“Veb-saytların çox meyarlara görə qiymətləndirilməsi” mövzusunda məruzə dinlənildi Oktyabr 16, 2019 | 12:04 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “Veb-saytların çox meyarlara görə qiymətləndirilməsi” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. Məruzəni təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova veb-saytların təsnifatı, onların ümumi və özəl qiymətləndirmə meyarları, ISO standartları, veb-saytların çox meyarlara görə qiymətləndirilməsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, məqsəd və vəzifələrin təyin edilməsi, planlaşdırma, layihələndirmə, proqram təminatının işlənməsi, informasiyanın doldurulması, veb-saytın qlobal şəbəkədə tanınması üçün marketinq proqramının həyata keçirilməsi, eləcə də veb-saytın keyfiyyətinin və səmərəliliyinin qiymətləndirilməsi veb-saytın yaradılması prosesinin əsas addımlarıdır.

Onun sözlərinə görə, hipermətn və vahid naviqasiya sistemi ilə birləşdirilmiş veb-səhifələrin toplusu olan veb-saytlar mövzu, funksionallıq, məqsədlər, təqdimat metodu və giriş rejimi kimi parametrlərə görə təsnif olunur.

Veb-saytların qiymətləndirilməsi meyarlarından bəhs edən məruzəçi qeyd etdi ki, informasiyanın dəqiqliyi, aktuallıq, məzmun, informasiyanın təqdim edilməsi, veb-sayta giriş, erqonomik istifadə, texniki reallaşdırma və zahiri görünüş onun ümumi meyarları sırasındadır. Dövlət idarəçilik orqanları, ali təhsil və tibb müəssələrinin veb-saytlarının isə özəl qiymətləndirilməsi meyarları mövcuddur.

G.Nəbibəyova etibarlı tibbi məlumat təqdim edən və istifadəçilərə İnternetdə mövcud olan böyük həcmli tibbi məlumatların araşdırılmasında kömək edən qeyri-hökumət təşkilatı “Health On the Net Foundation” (HON) haqqında məlumat verdi, “HON” kodeksinin əsas prinsiplərini diqqətə çatdırdı.

ISO Standartları, İnternet informasiya ehtiyatlarının yaradılması, idarə edilməsi və informasiya cəmiyyətinin inkişafını özündə əks etdirən Azərbaycan Respublikasının normativ-hüquqi sənədləri barədə danışan şöbə müdiri veb-saytların çoxmeyarlı qiymətləndirilmə metodunun əsas mərhələləri barədə ətraflı məlumat verdi.

G.Nəbibəyovanın sözlərinə görə, veb-saytların çoxmeyarlı qiymətləndirilməsi metodundan istifadə edərək saytların sıralanmasını, müxtəlif meyarlara görə veb-saytların zəif tərəflərini müəyyənləşdirmək üçün monitorinq aparmaq mümkündür: “Monitorinq nəticələri veb-saytın modernləşdirilməsi və hətta yeni bir saytın yaradılması üçün əsas ola bilər”.

Sonda məruzəçi veb-sayt reytinqindəki subyektivliyi minimuma endirmək üçün mütəxəssislərdən əlavə, onlayn forumlar vasitəsilə qiymətləndirmə proseduruna daha geniş auditoriya cəlb olunmasının zəruri olduğunu qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı