Akademik Ramiz Mehdiyev: “Fərdi məlumatların mühafizəsi məsələsinə, bütövlükdə, milli təhlükəsizlik prizmasından yanaşmaq lazımdır” Noyabr 29, 2019 | 10:39 / Konfranslar, iclaslar

Məlum olduğu kimi, bu gün “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı keçirilir. Konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, eləcə də KİV nümayəndələri iştirak edirlər.

Konfransın açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev fərdi məlumatların mühafizəsinin ən fundamental insan hüquqlarından biri olan şəxsi toxunulmazlıq hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və bunun 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü və 12-ci maddələrində öz əksini tapdığını vurğuladı.

R.Mehdiyev insanların şəxsi toxunulmazlığı, eləcə də fərdi məlumatlarının mühafizəsinin tarixən çox vacib və həssas məsələ olduğunu, lakin son zamanlar informasiya texnologiyalarının inkişafı, İnternetin, mobil telefonların, eləcə də digər elektron qurğuların və xidmətlərin meydana gəlməsinin bu məsələni daha da aktuallaşdırdığını qeyd etdi. Vurğuladı ki, artıq fərdi məlumatları bir ölkə daxilində deyil, qlobal miqyasda mühafizə etmək zərurəti yaranıb.

Azərbaycanda da informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini, artıq İnternet infrastrukturunun bütün ölkəni əhatə etdiyini diqqətə çatdıran məruzəçi ölkəmizdə insanların söz və İnternet azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, vətəndaşlarımızın müxtəlif sosial şəbəkələrdən, elektron ticarət və digər xidmətlərdən fəal şəkildə istifadə etdiyini və bunların ölkəmizdə fərdi məlumatların qorunması məsələsini aktuallaşdırdığını söylədi.

Akademik bildirdi ki, fərdi məlumatların mühafizəsi məsələsinə, bütövlükdə, milli təhlükəsizlik prizmasından yanaşmaq lazımdır və ilk növbədə, vətəndaşların özləri fərdi məlumatlarının qayğısına qalmalı, onlarla düzgün davranmalı, virtual mühitin xüsusiyyətlərini nəzərə almalıdırlar. O, qeyd etdi ki, fərdi məlumatların qorunmasında dövlətlə yanaşı, biznes və vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərən qurumların - İnternet provayderlərinin, mobil telefon operatorlarının, müxtəlif təyinatlı reyestr xidmətləri və digər təşkilatların üzərinə məsul vəzifələr düşür.

“Fərdi məlumatların mühafizəsi ilə bağlı hüquqi və texnoloji tədbirlərin görülməsinə baxmayaraq, etiraf etmək lazımdır ki, hələ də bu sahədə həllini gözləyən bir sıra elmi-nəzəri və praktiki problemlər mövcuddur”, - deyə bildirən AMEA prezidenti informasiya texnologiyaları inkişaf etdikcə, virtual mühitin imkanları artdıqca bu sahədə yeni-yeni problemlərin ortaya çıxdığını qeyd etdi. Vurğuladı ki, bu günkü konfrans da həmin aktual problemlərə, onların həlli yollarına həsr olunub və burada müzakirəyə çıxarılan məsələlərin hər biri vətəndaşlarımızın hüquqlarının qorunması, milli təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Akademik, ümumiyyətlə, Azərbaycanda insanların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına yönəlmiş, ən müasir tələblərə cavab verən möhkəm qanunvericilik bazasının yaradıldığını, bu hüquq və azadlıqların dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırdı.

Vurğuladı ki, fərdi məlumatların mühafizəsi məsələləri elmi problem kimi multidissiplinar xarakter daşıyır və buna görə də digər elmi istiqamətlərlə yanaşı, informasiya texnologiyaları üzrə tədqiqatçılar fərdi məlumatların mühafizəsi proseslərini dərindən araşdırmalı, geniş intellektual imkanlara malik metod və alqoritmlər işləməli, müvafiq proqram məhsulları hazırlamalıdırlar.

R.Mehdiyev konfransa təqdim edilən məruzələrin fərdi məlumatların mühafizəsinin texnoloji, hüquqi, təşkilati, sosial-iqtisadi və kulturoloji aspektlərinə həsr olunduğunu bildirdi və konfransda iştirak edən müvafiq dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakını yüksək qiymətləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı