Akademik Rasim Əliquliyev: “Azərbaycan alimləri IV sənaye inqilabı ilə bağlı mühüm tədqiqatlar aparıb” Fevral 28, 2020 | 04:30 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq müasir dövrdə IV sənaye inqilabının aktuallıq kəsb edən məsələlərdən olduğunu, bu istiqamətdə müxtəlif yanaşmalara dair müzakirələrin aparılmasının vacibliyini qeyd etdi.

Sonra institutun direktor müavini Şakir Mehdiyev “IV sənaye inqilabı: tarixi, müasir vəziyyəti və gələcəyə baxış” mövzusunda çıxış etdi. Cəmiyyətin inkişaf mərhələləri, inqilabların təsnifatı barədə danışan məruzəçi istehsal proseslərinin ön plana çıxdığı, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan sənaye cəmiyyətinin xüsusiyyətləri haqqında məlumat verdi.

Məruzəçi alət və istehsalın inqilabi dəyişiklikləri hesab olunan sənaye inqilabı termininin 1830-cu illərdə fransız iqtisadçısı Cerom-Adolf Blankin tərəfindən işləndiyini qeyd etdi, eləcə də sənaye inqilablarının xüsusiyyətlərini diqqətə çatdırdı.

Birinci sənaye inqilabının formalaşma mərhələləri, əsas xüsusiyyətləri barədə danışan Ş.Mehdiyev sənaye inqilabının fərdi mülkiyyət və müqavilə öhdəliklərini qoruyan qurumların yaradılması, müstəqil və effektiv məhkəmə sistemi, istehsal amilləri bazarının formalaşması və elmin inkşafı kimi iqtisadi və sosial amillərinin olduğunu vurğuladı.

Onun sözlərinə görə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərini əhatə edən dünya sənayesində baş verən transformasiya prosesi ikinci sənaye inqilabının yaranmasına səbəb olub. 1950-ci illərdən başlayan üçüncü sənaye inqilabı isə avtomatlaşdırma və qlobal rəqəmsallaşma dövrü hesab olunur: “Dördüncü sənaye inqilabının gəlişi ilk növbədə İnternet ilə sıx əlaqəlidir”.

Ş.Mehdiyev dördüncü sənaye inqilabının fiziki, rəqəmsal, bioloji klasterləri, dünya ölkələrində dördüncü sənaye inqilabı ilə bağlı qəbul edilmiş konsepsiyalar haqqında məlumat verdi. Qeyd etdi ki, ABŞ-da “Advanced Manufacturing Partnership”, Yaponiyada “Industry 4.1J”, “Super-smart society, Society 5.0”, Çin Xalq Respublikasında “Made in China 2025”, Cənubi Koreyada “Manufacturing Industry Innovation 3.0” və digər bu kimi konsepsiyalar ölkələrin istehsal sənayesini modernləşdirmək məqsədi ilə qəbul edilib.

IV sənaye inqilabının yaratdığı risklər barədə danışan məruzəçi bildirdi ki, inkişaf proseslərinin sürətlənməsi nəticəsində köhnə tənzimləmə metodları yeni və daha yeni texnologiyalarla ayaqlaşmır, məlumatlar milli şirkətlər deyil, qlobal sosial şəbəkələr vasitəsilə toplanır. Bundan əlavə, yeni texnologiyalar bir neçə nüfuzlu korporasiyaların əlində cəmlənərək onlara bazara öz şərtlərini diktə etməyə imkan verir, dəyişikliklərin faydaları nisbətən kiçik elita arasında toplanır və bərabərsizliyi daha yüksək səviyyəyə çatdırır.

Direktor müavininin sözlərinə görə, fiziki sistemlərin İnternetə inteqrasiyası nəticəsində kiber hücumlara qarşı həssaslıq, son 50 ildə şirkətlərin orta ömrünün 60 ildən 18 ilədək azalması, müəyyən peşə fəaliyyəti sahələrinin insanların təsir dairəsindən robotlara keçməsi dördüncü sənaye inqilabının yaratdığı risklər sırasına daxildir.

Ş.Mehdiyev süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla ən geniş sahələrdə maşın və insanların birgə fəaliyyətini təmin edən beşinci sənaye inqilabı haqqında da məlumat verdi.

Sonda akademik R.Əliquliyev çıxışa dair fikirlərini bölüşdü. Azərbaycan alimlərinin 1950-60-ci illərdən başlayaraq IV sənaye inqilabının tədqiqi ilə bağlı mühüm nəticələr əldə etdiklərini, dünya elminə töhfələr verdiklərini vurğuladı. Qeyd etdi ki, ölkəmizdə IV sənaye inqilabının öyrənilməsi tarixi araşdırılmalı və ictimaiyyətə bu barədə məlumat verilməlidir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı