İnformasiya Texnologiyaları İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 Sentyabr 2024 - 10:06 | Mühüm hadisələr

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. 

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın iclasında 27 sentyabr - Anım Günü ilə əlaqədar çıxış edib. Alim bu günün Azərbaycan xalqının tarixində ən önəmli, şərəfli günlərdən biri olduğunu, tariximizə qızıl hərflərlə yazıldığını deyib. Bildirib ki, 2020-ci il məhz bu gün Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, AR Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Akademik Rasim Əliquliyev Azərbaycan ordusunun vahid amal uğrunda birləşərək torpaqlarımızı işğalçılardan addım-addım təmizlədiklərini, dövlətimizin ərazi bütövlüyünü təmin etdiklərini qeyd edib. Bildirib k, 44 gün ərzində bütün dünya azərbaycanlıları vətən uğrunda yumruq kimi birləşdilər, dövlət başçısının çağırışlarına cavab olaraq həmrəylik nümayiş etdirdilər. 30 il ərzində işğal altında qalan torpaqlarımız əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, şəhid və qazilərimizin qanı-canı bahasına düşməndən azad edildi. 

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirlərindən söz açan alim bu əməliyyat nəticəsində ölkəmizin həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdiyini nəzərə xatırladıb. Həmçinin II Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin aparıldığını söyləyib. 

Həm birinci, həm də ikinci Qarabağ müharibəsində yüzlərlə qəhrəman oğulların şəhidlik zirvəsinə ucaldıqlarını söyləyən AMEA-nın vitse-prezidenti Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.