Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlər işlənilib Dekabr 03, 2018 | 10:34 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 13 saylı şöbənin 2018-ci ili əhatə edən hesabatı müzakirə olundu. Rəhbərlik etdiyi şöbənin hesabatını təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev cari ildə şöbədə aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verdi. Alim böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri, mətnlərin avtomatik referatlaşdırılması üçün metodların işlənilməsi, Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması, sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə elektron dövlətin tədqiqi, elektron dövlətin formalaşdırılması və idarə edilməsi mexanizmlərinin işlənilməsi üzrə araşdırmaların aparıldığını qeyd etdi.

Şöbə müdiri, həmçinin Big Data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin, elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin, elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi, virtual mühitdə biliklərin intellektual təqdiminin metod və alqoritmlərinin yaradılması və digər istiqamətlərdə tədqiqatların davam etdirildiyini diqqətə çatdırdı.

R.Alıquliyevin sözlərinə görə, hesabat ili ərzində şöbə əməkdaşları tərəfindən WoS və Scopus bazalarında indeksləşən jurnal və konfrans materiallarında 21, digər beynəlxalq elmi bazalarda (DBLP, EBSCO, ACM, Google Scholar və s.) indeksləşən jurnallarda 11 məqalə çap olunmuş, WoS bazasında indeksləşən jurnallarda 4 məqalə rəyə təqdim olunmuşdur. 

Şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən söz açan alim qeyd etdi ki, AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” və “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi”, ARDNŞ-nin Elm Fondunun “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” adlı qrant layihələri, eləcə də Azərbaycan-Rusiya birgə qrantı olan “Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi” layihəsi çərçivəsində elmi tədqiqatlar aparılır.

Beynəlxalq elmi əməkdaşlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verən R.Alıquliyev Avstraliya Federasiya Universiteti, Malayziya Texnologiya Universiteti, Qazaxıstan İnformasiya və Telekommunikasiya Texnologiyaları İnstitutu, Ankara Universiteti və Kataloniya Politexnik Universiteti ilə əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirdi. Qeyd etdi ki, bu elmi qurumların alimləri ilə birgə elmi araşdırmalar aparılmış, əməkdaşlığın nəticəsi olaraq 5 məqalə hazırlanmışdır.

Alim rəhbərlik etdiyi şöbənin elmmetrik göstəriciləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, şöbə əməkdaşlarının əsərlərinə cari ildə 425, son 5 ildə 2109, ümumilikdə isə 3124 istinad olunmuşdur.

Hesabata dair çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev şöbədə aparılan elmi tədqiqatların prioritet elmi istiqamətlərə həsr olunduğunu bildirdi, şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirdi.

Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş qiymətləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı