İnklüziv təhsildə informasiya - kommunikasiya texnologiyalarından istifadə məsələləri müzakirə olunub Oktyabr 22, 2019 | 11:49 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti elmi seminarı keçirildi. “İnklüziv təhsildə informasiya - kommunikasiya texnologiyalarından istifadə məsələləri” mövzusunda məruzəni təqdim edən institutun baş mütəxəssisi Kəmalə Qurbanova qeyd etdi ki, sağlamlıq vəziyyətindən, maddi təminatından, irqindən, dinindən, dilindən, yaşından və s. asılı olmayaraq cəmiyyətin hər bir üzvünün təhsil alması üçün bərabər imkanların yaradılması sosial bərabərliyin əsasını təşkil edir.

Hamı üçün bərabər təhsilin reallaşdırılması ideyasının bir sıra beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapdığını diqqətə çatdıran məruzəçi bildirdi ki, bu sənədlərin qəbul edilməsində məqsəd əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə yanaşı, onların sağlam insanlarla bərabər fəal şəkildə ictimai həyatda iştirakı üçün mövcud məhdudiyyətlərin aradan qaldırılmasıdır: “Ölkəmiz 2008-ci ildə BMT tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. 2017-ci ildə isə sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsil alması üçün maneəsiz mühit yaratmaq məqsədi ilə, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib”.

Məruzəçi qeyd etdi ki, inklüziyanın əsasında daxil edən cəmiyyət ideyası dayanır və cəmiyyətin idarə olunmasında hər bir fərdin iştirakının təmin olunması inklüziv cəmiyyətin qurulmasında ən vacib məqamlardan biridir.

K.Qurbanovanın sözlərinə görə, əlillərin müdafiəsinin hüquqi prinsipləri yalnız XX əsrin ikinci yarısından inkişaf etməyə başlayıb. 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş “Ümumdünya insan hüquqları haqqında” Konvensiyada əlilliyi olan şəxslərin də digər insanlar kimi təhsil hüququ olduğu təsbit olunur.

O, həmçinin inklüziv təhsilə keçidin vacib şərtlərini diqqətə çatdırdı. Qeyd etdi ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) inklüziv təhsildə kompensasiya, kommunikasiya, didaktik məqsədlərlə istifadə olunur. Bundan əlavə, inklüziv təhsildə İKT-dən istifadə imkanlarını araşdıran tədqiqatçılar rəqəmsal, informasiya, assistiv, köməkçi texnologiyalar kimi anlayışlardan istifadə edirlər.

Məruzəçi inklüziv təhsilin reallaşmasında informasiya texnologiyalarının mühüm rol oynadığını qeyd edərək sağlamlıq imkanları məhdud  insanlar  üçün hazırlanmış müxtəlif texniki vasitələr və proqram təminatları, onların təyinatı haqqında məlumat verdi.

K.Qurbanova sonda qeyd etdi ki, müxtəlif sağlamlıq problemləri olan uşaqların təhsil mühitinə və biliklərə əlyetənlik imkanlarının artırılması, bütün uşaqların ümumi təhsil prosesinə cəlb edilməsi, sağlamlıqla bağlı müəyyən problemlərin korreksiya edilməsi, bu kateqoriyadan olan insanların sosiallaşması və cəmiyyətə adaptasiyası inklüziv təhsildə İKT-nin tətbiqi üçün zəruridir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı