Akademik Rasim Əliquliyev: “İnformasiya texnologiyaları vasitəsilə sosial münasibətlərin analizi aparılmalıdır” Aprel 24, 2019 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev bu kimi seminarların mütəmadi olaraq keçirilməsinin elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması baxımından zəruriliyini vurğuladı.

Sonra şöbənin əməkdaşı Nigar Axundova “Elektron dövlət mühitində sosial münasibətlərin analizi metodları haqqında” mövzusunda məruzəni təqdim edərək sosial münasibətlərin mahiyyəti və bu sahədə aparılan tədqiqat istiqamətləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, sosial münasibətlərin qiymətləndirilməsində münasibətlərin dərinliyi, əhatə dairəsi, təsir və zaman kimi göstəricilərdən istifadə olunmalıdır.

Məruzəçi qeyd etdi ki, münasibətlərin analizində əsas metrika kimi aktorlar arasında linklərin sayı, linklərin istiqaməti və çəkisi verilir: “Bu münasibətlərin modelini qurmaq üçün qraflar nəzəriyyəsindən istifadə daha məqsədəuyğundur. Sosiologiya sahəsində nəzəri tədqiqatlar əsasında sosial strukturların və münasibətlərin vizuallaşdırılması və araşdırılması üçün qraflar nəzəriyyəsi geniş istifadə olunur. Burada aktorların necə yerləşməsinə, münasibətlərdə tranzitivliyə xüsusi diqqət yetirilir”.

Onun sözlərinə görə, münasibətlərin analizi üçün istifadə olunan “link analysis” metodu şəbəkə analizi çərçivəsində fərdlərarası münasibətlərin xüsusiyyətlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün istifadə olunan verilənlərin analizini nəzərdə tutur. Bu metod yalnız fərdlər arasında deyil, dövlət, təşkilat və hadisələr arasında əlaqələrin analizində də istifadə olunur.

N.Axundova bildirdi ki, münasibətlərin zəif və ya güclü olması linklərin çəkisindən asılı olaraq müəyyənləşir. “Aktorların münasibətlərə görə ranqlaşdırılması bu aktorların arasında liderlərin müəyyən olunmasına və münasibətlərinə təsir edən faktorların aşkarlanmasına kömək edə bilər. Aktorların ranqlaşdırılması üçün, ilk növbədə aktorların digər aktorlarla və ya obyektlərlə hansı münasibətlərdə olması müəyyən olunmalıdır”.

Məruzəçi Yakob Morenonun sosiomertiya üzrə apardığı tədqiqatlar, eləcə də Corc Levinqin münasibətlər modeli haqqında da danışdı.

Akademik R.Əliquliyev məruzə ilə bağlı müəyyən tövsiyələr verdi, sosiologiyanın müasir vəziyyəti, strukturu, inkişaf tendensiyaları, perspektivləri və s. məsələlərin tədqiqinin vacib olduğunu bildirdi. Alim qeyd etdi ki, informasiya texnologiyaları vasitəsilə sosial münasibətlərin analizinin aparılması zəruridir.

Daha sonra şöbənin əməkdaşı Turqut Yasin “Biliklər iqtisadiyyatı: problemləri və perspektivləri” mövzusunda məruzəni səsləndirdi. O, biliklər iqtisadiyyatının yaranması tarixindən danışaraq bildirdi ki, professor F.Maxlup “Biliklərin istehsalı və yayılması sferası”nı iqtisadiyyatın bir sferası kimi təqdim edib.

Onun sözlərinə görə, F.Maxlup 1962-ci ildə nəşr etdirdiyi “Biliklərin istehsalı və yayılması” kitabında biliklər sənayesini elmi araşdırmalar, təhsil, KİV, informasiya maşınları, informasiya xidmətləri kimi 5 qrupa bölüb.

Məruzəçi müasir dövrdə “biliklər iqtisadiyyatı” termini ilə yanaşı, “innovasiya iqtisadiyyatı”, “yüksək texnologiyalı sivilizasiya”, “bilik cəmiyyəti”, “informasiya cəmiyyəti”, “informasiya və biliklər cəmiyyəti” kimi terminlərindən də geniş istifadə olunduğunu qeyd etdi. Bildirdi ki, yüksək keyfiyyətli insan kapitalı bilik iqtisadiyyatının formalaşmasının və inkişafının əsas faktorlarındandır.

 “Son illər əhalinin tərkibində ali təhsilli insanların sayı müntəzəm olaraq artmaqdadır. Bu gün dünya iqtisadiyyatının liderlərindən biri olan Yaponiyanın əldə etdiyi müvəffəqiyyətlər əslində biliyə, insan zəkasına verilən düzgün qiymətin nəticəsidir. Bilik sərfəli və ən çox səmərə verən resursdur”, ­­– deyə bildirən T.Yasin biliklər iqtisadiyyatında dövlətin rolundan danışdı. Qeyd etdi ki, e-dövlət mühitində dövlətin əsas işi azad bazar mexanizminin qaydalarını qəbul etməkdir.

Məruzəçi biliklər iqtisadiyyatı indeksi haqqında məlumat verdi. Bildirdi ki, bu indeks bir ölkənin və ya bölgənin iqtisadi təşviq rejimi, əhalinin təhsil səviyyəsi, şirkətlərin səmərəli innovasiya sistemləri və İKT kimi əsas göstəriciləri nəzərə alınmaqla, onların orta göstəriciləri əsasında formalaşır və dünya bankı tərəfindən hesablanır.

T.Yasin biliklər iqtisadiyyatı indeksinin ümumi sxemi və biliklər iqtisadiyyatının faydalılıq qrafı haqqında danışdı. Dünya bankı hesabatında göstərilən ölkələr üzrə biliklər iqtisadiyyatı indeksi cədvəlini tədqim etdi.

Sonra akademik R.Əliquliyev məruzə ilə əlaqədar bir sıra tövsiyələr verərək bildirdi ki, biliklər iqtisadiyyatının müasir vəziyyətinin araşdırılması, dünyada bu sahədə aparılan tədqiqatlar, yanaşmalar, metodikalar, eləcə də biliklər iqtisadiyyatının ölçülməsi mexanizminin öyrənilməsi zəruridir.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı