“IV sənaye inqilabı: sosial-iqtisadi trendlər və çağırışlar” mövzusunda məruzə dinlənildi Fevral 28, 2020 | 05:16 / Konfranslar, iclaslar

Fiziki dünya ilə virtual dünya arasında sıx əlaqələr yarandıqca dünyada gedən bütün proseslər şəffaflaşacaq.

Bu gün  AMEA İnformasiya Texnologiyaları İnstitutunda “IV sənaye inqilabı: sosial-iqtisadi trendlər və çağırışlar” mövzusunda məruzə dinlənildi.

İnstitutun şöbə müdiri Rasim Mahmudov mövzuya dair çıxış edərək öncə beynəlxalq təhlükəsizliyin yeni trendləri haqqında məlumat verdi. Buraya dronlar, özüidarəolunan hərbi texnika, kosmosun hərbiləşməsi, bioloji və biokimyəvi silahlar, eləcə də sosial şəbəkələrin daxil olduğunu qeyd etdi.  

İqtisadiyyatın transformasiyasından söhbət açan məruzəçi müasir dövrdə informasiya asimmetriyasının aradan qalxdığını, virtual bazarın formalaşdığını və bazarın öz vasitəçilik funksiyasını itirdiyini diqqətə çatdırdı. Şöbə müdirinin sözlərinə görə, artıq bazarın qiymətyaratma funksiyası transformasiya olunur, biliklər iqtisadiyyatı bazar prinsiplərini pozur.

“Fiziki dünya ilə virtual dünya arasında sıx əlaqələr yarandıqca dünyada gedən bütün proseslər şəffaflaşacaq” – deyən R.Mahmudov baş verən bütün hadisələrin  real  zaman  rejimində monitorinqinin aparılacağını, cinayət əməllərini törətməyin əvvəlki kimi asan olmayacağını, eləcə də təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini qeyd etdi.

Əmək bazarının əsas trendlərini diqqətə çatdıran şöbə müdiri bildirdi ki, proqnozlara görə, robototexnika və avtonom nəqliyyat vasitələrinin inkişafı ilə əlaqədar işçilərə tələbat azalacaq, əmək intellektuallaşacaq və ali təhsilli işsizlərin sayı artacaq.

Sonra məruzəçi peşə trendləri və əsas bacarıqlardan danışdı. Onun sözlərinə görə,  yaxın gələcəkdə insanlardan mürəkkəb və kompleks məsələləri həll etmək, informasiya texnologiyaları sahəsində xüsusi bacarıqlar, eləcə də orijinallıq, təşəbbüskarlıq, kreativlik, analitik təfəkkür tələb olunacaq.

R.Mahmudov 2025-ci ilə dair proqnozları da diqqətə çatdırdı: “Əhalinin 10%-nin İnternetə qoşulan paltarlar geyinəcəyi, ABŞ-da ilk robot-əczaçıların peyda olacağı, bu ölkədə pilotsuz avtomobillərin 10%-ə çatacağı və s. əsas proqnozlar sırasındandır”.

Tədbirdə demoqrafik dəyişikliklər, əhalinin qocalmasının yaratdığı problemlər, insan-süni intellekt münasibətləri və bu münasibətlərin modelləri, robotların fəaliyyətinin hüquqi tənzimlənməsi, eləcə də bir sıra beynəlxalq hüquqi sənədlər haqqında da məlumatlar verildi.

Həmçinin süni  intellekt, pilotsuz  avtomobillər, Big  data texnologiyaları, 3D-çap və 3D-istehsal, “ağıllı”  şəhərlər və evlərin müsbət və mənfi tərəfləri nəzərə çatdırıldı.

Sonda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək müzakirəyə çıxarılan məsələlərin əhəmiyyətini önə çəkdi. Bildirdi ki, IV sənaye inqilabı istiqamətində həm yerli, həm də beynəlxalq təcrübəyə əsaslanaraq makro tədqiqatlar aparılmalı, əldə olunan nəticələr məqalələrdə əks olunmalıdır.

Məruzə seminar iştirakçılarının böyük marağına səbəb oldu, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı