Big Data mühitində fərdi məlumatların təhlükəsizliyi məsələləri müzakirə edilib Noyabr 22, 2019 | 12:47 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin “Big Data mühitində fərdi məlumatların təhlükəsizliyi” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.

İnstitutun böyük elmi işçisi Aybəniz Əliyeva məruzəni təqdim edərək Big Data və fərdi məlumatlar, fərdi məlumatların potensial imkan və ziyanları, fərdi məlumatların gizliliyinin qorunması problemləri, Big data erasında məqsədin spesifikasiyası və istifadənin məhdudlaşdırılması prinsipləri barədə ətraflı məlumat verdi.

A.Əliyeva fərdi məlumatların idendifikasiya olunmuş şəxsə aid olan məlumatlar olduğunu qeyd edərək bildirdi ki, Əşyaların İnternetinin bir hissəsini təşkil edən obyektlərin, smart qurğuların generasiya etdiyi verilənlər, İnternet forum, sosial şəbəkə, icmal saytları, xəbər qrupları və bloqlarda əlyetərli olan böyük həcmdə sosial məlumatlar Big data mühitində fərdi məlumatların mənbələridir.

Onun sözlərinə görə, Big data dövründə böyük həcmdə fərdi məlumatların toplanması, saxlanması və istifadəsi prosesində fərdi məlumatların asanlıqla sızması və gizli verilənlərin aşkar edilməsi, fərdi məlumatların qanunsuz əldə edilməsi, yayılması və tətbiq vasitələrinin ortaya çıxması fərdi məlumatların təhlükəsizliyini aktual edən məsələlərdəndir. Fərdi məlumatların məxfiliyinin qorunması üçün problemlərin yaranması, 27 aprel 2016-cı il tarixində Avropa Parlamentinin və Şurasının qərarı  ilə fərdi  məlumatların mühafizəsi ilə əlaqədar olaraq “Məlumatların Qorunması üzrə Ümumi Qaydalar”ın (General Data Protection Regulation - GDPR) qəbul edilməsi və bir çox ölkələrdə, o cümlədən Azərbaycanda fərdi məlumatlar və onların qorunması haqqında qanunun qəbulu aktuallığı artıran məsələlər sırasına daxildir.

GDPR-nin fərdi verilənləri açıq girişə malik və xüsusi kateqoriyalara aid olan fərdi verilənlər kimi təsnif etdiyini deyən məruzəçi genetik, biometrik, sağlamlığa dair məlumatların GDPR-nin emalını qadağan etdiyi fərdi verilənlər olduğunu vurğuladı.

“Pərakəndə satış sektorunda alqı-satqı ilə proqnozların verilməsi, malların qiymətlərinin tələb və təklif əsasında tənzimləməsi, pərakəndə satışda tələbə uyğun olaraq reklamın anında həyata keçirilməsi fərdi məlumatların potensial imkanlarıdır”.

Fərdi məlumatların gizliliyinin qorunması problemlərindən, istifadəçilərin məxfiliyinin pozulması hallarından danışan Aybəniz Əliyeva bildirdi ki, Big Data-nın çox sayda fərdi məlumatları özündə birləşdirməsi istifadəçilərin məxfiliyinə böyük təhlükə yaradır.

Məruzəçi fərdi məlumatların qorunması üçün GDPR prinsiplərini, Big Data mühitində “məqsədin spesifikasiyası” və “istifadənin məhdudlaşdırılması” prinsiplərində yaranan problemləri diqqətə çatdırdı.

A.Əliyeva bildirdi ki, fərdi verilənlərin qorunması ilə bağlı bəzi prinsiplər Big Data erasında özünü doğrultmur. Onun sözlərinə görə, verilənlərin qorunmasının əsasını təşkil edən məqsədin spesifikasiyasıistifadənin məhdudlaşdırılması prinsipləri Big Data mühitində ödənmir. Big Data analitika toplanmış verilənlərin orijinal məqsədə uyğun olmayan hallar üçün istifadə edildikdə fərdi verilənlərin məxfiliyinə böyük təhlükə yaradır.

Sonda məruzəçi fərdi məlumatların ənənəvi qorunması prinsiplərinin məhdudiyyətlərinin Big Data mühitində mövcud metodologiyaların, yanaşmaların, qanunvericilik aktlarının yenilənməsinin və ya yenilərinin işlənilməsini tələb etdiyini qeyd etdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı