“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçirildi Dekabr 14, 2018 | 11:38 / Konfranslar, iclaslar

Dekabrın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçirildi. Konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söylədi.

“İnformasiya cəmiyyətinin uğurlu, dayanıqlı inkişafının təmin edilməsi informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsindən birbaşa asılıdır”, – deyə bildirən AMEA prezidenti qeyd etdi ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrildiyini vurğulayan alim bildirdi ki, bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizim, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirildiyini söyləyən A.Əlizadə ölkəmizin informasiya cəmiyyəti, onun mühüm istiqamətləri olan genişzolaqlı İnternet, eləcə də elektron dövlətin inkişaf tempinə görə dünyada layiqli mövqelərdən birini tutduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu inkişaf prosesləri ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının da aktuallığını artırır.

“Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə qanunvericilik, infrastruktur, kadr hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə mühüm işlər görülməkdədir”, – deyən A.Əlizadə bu məqsədlə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbul edildiyini, Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiyanın layihəsinin işlənib hazırlandığını və digər işlərin həyata keçirildiyini dedi.

Alim qeyd etdi ki, bununla yanaşı, xarici ölkələrdən texnoloji asılılığın aradan qaldırılması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi, İKT sənayesinin, o cümlədən proqram mühəndisliyi sənayesinin formalaşdırılması, informasiya təhlükəsizliyi üzrə gənc kadrların yetişdirilməsi vacib məsələlərdəndir.

Akademik AMEA-da informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması işlərinin həyata keçirildiyini bildirərək İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edən bir sıra aktual istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını, dissertasiya işlərinin yerinə yetirildiyini nəzərə çatdırdı. Həmçinin qeyd etdi ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz informasiya təhlükəsizliyi ilə bağlıdır.

A.Əlizadə ölkəmizin informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və inkişafı üçün bu kimi elmi-nəzəri konfrasların və ictimai müzakirələrin keçirilməsinin vacib olduğunu söyləyərək artıq ənənə halını almış bu konfransın gələcəkdə beynəlxalq səviyyəli elmi toplantıya çevrilməsinin zəruriliyini vurğuladı.

Sonra AR Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək artıq dördüncü dəfədir keçirilən konfransın əhəmiyyətini qeyd etdi. Bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu söylədi.

Ölkəmizdə informasiya məkanının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verildiyini qeyd edən məruzəçi bu məqsədlə AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılmasını bu sahədə fəaliyyətin tənzimlənməsinə və kiberhücumların qarşısının alınmasına şərait yaratdığını dedi.

Hazırda ölkəmizdə əhalinin böyük hissənin İnternetə çıxışının olduğunu və çox sayda İnternet-media resurslarının fəaliyyət göstərdiyini deyən Ə.Amaşov bu resursların informasiya təhlükəsizliyinin təmin olunması və kiberhücumlara qarşı mübarizə üsullarının müəyyənləşdirilməsinin vacib məsələlərdən olduğunu diqqətə çatdırdı.

AR Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika elmləri doktoru İqbal Babayev bu yaxınlarda AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumunun imzalandığını xatırlatdı. Memorandumun imzalanmasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun xüsusi rola malik olduğunu qeyd edən alim bu memorandumun elmi araşdırmalardan əməliyyat-axtarış tədbirlərində istifadə, informasiya texnologiyalarının tətbiqi, təhsil və elmi-tədqiqat məsələləri ilə əlaqədar qarşılıqlı dəstək və təcrübə mübadiləsinin aparılması, müştərək layihə və tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Gömrük sahəsinin multidissiplinar xarakter daşıdığını söyləyən İ.Babayev DGK-nin akademiyada müxtəlif sahələrdə aparılan elmi istiqamətlər üzrə əməkdaşlıq imkanlarının yaradılmasına maraqlı olduğunu diqqətə çatdırdı. O, komitədə böyük yaddaş resurslarına malik elektron məlumat bazasının mövcud olduğunu bildirərək gömrük işi ilə əlaqədar elmi tədqiqatlar aparan, habelə müvafiq ixtisaslar üzrə təhsil alan magistrant, doktorant və dissertantlara, eləcə də  elmi araşdırmalar zamanı gömrük işi ilə əlaqədar müvafiq məlumatların daha asan və sürətli əldə olunmasına şərait yaradılması məqsədilə informasiya texnologiyalarının tətbiqi imkanlarından geniş istifadə edilməsini nəzərdə tutan Tədbirlər planının işlənildiyini diqqətə çatdırdı.

Sonra Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Məmmədov çıxış edərək informasiyanın elm, siyasət, dövlət və onun institutları ilə birbaşa əlaqəli olduğunu qeyd etdi, onun dövlətin sosial bazasını formalaşdırdığını bildirdi.

İnformasiyanın idarəetmə, infoimperializm, manipuliyasiya, infomədənilik yaradan vasitə olduğunu bildirən məruzəçi informasiya və dövlət arasındakı əlaqəni nəzərdən keçirdikdə informasiyanın dövlətin mövcudluğunu təhdid törədə biləcək təhlükələrdən olduğunu diqqətə çatdırdı.   

Dünyada informasiya təhlükəsizliyi ilə bağlı mövcud problemlərdən danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz proqram təminatı və avadanlıqların cəmiyyətə təsiri ilə əlaqədar görülməli işləri nəzərə çatdırdı, təkliflərini səsləndirdi. İnformasiya təhlükəsizliyi problemlərinin həlinin vətəndaşların maraqlarından qaynaqlanmalı olduğunu, dünyada bu sahədə yeni trendlərin nəzərdən keçirilməsinin zəruriliyini vurğuladı.

Sonra çıxış edən AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev ölkədə informasiya təhlükəsizliyi probleminin elmi-nəzəri əsaslarının dərindən araşdırılmasının vacibliyini qeyd etdi. O, AMEA-da informasiya təhlükəsizliyinin elmi-nəzəri problemlərinin tədqiqinə xüsusi önəm verildiyini və bu istiqamətdə tədbirlərin həyata keçirildiyini vurğuladı.

Daha sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək ölkəmizdə dövlət qurumlarında İKT-nin tətbiqi işinin genişləndirilməsi, vahid şəbəkə infrastrukturu əsasında təhlükəsiz informasiya mübadiləsinin aparılması məqsədilə tədbirlər görüldüyünü, informasiya təhlükəsizliyinin yüksəldilməsinin daim diqqətdə saxlanıldığını bildirdi. Akademik Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm sənədlərin qəbul edildiyini söylədi.

R.Əliquliyev AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən informasiya təhlükəsizliyi sahəsinə aid qanunvericilik, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlərə elmi dəstək verildiyini, informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı araşdırmaların aparıldığını bildirdi.

O, həmçinin informasiya təhlükəsizliyi sahəsində multidissiplinar problemlərin araşdırılmasının vacibliyindən danışdı. Akademik-katib inkişaf etmiş ölkələrdə informasiya cəmiyyəti ideyasını həyata keçirən İnformasiya Ombudsmanı İnstitutunun fəaliyyət göstərdiyini dedi. Alim dünya təcrübəsini nəzərə alaraq, ölkəmizdə də belə bir institutunun yaradılmasının, bu istiqamətdə ciddi tədbirlərin görülməsinin məqsədəuyğun olduğunu vurğuladı. 

Daha sonra konfrans işini plenar iclasla davam etdirdi. İclasda akademik Rasim Əliquliyev “İnformasiya  təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponenti kimi” mövzusunda məruzə ilə çıxış edərək informasiya təhlükəsizliyinin təmini məsələlərinin hər bir dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biri kimi strateji əhəmiyyət kəsb etdiyini bildirdi.

Alim informasiya və kommunikasiya sistemlərinə təhdidlər, elektron resursların qorunması və rəqəmsal irsin formalaşdırılması, İnternet mühitində uşaqların mühafizəsi ilə bağlı mövcud problemlərdən söz açdı.

Akademik, həmçinin texnoloji sistemlərin kiberfiziki təhlükəsizliyi, milli proqram sənayesi və informasiya təhlükəsizliyi məsələlərindən bəhs etdi, milli veb-resursların statistik-analitik mexanizmlərinin işlənməsinin zəruriliyini vurğuladı. R.Əliquliyev bildirdi ki, hazırda veb-resursların vəziyyəti haqqında statistik məlumatların xarici operatorlar tərəfindən toplanması və analiz olunması, milli veb-resursların statistik və analitik təminat mərkəzləri və servislərinin yaradılması zərurəti bu istiqamətlərdə elmi araşdırmaların aparılmasını, milli və beynəlxalq tələblərə cavab verən statistik mexanizmlərin işlənilməsinin əhəmiyyətini önə çəkir.

R.Əliquliyev milli antivirus, antispam və antiplagiat sistemlərinin konseptual əsasları barədə məlumat verdi, informasiya təhlükəsizliyi və sosiohumanitar elmlərin qarşılıqlı əlaqəsindən danışdı. Qeyd etdi ki, sosiohumanitar elmlər informasiya təhlükəsizliyinin qarşısında duran vəzifələrin həllində, eləcə də informasiya təhlükəsizliyi sosiohumanitar elmlərin problemlərinin həllində xüsusi rol oynaya bilər.

Alim, eləcə də, informasiya təhlükəsizliyinin normativ-hüquqi bazasının inkişafı ilə əlaqədar təkliflərini səsləndirdi. Onun sözlərinə görə, bu məqsədlə pilotsuz uçuş aparatlarına dair, eyni zamanda, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla beynəlxalq öhdəliklərdən irəli gələn qanunlar qəbul edilməli, normativ-hüquqi sənədlərin praktikada geniş tətbiqi üçün kompleks tədbirlər görülməli, informasiya hüququ sahəsində kadr hazırlığı və elmi araşdırmalar həyata keçirilməlidir.

“Azərbaycan dilinin qorunması milli informasiya təhlükəsizliyi problemidir”, – deyə bildirən institut direktoru e-milli dövlətin arxitektur əsaslarından danışdı. Bildirdi ki, buraya milli terminologiya sistemi, milli orfoqrafiya-orfoepiya sistemi, transliterasiya sistemi, kompüter tərcüməsi sistemləri, milli lüğətlər, dialektoloji sistem, dil biliklərinin tədrisi və qiymətləndirilməsi sistemləri, milli adlar sistemi, linqvistik təhlükəsizlik sistemi, azsaylı xalqların dil resursları və sistemləri, işarə dili resursları və sistemləri, mətn mühəndisliyi və s. daxildir.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet elm kompüter şəbəkəsinin informasiya təhlükəsizliyi məsələləri” mövzusunda məruzə ilə çıxış etdi. O, AzScienceNet şəbəkəsinin infrastrukturu, istifadə siyasəti, şəbəkənin Data Mərkəzinin texniki imkanları, şəbəkənin GEANT şəbəkə infrastrukturuna inteqrasiyası, Azərbaycan Təhsil Şəbəkəsi ilə əməkdaşlıq, informasiya təhlükəsizliyinin təmin olunması üçün görülmüş işlər, şəbəkədən istifadə zamanı yolverilməz əməllər, istifadəçilərə nəzarət və xəbərdarlıq, təhlükəsizlik hadisələrinin yaranma səbəbləri haqqında ətraflı məlumat verdi.  

R.Ələkbərov şəbəkədə informasiya təhlükəsizliyi siyasətinin məqsəd və vəzifələrindən söz açaraq bildirdi ki, informasiya təhlükəsizliyinə təhdidlərin AMEA-nın şəbəkələrinə və informasiya resurslarına vura biləcəyi maddi və mənəvi ziyanın minimumlaşdırılması, AMEA-nın işgüzar nüfuzunun yüksəldilməsi, informasiya təhlükəsizliyi üçün vahid prinsiplərin formalaşdırılması, informasiya təhlükəsizliyi sisteminin yaradılması, fəaliyyəti və inkişafı üçün müvafiq təşkilati-metodiki bazanın formalaşdırılması əsas məqsəd və vəzifələrdəndir.

Məruzəçi şəbəkədə informasiya təhlükəsizliyi sisteminin yaradılması zamanı həll edilən əsas məsələlərdən danışdı, bu məsələlərə AMEA korporativ şəbəkəsində informasiya təhlükəsizliyinə potensial təhdidlərin müəyyənləşdirilməsi və onların analizi, AMEA korporativ şəbəkəsində kontent üzrə informasiya resurslarının təsnifatı, informasiya təhlükəsizliyi baxımından vahid tələblərin və qaydaların müəyyənləşdirilməsi, eləcə də informasiya təhlükəsizliyi sistemi üçün tələblərin formalaşdırılmasının aid edildiyini bildirdi.

R.Ələkbərov, həmçinin AzScienceCERT xidməti, AzScienceNet-in monitorinq və informasiya təhlükəsizliyi xidməti və bu xidmətin təşkili üçün istifadə olunan proqram təminatları və avadanlıqlar, Verilənlərin Emalı Mərkəzinin avadanlıqların etibarlılığının artırılması, informasiya təhlükəsizliyi üzrə fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı görülən işləri nəzərə çatdırdı.

Daha sonra institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Elektron dövlətdə milli təhlükəsizliyə bəzi təhdidlərin aşkarlanması metodları haqqında” mövzusunda məruzə ilə çıxış edərək elektron dövlət mühitində terrorizmi təbliğ edən mətnlərin filtrasiyasına dair yanaşma, təhdidlərin qiymətləndirilməsi üçün qeyri-səlis model, e-dövlət mühitində toplanmış məlumatlardan anomaliyaların aşkarlanması üçün metodun təklif olunduğunu bildirdi. Həmin metod və modellər haqqında ətraflı məlumat verərək bildirdi ki, bu metodların digər məlum metodlarla müqayisəsi aparılmış, eksperimental nəticələr yeni yanaşma və metodların effektivliyini sübut etmişdir.

Daha sonra konfrans “İnformasiya təhlükəsizliyinin elmi-nəzəri problemləri”, “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin praktiki problemləri” bölmələri üzrə seksiya iclasları ilə davam etdirildi. İclaslarda “E-dövlət mühitində sosial münasibətlərin təhlükəsizliyi”, “Bulud əsaslı elektron dövlət xidmətlərinin səmərəliliyinin artırılması metodu”, “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması məsələləri”, “İnformasiya iqtisadiyyatının kibertəhlükəsizliyinin təminatı istiqamətləri və texnologiyaları”, “Elektron milli dövlət: Azərbaycan dilinin qorunması və inkişafı üçün imkan və perspektivlər”, “Plagiatlıqla mübarizə informasiya təhlükəsizliyinin mühüm istiqaməti kimi”, “Elektron dövlət mühitində fərdi məlumatların mühafizəsi problemləri”, “Proqram təminatının təhlükəsizliyinin təmin olunmasının bəzi üsulları haqqında”, “Proqram təminatının testləşdirilməsi üçün sınaq texnologiyalarının təhlili”, “Verilənlərin sanitarizasiyası – informasiya təhlükəsizliyinin təmini kimi”, “Kompüter şəbəkələrində zərərli proqramların analizi üsulları” və s. mövzularda məruzələr təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı