Belarus Respublikasında beynəlxalq səviyyəli beş Texnologiya və İnnovasiya Mərkəzi yaradılacaq

30 Yanvar 2020 - 11:13 | Maraqlı məlumatlar
Belarus Respublikasında beynəlxalq səviyyəli beş Texnologiya və İnnovasiya Mərkəzi yaradılacaq

Belarus Respublikasında 2020-ci ildə beş Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzi yaradılacaq.

Elm və Texnologiya üzrə Dövlət Komitəsinin sədri Aleksandr Şumilin Milli Əqli Mülkiyyət Mərkəzinin (MƏMM) idarə heyətinin genişləndirilmiş iclasında qeyd edib ki, bu ilin ikinci rübündə beş Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzinin (TİDM) yaradılması planlaşdırılır.

Qeyd edək ki, TİDM şəbəkəsinin yaradılması Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən informasiya və elmi-metodiki dəstəyin təmin edilməsi yolu ilə innovativ potensialın yaradılması üçün başladılan beynəlxalq layihədir.

“Buna uyğun olaraq, respublikada üçsəviyyəli mərkəzlər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Birinci səviyyəli TİDM Milli Əqli Mülkiyyət Mərkəzinin, ikinci səviyyəli Respublika Elmi-Texniki Kitabxanası və onun regional bölmələrinin, üçüncü səviyyəli mərkəzlər isə təşkilat və müəssisələrin bazası əsasında yaradılacaq”, - deyə A.Şumilin bildirib.

belta.by saytının məlumatına görə, ötən il ərzində sənaye nümunələrinə Belarus Respublikasının patentlərinin verilməsi üçün müraciətlərin sayında artım müşahidə olunub. İxtiralar üçün patent almaq məqsədi ilə 393 müraciət daxil olub. Onların əksəriyyəti Almaniya, Rusiya və ABŞ-dan daxil olsa da, ümumi sayın üçdə ikisi yerli namizədlər tərəfindən təqdim edilib.

2019-cu ildə sənaye mülkiyyətinə hüquqların ötürülməsi ilə bağlı müqavilələrin sayı da artıb. Həmçinin sənaye mülkiyyətindən istifadə hüququnun verilməsinə dair 430 lisenziya müqaviləsi imzalanıb. 2019-cu ildə intellektual mülkiyyətin istifadəsi üzrə xidmətlər sahəsində ixracat 100 milyon dollar təşkil edib ki, bu da 2017-ci ildəkindən iki dəfə çoxdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.