AMEA ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumu imzalanıb Yanvar 30, 2019 | 12:03 / Konfranslar, iclaslar

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə soydaşlarımızın birliyinin təmin edilməsi, Azərbaycanla əlaqələrinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər aparan Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə fəaliyyət göstərən Azərbaycan alimləri ilə əlaqələrin qurulması, Azərbaycan elmi diasporunun fəaliyyətinin təşviqi və təbliği istiqamətində Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə fəaliyyət göstərməsinin qeyd olunan işlərin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. AMEA prezidenti Komitə ilə əməkdaşlığın diaspor fəaliyyətinin inkişafına xidmət edəcək təhsil və elmyönümlü ölkədaxili və beynəlxalq tədbirlərin təşkili, habelə müvafiq sahələr üzrə gənc alimlərin, ixtisaslaşmış gənc kadrların yetişdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirilən islahatlardan, dövlətin bu sahəyə diqqət və qayğısından söz açıb. Bildirib ki, ölkə Prezidenti İlham Əliyevin siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi və digər istiqamətində bir sıra mühüm nailiyyətlərə imza atılıb.

Komitə sədri dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarının fəaliyyətindən söz açaraq xarici ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşlər keçirdiyini, onların vəziyyəti ilə yerindəcə tanış olaraq fikir mübadiləsi aparıldıqlarını diqqətə çatdırıb.

F.Muradov, həmçinin dünyada yaşayan azərbaycanlı gənclərin birliyinin daha da möhkəmləndirilməsi üçün “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin təsis edildiyini, dünyanın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyət mərkəz­ləri və Azərbaycan dili məktəblərinin fəaliyyətə başladığını vurğulayıb.

Komitə sədri rəhbərlik etdiyi qurumla AMEA-nın institutları arasında əməkdaşlıq perspektivlərindən danışıb, komitə ilə AMEA arasında birgə və koordinasiyalı fəaliyyətin zəruriliyini qeyd edib. O, iki qurum arasında əməkdaşlığın bundan sonra daha sıx davam etdiriləcəyinə əminliyini bildirib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin “Vətən uzaqda deyil. Vətən sizi gözləyir” şüarlı tanıtım videosu nümayiş etdirilib.

Tədbirdə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək diaspor fəaliyyətinin ölkədə əhəmiyyətli məsələlərdən olduğunu bildirib, diaspor siyasətinin azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrininin inkişafı, xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarının müdafiəsi, diasporun poten­sia­lından faydalanaraq dövlətlərarası münasibətlərin inkişafına töhfə verilməsi, ölkəmizin milli maraqlarının təbliği və siyasi arenada təsir gücünün artması istiqamətlərini əhatə etdiyini diqqətə çatdırıb. Alim AR Diasporla İş üzrə Dövlət Komitəsinin bu məsələlərin həllində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

R.Əliquliyev AMEA və AR Diasporla İş üzrə Dövlət Komitəsi arasında imzalanacaq memorandumun bəndlərindən birinin müvafiq institutlarda aparılan elmi-tədqiqat işlərində diaspor mövzusuna da yer verilməsini, eləcə də diaspor sahəsinin inkişafı və müvafiq problemlərinin öyrənilməsi məsələlərini əhatə etdiyini nəzərə çatdırıb. Qeyd edib ki, bu məqsədlə diaspor fəaliyyəti tədqiqat obyekti kimi istifadə olunaraq müxtəlif elmlərin prizmasından tədqiq olunmalı, Azərbaycan diasporu iqtisadi, sosial, psixoloji və s. istiqamətlər üzrə araşdırılmalıdır.

Akademik-katib ölkə Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində elmi-texniki potensialın gücləndirilməsi istiqamətində xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və proqramların həyata keçirilməsi üçün tədbirlərin görülməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Proqramın icrası ilə bağlı AMEA Rəyasət Heyətinin 18 noyabr 2016-cı il tarixli qərarı ilə “Tədbirlər Planı”nın təsdiq olunduğunu deyən R.Əliquliyev planın bəndlərindən birinin “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənilməsi məsələsinə həsr olunduğunu və bu işin AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edildiyini diqqətə çatdırıb. Alim bu məqsədlə İşçi Qrupun yaradıldığını və institutunun mütəxəssisləri tərəfindən “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənildiyini bildirib. Alim bu sistemin xaricdə yaşayıb fəaliyyət göstərən Azərbaycanlı alimlərin vahid informasiya mənbəyində birləşdirilməsinə dəstək vermək məqsədi daşıdığını vurğulayıb.

Bununla yanaşı, akademik R.Əliquliyev AMEA və AR Diasporla İş üzrə Dövlət Komitəsinin “Elektron diaspor”un proqramının hazırlanmasında iştirak etməklə bütün dünya azərbaycanlılarının maraqlarına xidmət edən ümummili resursların yaradılmasına dəstək verməsinin dünya azərbaycanlıları üçün böyük töhfə olacağına əminliyini ifadə edib.  

Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİradə HüseynovaBiologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək memorandumun müəssisələr arasındakı əlaqələrin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını bildiriblər.

Sonra AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan “Azərbaycan alimləri diasporu” informasiya sisteminin də təqdimatı olub. Sistemi təqdim edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova bildirib ki, sistemin yaradılmasında əsas məqsəd xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya mənbəyinin yaradılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətində tanıdılması, həmçinin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

O, veb-saytın “Ana səhifə”, “Sistem haqqında”, “Rəsmi sənədlər”, “Statistik göstəricilər”, “Faydalı linklər” və “Əlaqə” bölmələrindən ibarət olduğunu diqqətə çatdırıb. G.Nəbibəyovanın sözlərinə görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 500 azərbaycanlı alim haqqında məlumatların yer aldığı sistemdə, həmçinin xaricdə fəaliyyət göstərən alimlərin elm sahələri üzrə paylanmasına və cinsi mənsubiyyətinə dair statistik göstəricilər təqdim olunmuşdur.

Məruzəçi veb-saytın mütəmadi olaraq təkmilləşdirilməsi, müvafiq dəyişikliklərin həyata keçirilməsi və buraya xaricdə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında yeni məlumatların əlavə edilməsinin də nəzərdə tutulduğunu vurğulayıb.

Daha sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb.

Sənəddə diaspor sahəsinin inkişafına və müvafiq problemlərinin öyrənilməsinə elmi dəstəyin verilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sifarişinə əsasən, “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənilməsi, xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin qurulması, onlarla birgə tədbirlərin təşkili və s. məsələlər yer alır. 

Memorandumu akademik A.Əlizadə və F.Muradov imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı