Akademik Rasim Əliquliyev Teleradio Akademiyasında mühazirə ilə çıxış edib Noyabr 15, 2019 | 03:55 / Mühüm hadisələr

Bu gün AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılan Teleradio Akademiyasında “Müasir texnologiyalar və informasiya təhlükəsizliyi” mövzusunda mühazirə ilə çıxış edib. Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov, şöbənin baş mütəxəssisi Günel Məmmədova, Teleradio Akademiyasının rektoru filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev, akademiyanın prorektoru, Bakı Dövlət Universitetinin dosenti Sevinc Məmmədova, redaktor, müxbir qrupu, gənc jurnalistlər iştirak ediblər.

Mövzu istiqamətində aktual məsələlərə toxunan Rasim Əliquliyev qeyd edib ki, informasiya texnologiyalarının tətbiqi ilə dünyanın, eləcə də insanların həyat tərzi köklü şəkildə dəyişikliyə uğrayıb. Azərbaycanda informasiya təhlükəsizliyi məsələsinin 1995-ci ildən başlayaraq aktuallaşdığı və milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri kimi əhəmiyyətli rola malik olduğunu vurğulayan akademik hazırda təhlükəsizlik məfhumunun hüdudlarının genişləndiyinə, təkcə informasiyanı deyil, həyatın bir çox sahələrini əhatə etdiyinə, yeni çağırışlar dönəmində cəmiyyətin öz təhlükəsizliyini necə qorumasının vacibliyinə diqqəti cəlb edib.

“İKT-nin sürətlə inkişaf edərək insan fəaliyyətinin bütün sahələrinə uğurla tətbiq edildiyi, elektron dövlətin, informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə milli təhlükəsizliyin təmin olunması məsələsinə yeni baxışlar, yanaşmalar, metodologiyalar tələb olunur”, – deyə bildirən akademik qeyd edib ki, artıq ənənəvi üsul və vasitələrlə milli təhlükəsizliyi təmin etmək mümkün deyil. Onun sözlərinə görə, ənənəvi cəmiyyət informasiya cəmiyyəti ilə əvəz olunduğu kimi, onun təhlükəsizliyi məsələsi də informasiya və informasiya texnologiyaları amillərindən yüksək dərəcədə asılı vəziyyətə düşür.

İnformasiya Texnologiyaları İnstitutunda artıq 20 ildən çoxdur ki, bu sahə üzrə tədqiqatların aparıldığını diqqətə çatdıran akademik informasiya təhlükəsizliyinin təmin olunması problemlərinin elmi-nəzəri əsaslarının araşdırıldığını, bu sahədə dünya təcrübəsinin öyrənildiyini vurğulayıb. R.Əliquliyev əldə olunmuş mühüm elmi nəticələrin nüfuzlu jurnallarda, elmi əsər və kitablarda öz əksini tapdığını söyləyib.

Noyabrın 30-da bütün dünyada Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün qeyd edildiyini xatırladan alim hər il İnformasiya Texnologiyaları İnstitutunda sözügedən tarixlə bağlı elmi konfransın keçirildiyini bildirib. Akademik, bu il noyabrın 29-da keçiriləcək “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransına Teleradio Akademiyasının dinləyicilərini də dəvət edib. Qeyd edib ki, konfrans müasir şəraitdə dövlət, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları qarşısında vacib vəzifələr qoyduğunu nəzərə alaraq, fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi problemlərinə həsr olunur. Alim konfransın əsas məqsədinin fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsi olduğunu bildirib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Sonda akademik Rasim Əliquliyev AzTV-yə müsahibə verib.

Qeyd edək ki, Azərbaycanda peşəkar jurnalist kadrlarının hazırlığı məsələlərini daim diqqət mərkəzində saxlayan Teleradio Akademiyasının əsas məqsədi bu sahədə açıq informasiya mühiti və mədəni məkanı inkişaf etdirmək, peşəkarlığı artırmaq, professionallığı yüksəltməkdir. Bu məqsədlə Teleradio Akademiyası fəaliyyəti dövründə Azərbaycan televiziyasının əməkdaşları üçün yerli və xaricdən dəvət olunan televiziya işçiləri, tanınmış incəsənət adamları, siyasi xadimlər və məşhur şəxslərlə görüşlər təşkil edib, ixtisasartırma təlimləri, ustad dərsləri keçib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı