Regional və sektorial aspektdə informasiya və biliklər iqtisadiyyatının formalaşma səviyyəsinin qiymətləndirilməsi məsələləri müzakirə olundu Dekabr 16, 2019 | 02:08 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “Regional və sektorial aspektdə informasiya və biliklər iqtisadiyyatının formalaşma səviyyəsinin qiymətləndirilməsi məsələləri” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. 

Məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev iqti­sa­di inkişafın növbəti mərhələsi kimi informasiya və biliklər iqtisadiyyatı barədə məlumat verdi. O, texnoloji inkişaf və innova­si­ya­ların iqtisadi artımın uzunmüddətli hərəkətverici qüvvəsi kimi çıxış etməsi, informasiya və bi­liyin cəmiyyətin əsas inkişaf faktoruna çevrilməsi barədə danışdı.

Ə.Əliyev bildirdi ki, ölkə iqtisadiyyatının səmərəliliyə əsaslanan iqtisadiyyata çev­ril­məsi üçün innovasiyaların üstünlüyü ilə səciyyələndirilən mərhələyə keçid təmin olun­malıdır. Eyni zamanda, iqtisadiyyatın strukturunun məqsədyönlü şəkildə təkmil­ləş­di­rilməsinin və iqtisadiyyatda neft-qaz ehtiyat­la­rı­nın ixracından mövcud asılılığın aradan qaldırmasının prioritet məsələlərdən olduğunu da vurğuladı.

Məruzəçinin sözlərinə görə, informasiya və biliklər iqtisadiyyatının səviyyəsinin qiymətləndirilməsində müxtə­lif yanaşmalar, göstərici-indikatorlar, metodikalar, indekslər və s. mövcuddur. O, müqayi­sə­li təhlillərin aparılmasında pərakəndəlik olduğunu, müqayisə üçün seçiləcək baza qrupla­rının tələblərə, regional xüsusiyyətlərə tam cavab vermədiyini diqqətə çatdırdı. Bildirdi ki, informasiya və biliklər iqtisadiyyatının forma­laş­ması vəziyyətinin iqtisadi təhlili zamanı funksional cəhətdən iqtisadi inkişaf mərhələ­lə­rinin: aqrar, sənaye, informasiya, bilik, smart texnologiyalar kimi qəbul edilməsi təklif olu­nur.

Ə.Əliyev regional və sektorial aspektdə informasiya, eləcə də biliklər iqtisadiyyatının formalaşma səviyyəsinin qiymətləndirilməsi üzrə əsas göstərici kimi BMT Sosial İqtisadi İnkişaf Təşkilatının “Biliyə investisiya qoyuluşu” ümumiləşdirici göstəricisini təklif etməsini qeyd etdi. Həmin göstərici işləmələrə, tədqiqata, ali təhsilə, İKT-yə, proqram təminatına olan investisiyaları əhatə edir. Bu göstərici əsasında ölkələr 3 qrupa bö­lü­nür: yüksək (ÜDM-in 6%), orta (ÜDM-in 3-4%), aşağı (ÜDM-in 2-3%). Göstərici iqtisadi vəziyyəti investisiya nöqteyi-nəzərindən izah etməyə imkan versə də, durumu tam əks etdirir.

Şöbə müdiri informasiya və biliklər iqtisadiyyatının səviyyəsinin qiymətləndirilməsinə regional və sahəvi yanaşmanın xü­su­siyyətlərini izah edərək təklif etdiyi metodikanı şərh etdi. O göstərdi ki, regionlar və sektorlar həm ümumi halda, həm də klasterizasiya olunduqdan sonra müəyyən qruplar halında təhlil prosesinə cəlb olunur. Hər bir halda təhlillər və qiymətləndirmələr təklif olunmuş göstəricilər, uyğun ekspert qiymətləri vasitəsilə həyata keçirilir.

Sonda Ə.Əliyev əldə olunan yekun nəticələri diqqətə çatdırdı. Qeyd etdi ki, müasir dövrün iqtisadi perspektivlərini, xüsusən elm, texnologiya, innovasiya tu­tum­lu sahələri kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirmək olduqca çətin məsələ­lər­dəndir. İnformasiyaya və bi­lik­lərə əsaslanan iqtisadiyyatın regional və sektorial aspektdə inkişaf səviyyəsinin düzgün və dəqiq qiymətlən­diril­mə­si­ni həyata keçirən indekslər sisteminin işlənilməsi və müntəzəm olaraq onla­rın təkmilləşdirilməsi müasir dövrün tələbidir.

Onun sözlərinə görə, informasiya və biliklər iqtisadiyyatının region və sahələri üzrə kompozit indek­si­nin, onu formalaşdıran digər indeks, subindeks, eləcə də indikatorların qarşılıqlı təsirinin aydınlaşdırılması və hesablan­ma­sı mərhələləri onlardan gələcəkdə real təhlil, planlaşdırma, proqnozlaşdırma mexa­nizm­ləri kimi istifadə olunmasına imkan yaradır.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı