E-səhiyyə çərçivəsində ölkənin demoqrafik vəziyyətinə dair araşdırmalar aparılır May 10, 2019 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova seminarın “Elektron səhiyyə: ölkədə demoqrafik vəziyyətin tədqiqi məsələləri” mövzusuna həsr olunduğunu bildirdi.

İnstitutun doktorantı, texnika üzrə fəlsəfə doktoru, dosent Gülarə Muradova mövzuya dair təqdimatla çıxış edərək Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin əsas istiqamətlərini əhatə edən, regionlarda və ümumilikdə ölkədə əhalinin sağlamlıq vəziyyətinə təsir edən amilləri araşdırmağa imkan verən alətlərin hazırlanması, dinamikanın analizi və bu sahədə mövcud olan əlverişli və əlverişsiz dəyişikliklərin aşkara çıxarılması məsələlərindən danışdı. Alimin sözlərinə görə, Avropada e-səhiyyə siyasətinin əsasını “Sağlamlıq-2020” strategiyası təşkil edir. Strategiyada əsas diqqət Avropa əhalisinin rifahının yüksəldilməsinə və əhalinin sağlamlığı üzrə tədqiqatlarda sistematikliyin təmin olunmasına ayrılır.

Tibbi təhlükəsizliyin milli təhlükəsizliyin tərkib hissəsi olduğunu qeyd edən G.Muradova əhalinin e-tibbi-demoqrafik və ictimai-iqtisadi göstəricilərinin ərazi bölgüsünün analizi və proqnozunun, ərazi cəhətdən paylanmış faktorlar ilə tibbi göstəricilər arasında səbəb-nəticə əlaqələrinin aşkara çıxarılmasının, eləcə də şəxsi məlumatların mühafizəsinin vacib məsələlərdən olduğunu diqqətə çatdırdı.

Ayrı-ayrı fərdlərin demoqrafik göstəriciləri barədə söz açan məruzəçi onların səhiyyə idarəetmə orqanlarının praktiki fəaliyyətində böyük əhəmiyyət kəsb etdiyini söylədi. Bildirdi ki, əhalinin sağlamlıq vəziyyətini xarakterizə edən real faktların qiymətləndirilməsi və obyektiv meyarların təyini ictimai sağlamlıq səviyyəsini müəyyən edən xüsusiyyətlərin məcmusundan asılıdır.

G.Muradova Azərbaycanın əhalisinin sağlamlıq vəziyyətini xarakterizə edən real faktların qiymətləndirilməsi məsələlərindən bəhs edərək ölkə üzrə xəstəlik göstəricilərinin reytinqini təqdim etdi. Respublikanın müxtəlif coğrafi rayonlarında sağlamlığa təsir edən konkret xəstəliklərin təsirinin proqnozlaşdırılması üçün riyazi modelin işlənildiyini, müasir texnologiyalardan istifadə etməklə ən təhlükəli xəstəliklərin aşkarlanması üçün tədqiqatların aparıldığını və metodoloji prinsiplərinin hazırlandığını diqqətə çatdırdı.

Məruzəçi bildirdi ki, e-tibbin tətbiqi xroniki xəstələrin sistematik nəzarətini təmin edir, bu isə öz növbəsində, ölüm hallarının azalmasına, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşmasına, bütovlükdə əhalinin ömür uzunluğunun artmasına imkan yaradır.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı