Cenevrədə innovativ və yüksək texnologiyalar üzrə Azərbaycan startaplarının təqdimatı olub Dekabr 20, 2018 | 02:25 / Mühüm hadisələr

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycanda əqli mülkiyyətin inkişafı: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” mövzusunda sərgi-konfrans keçirilib.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş qərargahında təşkil olunan sərgi-konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

Nazirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri və Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao, Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində fövqəladə və səlahiyyətli səfir Vaqif Sadıqov, digər rəsmi şəxslər, diplomatik nümayəndəliklərin təmsilçiləri və startapçılar iştirak edib.

Açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri R.Quluzadə ölkəmizin innovativ inkişafından danışıb. Nazir bildirib ki, Azərbaycanda innovativ inkişaf ölkənin inkişaf prioritetlərindəndir və bu məsələ hökumət tərəfindən dəstəklənir. O qeyd edib ki, həm institusional, həm də iqtisadi islahatlar çərçivəsində ölkədə innovasiya ekosisteminin qurulması, startapların inkişafı üçün ciddi addımlar atılır.

R.Quluzadə, həmçinin vurğulayıb ki, bu fəaliyyətə özəl sektor da müxtəlif innovasiya mərkəzləri, laboratoriyalar yaratmaqla dövlət təşəbbüslərinə dəstək verir. Artıq Azərbaycan startapları beynəlxalq yarışlarda uğurla çıxış edirlər.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri Azərbaycanda əqli mülkiyyət sahəsində əldə edilən uğurlardan danışaraq bildirib ki, bu sahədə qanunvericilik bazasının inkişafı ölkənin sosial-iqtisadi həyatı üçün mühüm rol oynayır.

“Bu tədbir intellektual mülkiyyətin qorunmasına və innovasiyaların inkişafına həsr edilib. Azərbaycanda səfərdə olduğum müddətdə orada innovativ mühit və gənclərin innovasiya sahəsində fəallığını müşahidə etdim. Bunların hamısı ölkə rəhbərliyi tərəfindən dəstəklənir. Bu tədbir innovasiya mühitinin fəaliyyətini nümayiş etdirir”.

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao isə təmsil etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, ölkəmizin bu yaxınlarda təşkilatın rəhbər orqanlarına üzv seçildiyini vurğulayıb. O bildirib ki, Azərbaycan müasir texnologiyalar sahəsinə xüsusi diqqət göstərən ölkə kimi beynəlxalq nəqliyyat dəhlizləri üzərində innovativ HUB-a çevrilir.

Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov bildirib ki, Azərbaycan innovativ inkişaf yolundadır və bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapır. “Dünya Bankının son “The Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yeri tutub. Reytinqdə Azərbaycan 10 mövqedən 8-də öz göstəricilərini yaxşılaşdırıb. Dünyada islahatların sayına görə ölkəmiz əsas yerləri tutur”.

Sonra azərbaycanlı startapçıların hazırladıqları layihələrlə tanışlıq olub. 16 ən mütərəqqi yerli startap layihəsi sözügedən tədbir üçün yaradılmış işçi qrup tərəfindən seçilib. Layihələr səhiyyə, turizm, kənd təsərrüfatı, sənaye sahələrini əhatə edib.

Əkbər Əliyevin “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu”, “Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sabasiya üsulu və qurğusu”, Əli Nəcəfovun “Zirehli texnikanın reduktoru və dönmə mexanizmi”, Yusif Abdullayevin “Hypolife”, “Co2 catalyser”, Emin Hacıyevin “Pərsiz gəmi hərəkətvericisi”, Elçin Əskərovun “Onbranch”, Şahlar Paşayevin “Smart drawer”, “Sağlam yaşam platforması”, Camal Ağayevin “Smartkeyboard”, Murad Rəhimovun “Kuleko”, Elçin Ağazadənin “Wand”, “Zoom X”, Heydər Əliyevin ”Heart guard” layihələri təqdim olunub.

Təşkil olunan sərgi ilə tanışlıq zamanı startapçılar Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru və Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi qarşısında təqdimatlarla çıxış ediblər. Azərbaycanlı startapçıların layihələri böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində, həmçinin konfrans da keçirilib. Konfransda Azərbaycan, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqından olan çıxışçılar innovasiyaların inkişafı üzrə qabaqcıl təcrübə, mütərəqqi yanaşmalar barədə məlumat veriblər.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı