Elektron sağlamlıq kartlarında təhlükəsizlik problemləri tədqiq edilib Noyabr 27, 2019 | 04:31 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin “Elektron sağlamlıq kartlarında təhlükəsizlik problemləri” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.

Şöbənin əməkdaşı Aytən Əhmədova məruzəni təqdim edərək informasiya texnologiyalarının bütün ictimai sahələrə tətbiq edildiyi kimi tibb sahəsinə də öz təsirini göstərdiyini, elektron sağlamlıq kartlarının informasiya texnologiyalarının tibbdə istifadəsinin bariz nümunəsi olduğunu qeyd etdi.

Onun sözlərinə görə, ilk dəfə 1960-cı illərin əvvəllərində ABŞ-ın Rochesterdəki Mayo klinikasında tətbiq edilən elektron sağlamlıq kartları (ESK) xəstə haqqında bütün fərdi tibbi məlumatların toplanmasına və istifadə edilməsinə imkan verən tibbi informasiya sistemidir.

Məruzəçi tibbi məlumatların elektron mühitdə saxlanmasının bəzi müsbət tərəflərini qeyd etdi. “ESK-da fərdi tibbi məlumatların təhlükəsizliyinin təmin olunması üçün optimal rejimin seçilməsi kifayət qədər aktual məsələdir. İnsanların qapalı məlumatlarının yerləşdiyi ESK-lara girişi olan tibb müəssələri tibbi məlumatların konfidensiallığına və təhlükəsizliyinə zəmanət verməlidir”, - deyə qeyd edən məruzəçi ESK-la işləyərkən texniki və təşkilatı kimi iki növ əsas təhdidlərin yaranacağını bildirdi.

A.Əhmədovanın sözlərinə görə, məlumatların təhlükəsizliyi ilə bağlı təhdidlər informasiyanın konfidensiallıq, tamlıq, əlyetənlik xüsusiyyətlərinin qorunması baxımından ifadə olunur.

Beynəlxalq təcrübədən söz açan məruzəçi 1996-cı ildə ABŞ-da qəbul edilmiş “Tibbi Konfidensiallıq və Mobilliyin Sığortalanması” (The Health Insurance Portability and Accountability Act, HIPAA) qanunu haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, HIPAA bütün e-tibb sistemində xəstə məlumatlarını qorumaq üçün məxfilik, təhlükəsizlik və elektron əməliyyat standartlarını tələb edən və mühafizə üsullarını təyin edən federal qanundur və təhlükəsizlik standartında tədbirlər inzibati, fiziki, texniki başlıq altında qruplaşdırılır.

Məruzə ətrafında müzakirələr aparıldı, şöbə müdiri AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova tədqiqatla bağlı təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı