Britaniya şirkətləri əməkdaşların izlənilməsi üçün süni intellekt tətbiq edəcək

15 Aprel 2019 - 14:34 | Maraqlı məlumatlar
Britaniya şirkətləri əməkdaşların izlənilməsi üçün süni intellekt tətbiq edəcək

Hazırda beş hüquq şirkəti, daşınmaz əmlak agentliyi, tədris mərkəzi və konsaltinq bürosu “Status Today” Britaniya şirkətinin müştəriləridir. Onların işçilərinin (130 000 nəfər) fəaliyyəti “Isaak” adlı  süni intellekt tərəfindən izlənir və analiz edilir. Bu sistem artıq milyarddan çox əməliyyatı emal edib və şirkət rəhbərlikləri üçün hər bir nəzarət altında olan işçiyə aid məlumatları toplayıb.

“Isaak” insanın yerinə yetirdiyi əməliyyatları (mətn yazmaq, brauzerdə işləmək, telefonla zəng etmək, söhbət etmək və s.) izləyir. Hər şey çox dəqiqliklə protokollaşdırılır və etalon məlumatlarla müqayisə edilir. Məsələn, işçinin əlləri 5 dəqiqə ərzində klaviaturaya toxunmursa, deməli o, iş yerində digər fəaliyyətlə məşğuldur. 

techcult.ru saytının məlumatına görə, adi istifadəçilər məlumatların toplanması prosesinə təsir edə və ya süni intellektin əməkdaşlar haqqında müdiriyyətə ötürdüyü informasiyanı əldə edə bilməzlər. Lakin yenə də alqoritmlər tamamilə mükəmməl deyil.

İstehsalçılar bildiriblər ki, “Isaak” kimi süni intellekt sistemləri çox işləyən və tənbəllik edən əməkdaşları ayırd etməyə, yalançıları aşkarlamağa, həmçinin istedadlı, eyni zamanda təvazökar işçiləri irəli çəkməyə kömək edəcək. Lakin işçilərin bu sistemin tətbiqi ilə bağlı düşüncələri tamamilə neqativdir. Onların sözlərinə görə, əgər rəhbərlik əməkdaşlara etibar etmirsə və cansız süni intellekti onların üzərində nəzarətçi qoyursa, o zaman şirkətdə məhsuldar və effektiv işdən söhbət gedə bilməz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.