Viki Mərkəz öz fəaliyyətini yüksək templə davam etdirir Oktyabr 03, 2019 | 11:32 / Müsahibələr, çıxışlar

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz 1 oktyabr 2019-cu il tarixində Facebook sosial şəbəkəsində Vikipediya virtual ensiklopediyasının Azərbaycan seqmentindəki vəziyyətlə bağlı bəzi fikirlər paylaşıb, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki Mərkəzin fəaliyyətinə də münasibətini bildirib. O, Viki Mərkəzin fəaliyyətinin 2016-cı ildə qəflətən dayandırıldığı barədə yanlış informasiya verib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən O.Gündüzün həmin fikrinə münasibət bildirilib:

“Görünür, hörmətli Osman müəllim Viki Mərkəzin fəaliyyəti haqqında obyektiv və dolğun informasiyaya malik deyil. Baxmayaraq ki, bu Mərkəzin fəaliyyəti və əldə etdiyi nəticələr haqqında müntəzəm olaraq ictimaiyyətə məlumat veririk. Biz Viki Mərkəzin hazırda çox yüksək templə davam edən fəaliyyəti haqqında ətraflı məlumatı bir daha ictimaiyyətin diqqətinə çatdırmağı lazım bilirik.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Vikipediya ilə bağlı elmi tədqiqatlara və praktiki fəaliyyətə hələ 2007-ci ildən başlanmışdır. İnstitutun əməkdaşı İradə Ələkbərova 2008-2015-ci illərdə Vikipediyanın Azərbaycan bölməsinin administratorlarından biri olmuşdur.

15 yanvar 2014-cü il tarixində AMEA Rəyasət Heyəti “Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” Qərar qəbul etmişdir. Həmin Qərara uyğun olaraq, 2014-cü ildə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında viki-qruplar, İnformasiya Texnologiyaları İnstitutunda isə Viki Mərkəz yaradılmışdır. Viki Mərkəz tərəfindən viki-qrup üzvlərinə nəzəri və praktiki biliklər tədris edilmişdir.  

AMEA Rəyasət Heyətinin 4 fevral 2016-cı ildə keçirilən iclasında Viki Mərkəzin və viki-qrupların ötən dövr ərzindəki fəaliyyəti müzakirə olunmuş və növbəti mərhələ üçün yeni vəzifələr müəyyənləşdirilmişdir. Qərara alınmışdır ki, Viki Mərkəzin maddi-texniki bazası, AMEA-nın elmi müəssisə və təşkilatlarının Vikipediya ilə bağlı fəaliyyəti daha da gücləndirilsin, viki-qrupların fəaliyyətinə dəstək verilsin və onların tərkibinə yeni, bacarıqlı əməkdaşlar cəlb edilsin.

Hazırda Viki Mərkəz aşağıdakı geniş istiqamətlər üzrə çox məhsuldar şəkildə fəaliyyət göstərir:

Tədris fəaliyyəti. 2008-2019-cu illərdə minlərlə doktorant və dissertanta,  2014-2019-cu illər ərzində 150-ə yaxın viki-qrup üzvünə, dövlət və media qurumlarının əməkdaşlarına  “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu tədris edilmişdir. Hazırda institutda təhsil alan magistrantlara müvafiq kurs tədris edilir. Müraciətlər əsasında müxtəlif müəssisə və təşkilatların əməkdaşları üçün bu cür kurslar təşkil edilə bilər.

Beynəlxalq təcrübənin öyrənilməsi. Vikipediyanın Azərbaycan seqmentində mövcud problemləri həll etmək və inkişafa nail olmaq üçün bu sahədə aktiv fəaliyyət göstərən, qısa müddər ərzində müəyyən nəticələr əldə edən ölkələrin təcrübəsi öyrənilir, müvafiq analizlər aparılır, təkliflər işlənilir.

Monitorinq fəaliyyəti. Vikipediyanın Azərbaycan, ingilis, rus, türk dili seqmentlərində milli maraqlarımıza zidd olan kontentlərin müntəzəm monitorinqi və analizi aparılır, müvafiq hesabatlar hazırlanır.

Məsləhət xidməti. Müxtəlif təşkilatların və şəxslərın müraciətləri əsasında onlara Vikipediyada işləmək qaydaları, qarşılaşdıqları problemlərlə bağlı lazımi elmi məsləhətlər verilir. Azərbaycanın görkəmli şəxslərinin səhifələrinin yaradılmasına, kitablarının yerləşdirilməsinə dəstək göstərilir..

İnformasiya təminatı fəaliyyəti. Viki-texnologiyalardan istifadə etməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün viki-mühitin zəruri kontent təminatı həyata keçirilir. Bu istiqamətdə işlər “Azərbaycan  Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya çərçivəsində yerinə yetirilir.

Təbliğat fəaliyyəti. Vikipediya ensiklopediyasının Azərbaycan cəmiyyətində tanınması üçün müxtəlif konfranslarda, forumlarda, televiziya və radio kanallarında, çap və elektron media resurslarında təbliğat-təşviqat işləri aparılır. Bu istiqamətdə işlər “Azərbaycan  Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya çərçivəsində yerinə yetirilir.

Elmi-tədqiqat fəaliyyəti. Vikipediya resurslarında toplanmış qeydiyyat məlumatlarının analizi (vikimetriya) aparılır, gizli sosial şəbəkələr aşkarlanaraq təhlil olunur və s. Tədqiqatların nəticələri kimi müxtəlif nüfuzlu elmi jurnallarda 13 məqalə nəşr olunmuş, 10 tezis hazırlanmış və müxtəlif beynəlxalq və republika səviyyəli elmi konfranslarda təqdim edilmişdir. Bunlardan başqa, 3 kitab nəşr olunmuşdur. Eyni zamanda, Viki Mərkəzin əməkdaşları tərəfindən 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilən “Vikipediya virtual ensiklopediyasının monitorinqi və analizi üçün metod və alqoritmlərin işlənilməsi” adlı qrant layihəsi qalib elan olunmuşdur. Elmin İnkişafı Fondunun fəaliyyətinin yenidən qurulması ilə əlaqədar bu layihənin icrası müvəqqəti olaraq dayandırılmışdır. 2018-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə olunmuşdur”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı