətlərin yaranması ehtiyacı ortaya çıxdı. Beləliklə, ata adı, soyad hesabına adlandırma komponentlərinin sayı artdı.

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi hazırda vətəndaşın yalnız bir adla, eləcə də ləqəblərlə, təxəllüslərlə qeydiyyata alınmasına imkan vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci, eləcə də "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 1.3-cü maddəsinə əsasən, hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir (ARNQK, 12 may 2011).

Əfsuslar olsun ki, müvafiq normativ-hüquqi aktlarda təsbit edilmiş bu dəqiq ardıcıllığa –ad/ata adı/soyad–rəğmən müxtəlif təşkilatların gündəlik fəaliyyətində aparılan sənədləşmə zamanı həmin ardıcıllıq pozulur və bu sahədə milli identiklik modelinin əsası olan dəqiq, stabil milli adlandırma sistemi formalaşdırılmır. Məsələn, Azərbaycan Respublikasının vətəndaşlarına verilən şəxsiyyət vəsiqələrində soyad/ ad/ ata adı ardıcıllığından istifadə olunur. Digər rəsmi sənədlərdə də bu komponentlər yerini dəyişir, ad, ata adı, soyad ardıcıllığına əməl edilmir, inisial yazılarından istifadə olunur, şəxsin kimliyini müəyyən etmək çox çətinləşir, bəzən heç mümkün olmur. Beləliklə, eyni bir şəxsin adlandırılmasında yol verilən və qeyri-müəyyənlik yaradan çoxvariantlılıq nümunələrinə diqqət yetirək:

Belə çoxvariantlılıq beynəlxalq kommunikasiya mühitində fərdin milli identifikliyini daha da çətinləşdirir. Üstəlik bura, xüsusi adların qeyd olunduğu Azərbaycan əlifbası və xarici dillərin əlifbaları arasında transliterasiya ilə bağlı problemləri də əlavə etsək, məsələn, ingilis dilinə transliterasiya zamanı dilimizdəki müvafiq sait və samitlərin (ə e a, q g, q k, h q, x kh və s.) dəyişdiyini nəzərə alsaq, vəziyyətin necə mürəkkəb şəkil aldığını görərik.

Xalqların adlandırma sistemində heç bir hal, təbii ki, təsadüfən yaranmır və bu cür nizamsızlığın da tarixi sosial kökləri vardır. Məsələn, doğum evində yenicə dünyaya gəlmiş uşaq hələ adı olmadığından başqa körpələrlə qarışıq düşməməsi üçün atanın, yaxud ananın soyadı ilə identifikasiya edilir, beləliklə soyad önə keçir.

Yaxud təhsil illərində şagirdlərin və ya tələbələrin qeydiyyatının aparıldığı davamiyyət jurnallarında adlandırma qeydi üçün müəyyən edilmiş yer məhdud olduğundan, bəzən vaxta qənaət və sadələşdirmə zərurəti ilə soyadlar bütöv, ad və ata adları isə baş hərfləri - inisialları ilə yazılır. Amma bütün hallarda nəzərə almaq lazımdır ki, ad/ ata adı/ soyadardıcıllığı tarixi təkamül prosesinin ortaya çıxardığı bir identifikasiya modelidir. Adlandırma sistemimizdə müxtəlif təsirlərlə yaranmış nizamsızlığın aradan qaldırılmasına, ad/ ata adı/ soyadardıcıllığının dəqiq norma kimi qəbul olunmasına və bütün sənədləşmələrdə, elektron resurslarda adların vahid struktur üzrə yazılmasının təmin edilməsi hesabına sabit milli standartların möhkəmləndirilməsinə indi çox böyük ehtiyac vardır.

Hazırda ölkəmizdə formalaşmaqda olan e-dövlət mühitində, ayrı-ayrı elektron reyestrlərdə vətəndaşların identifikasiya olunması çox böyük çətinliklərlə üzləşir. Belə ki, vətəndaşa məxsus FİN kodu altında müxtəlif variasiyalarda yazılmış ad/ata adı/ soyadları toplamaq lazım gəlir. Bu isə çox çətin, böyük zəhmət tələb edən prosesdir. Bəzən isə onları bir FİN kod altında identifikasiya etmək, ümumiyyətlə, mümkün olmur. Bu zaman şəxsin digər əlamətlər üzrə axtarılması zərurəti meydana çıxır. Elektron sistemlərdə isə belə dəqiq bir intellektual imkan olmadığından bu, çox vaxt aparır, sorğular göndərilir, digər qurumların resursları cəlb olunur, bəzən də obyektiv və subyektiv səbəblərdən axtarışlar yanlış nəticələr verir. Bundan başqa, şəxslərin ad, ata adı və soyadının yazılışındakı müxtəliflik internet axtarış sistemlərində konkret şəxslərlə bağlı axtarışların aparılmasında natamamlıq, fərqli nəticə və s. yaradır.

Milli adlandırma sisteminin psixolinqvistik aspektləri

Yuxarıda qeyd olunanlarla yanaşı, ayrı-ayrı şəxsiyyətlərin həyat və fəaliyyəti, öz ad və soyadlarına qazandırdıqları tarixi mənalarla simvollaşan, eləcə də sosial-mədəni status, şöhrət, nüfuz və s. assosiasiyaları yaradan ad komponentləri də vardır. Həmin komponentlərin sırasının pozulması onların ifadə etdiyi assosiativ mənaya da xələl gətirir. Məsələn, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Həzi Aslanov, Mirzə İbrahimov ardıcıllığının insan təfəkkürünə ötürdüyü psixoloji informasiya Hacıbəyli Üzeyir, Behbudov Rəşid, Aslanov Həzi, İbrahimov Mirzə ardıcıllığının doğurduğu təsəvvürlə eyni deyildir.

Bir fərd böyüyüb şəxsiyyətə çevrildikcə ona müraciət forması da dəyişir. Uşaq bağçası, məktəb, ali məktəb, hərbi xidmət və s. dövründə fərdin kimliyi qanunla qeyd olunduğu kimi ad/ata adı/soyadardıcıllığı ilə yox, tərsinə, yəni soyad/ ad/ ata adıardıcıllığı ilə qeyd olunur. Əmək fəaliyyətinə başlayaraq ictimaiyyət arasında tanındıqca, yaşa dolduqca ad soyaddan önə keçir. Ona görə də qeydiyyat sənədlərində adlarla bağlı rast gəlinən nizamsızlıqlar şəxsiyyətin kimliyinin, yaşının, cəmiyyətdəki statusunun müəyyənləşdirilməsində də çətinliklər yaradır. Bəzən şəxsin şərəf və ləyaqətinə xələl gətirmək, nüfuzunu kiçiltmək məqsədilə onun ad və soyad ardıcıllığının dəyişdirilməsi hallarına da rast gəlinir.

Ad, ata adı və soyadların vahid milli standartının müəyyənləşdirilməsini zəruri edən digər mühüm bir amil də vardır. Məlum olduğu kimi, hazırda Azərbaycan qanunvericiliyi ölkə vətəndaşlarına şəxs adı və sonluqsuz soyad (Rəsul Rza), yaxud təxəllüs (Səməd Vurğun) və ya oğlu-qızısonluqları ilə yaradılmış soyadlarla (Emin Sabitoğlu) qeydiyyata alınmaq imkanı verir. Bu formalardan istifadə meyli kütləviləşdikcə oğlu, qızı yazılmayan ikinci komponentin hansı məna daşıdığını, yəni ikikomponentli şəxs adı, həmin şəxsin adının bir hissəsi, ata adı, nəsil adı, yoxsa təxəllüs olduğunu müəyyənləşdirməkdə, son nəticədə isə fərdi eyniləşdirməkdə çətinliklər yarana bilər. Məsələn, görkəmli Azərbaycan şairi Məmməd Arazın həyat və yaradıcılığı ilə tanış olmayan şəxs bu ad və təxəllüsə ilk dəfə rast gələrkən, onun hansı hissəsinin ad, hansı hissəsinin isə təxəllüs olduğunu aydınlaşdırmaqda çətinlik çəkəcək. Ona görə də adlandırma sistemində komponentlərin hər birinin yeri dəqiq göstərilməlidir ki, gələcəkdə bu cür çətinliklər ortaya çıxmasın.

Beynəlxalq təcrübədə adlandırma sistemi

Azərbaycanda vətəndaşların bütün sənədlərdə qeydiyyatı prosesinin ad/ ata adı/ soyad, ata adının yazılması zəruri olmadıqda isə ad/ soyad ardıcıllığına əsaslanan dəqiq, vahid standart üzrə həyata keçirilməsi beynəlxalq təcrübəyə də uyğun olardı. Belə ki, bir sıra ölkələrdə də ilkin ad (first name), orta ad (middle name) və son ad (last name) komponentlərindən təşkil olunmaqla üçkomponentli adlandırma modellərindən istifadə edilir. Bu adların mahiyyəti mədəniyyətlərdən asılı olaraq dəyişir.

İlkin ad (first name). İlkin ad doğularkən şəxsə verilmiş addır. Azərbaycanın milli adlandırma sistemində olduğu kimi bütün başqa xalqlarda da hər bir şəxsin ilkin adı olur.

Orta ad (middle name). Qərb mədəniyyətinə görə, bəzən uşağa bir deyil, iki ad verilir. Bir sıra hallarda isə hətta üç ad qoyulmasına da rast gəlinir. Adətən, ikinci ad atanın, yaxud babanın, nənənin və ya ananın şərəfinə qoyulur və bu middle name kimi işlənir. Middle name şəxsə verilmiş adla yanaşı, soyadın da tərkibində ola bilər. İngiltərədə, Avstriyada, Kanadada, Yeni Zelandiyada, ABŞ-da əcdadların (ata, baba, ana, nənə) şəxs adlarından (forename) onların şərəfinə tez tez middle name kimi istifadə olunur (The Use of Middle Names). Danimarkada və Norveçdə isə middle name familiya anlamı daşıyır. Middle name kimi ananın qızlıq familiyası, yaxud əcdadlardan hansısa birinin “last name”i seçilə bilər. “Middle name”lərin bir neçə komponentdən ibarət olması mümkündür. Amma komponentlərinin sayı ikidən çox olan “middle name”lərdən istifadə təcrübəsi xarakterik deyildir. Filippində middle name kimi əsasən, ananın qızlıq familiyasından istifadə olunur. ABŞ-da middle name-dən çox tez-tez abbreviatura formasında istifadə edilir. Məsələn, Mary Lee Bianchi -  Mary L. Bianchi və s. (The Use of Middle Names). Tərkibində “middle name”lər olan ad komponentlərindən istifadə təcrübəsi Türkiyədə də geniş yayılmışdır: Ali Galip Yigit, Hüseyn Gürhan Tuncer, Orhan Şaik Gökyay, Necip Fazil Kısakürək və s.

Azərbaycanda da bu cür adlandırma komponentlərinə, az da olsa, təsadüf edilir: Ceyhun Təyyar Paşayev, Həmzə Nihad Həmidov, Əli Rza Xələfli və s. Bu cür ad modellərinin ortaya çıxmasında Türkiyə mədəniyyətinin təsiri istisna olunmamalıdır.

Son ad (last name və ya surname). Son ad şəxsin konkret bir ailəyə, nəslə mənsubluğunu bildirən ad komponentidir. Last name ifadəsinin sinonimləri familiya, yaxud ailə adıdır. Bu mənada “last name”ləri soyadlar kimi nəzərdən keçirmək olar.

5. Adlandırma sistemi ilə bağli texniki həllər

Artıq dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da biometrik pasportların və yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanmışdır. Biometrik pasport - Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ing. International Civil Aviation Organization –ICAO) müəyyən etdiyi yüksək texnologiya və təhlükəsizlik elementləri əsasında hazırlanır (az.wikipedia.org/wiki/Pasport). Bu pasportlarda adlandırma ilə bağlı texniki-hüquqi standartlar ICAO-nun “Maşın oxuya bilən səfər sənədləri” (Machine Readable Travel Documents) üzrə təlimatı əsasında tənzimlənir (az.wikipedia.org/wiki/Pasport).

Təlimata uyğun olaraq biometrik pasportun 2 zonası var: 1) Vizual yoxlama zonası; 2) Maşının oxuduğu zona.

a) Biometrik pasportun vizual yoxlama zonası:

 

Vizual yoxlama zonasında pasport sahibinin adı iki hissədən ibarətdir: 1) əsas ad; 2) ikinci dərəcəli ad. Soyad burada əsas, şəxsin öz adı isə ikinci dərəcəli ad sayılır. Bu zonada adların yazılmasından ötrü böyük hərflərdən istifadə edilir. Almanlarda zadəgan nəslinə aidlik mənası verən “fon”, şotland və irlandlarda “oğlu” mənası verən “Mc”, yaxud fransızlarda nəsil mənsubiyyəti bildirən “de la” kimi sözönlərini isə həm kiçik, həm də böyük hərflərlə yazmağa icazə verilir.

Pasportda titulları, akademik dərəcələri, fəxri adları, mükafatları, irsi statusları və s. bildirən sözönləri və şəkilçilərdən, rəqəmlərdən, əsasən, istifadə olunmur. Bu, yalnız müvafiq dövlət idarəsi onların adın ayrılmaz bir hissəsi olduğunu rəsmi şəkildə təsdiqlədikdə mümkündür.

Biometrik pasportun maşın oxuyan zonasında da soyad əsas, şəxsin öz adı ikinci dərəcəli ad sayılır, əsas və ikinci dərəcəli adlar bir-birindən < işarəsi vasitəsilə ayrılır. Bu zonada adın tərkib hissəsi kimi rəqəmlərdən, apastrof, defis, vergül və s. kimi durğu işarələrindən istifadə olunmur.

Vizual yoxlama zonasında isə dövlətlər məlumatların daha da dəqiqliyi, fərdin identifikasiyası məqsədilə öz milli işarələrindən, yaxud latın əlifbasına daxil olmayan hər hansı başqa işarələrdən istifadə edə bilərlər. Ona görə də bəzi hallarda maşının oxuduğu zonadakı adlar tərtibat baxımından vizual yoxlama zonasındakı adlarla tam üst-üstə düşməyə bilər.

Göründüyü kimi, biometrik pasportların və yeni nəsil şəxsiyyət vəsiqələrinin vizual yoxlama zonasında xalqımızın milli identikliyinin əsas antroponimik əlaməti kimi çıxış edən “oğlu” və “qızı” sözlərinin yazılmasından ötrü də heç bir hüquqi və texniki məhdudiyyət yoxdur. “fon”, “Mc”, “de la” sözönləri kimi azərbaycanlılara xas “oğlu”, “qızı” sözlərindən də pasportlarda sonluq kimi istifadə edilə bilər. Bu sonluqlar beynəlxalq səviyyədə böyük əhəmiyyət daşıyır. Belə ki, oğlu, qızı sözləri beynəlxalq aləmdə bəzən şəxsin digər yaxın xalqlarla müqayisədə milli identikliyini təmin edən yeganə indikator rolunu oynayır.

Nəticə

Aparılan təhlillər əsasında Azərbaycan Respublikasında adlandırma sisteminin təkmilləşdirilməsi və həm ölkə daxilində, həm də qlobal informasiya məkanında xalqımızın milli identikliyinin təmin olunması məqsədilə aşağıdakı təkliflər irəli sürülür:

1. Ölkə üzrə bütün sənədləşmə və qeydiyyat işlərinin ardıcıllığın saxlanması şərtilə aşağıdakı formatlar üzrə aparılması:

1.1. Komponentlərin hər birinin yazılması zəruri olduğu hallarda ad/ ata adı/ soyad formatı

1.2. Ata adının yazılmasının zəruri olmadığı hallarda ad/ soyad formatı

1.3. Ata adı inisialının göstərilməsinin zəruri olduğu hallarda: ad/ ata adının ilk hərfi/ soyad formatı

2. Beynəlxalq aləmdə fərdin milli identifikliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarına verilən biometrik pasportlarda və yeni nəsil şəxsiyyət vəsiqələrində həm Azərbaycan, həm də ingilis dilində addan sonra ata adının daxil edilməsi və mütləq “oğlu” və “qızı” sözlərinin əlavə olunması.

Bu gün yeni inkişaf mərhələsində tarixi nailiyyətlər qazanan, qlobal proseslərin fəal subyektinə çevrilən Azərbaycan dövlətinin adlar vasitəsilə xalqın milli identikliyinin ifadəsi məsələsini yenidən nəzərdən keçirməsi, Azərbaycançılıq ideologiyası çərçivəsində, tarix və müasirlik işığında bu problemin həlli yollarının tapılması xalqımızın gələcəyinə, informasiya cəmiyyətinin inkişafına, milli şüurun, özünüdərk hissinin daha da yüksəlişinə töhfə olardı.

Akademik Rasim Əliquliyev, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərov, baş mütəxəssis Əfruz Qurbanova

"Türkologiya" jurnalı, 2020-ci il

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı