Akademik Rasim Əliquliyev: “Əsas məqsədimiz institutun elmi potensialını daha da inkişaf etdirməkdir” Sentyabr 21, 2018 | 09:35 / Konfranslar, iclaslar

Bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun  direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının növbəti iclasında çıxışı zamanı səsləndirdi. Rəhbərlik etdiyi qurumun 2018-ci ilin I yarısı üçün hesabatının yekunları haqqında məlumat verən alim 6 ay ərzində elmi-innovasiya və elmi-təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər, həyata keçirilmiş elmi tədqiqatlar, eləcə də digər tədbirlərdən söz açdı.

R.Əliquliyev bildirdi ki, 2018-ci ilin birinci yarımilində institutda Big Data analitikası, verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, kiberfiziki sistemlərin tədqiqi, bulud texnologiyaları, proqram mühəndisliyinin elmi-nəzəri problemləri, süni intellekt və sosioinformasiya texnologiyaları, elektron təhsilin elmi-nəzəri problemləri və digər prioritet istiqamətlərdə araşdırmalar aparılmışdır.

“Əsas məqsədimiz institutun elmi potensialını daha da inkişaf etdirməkdir”, – deyə bildirən alim 6 ay ərzində elmi tədqiqatların nəticəsi kimi institut əməkdaşları tərəfindən nəşr olunmuş məqalələr haqqında məlumat verdi. Bildirdi ki, nəzərdə tutulmuş 116 məqalədən 31-i xaricdə, 26-sı respublikada olmaqla 57-si nəşr olunmuşdur ki, bunlardan da 18-i yüksək istinad indeksli elmi bazalara daxil olmuşdur.

Alim elmmetrik göstəricilər haqqında da məlumat verərək institut əməkdaşlarının elmi əsərlərinə son 6 ay ərzində 417, son 5 ildə 4247, ümumilikdə isə 5991 dəfə istinad olunduğunu diqqətə çatdırdı.

AMEA-nın akademik-katibi rəhbərlik etdiyi qurumda beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlərdən də söz açdı. Qeyd etdi ki, 2018-ci ilin birinci yarısında institut bir neçə beynəlxalq qurum və assosiasiya ilə əməkdaşlıq qurmuş, müxtəlif səpkili görüşlər keçirmiş, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etmiş, xarici alimlərlə birgə elmi tədqiqatlar aparmışdır.

Sonra alim institutun elmi və innovativ potensialının gücləndirilməsi ilə bağlı bir sıra tövsiyələr verdi. Keyfiyyətli elmi məqalələrin hazırlanması, onların yüksək istinad indeksli jurnallarda, beynəlxalq bazalarda nəşr olunması, xarici ölkələrin elmi-tədqiqat müəssisələri ilə kadr və təcrübə mübadiləsinin aparılmasının institut qarşısında duran vəzifələrdən olduğunu qeyd etdi.

“Elmi tədqiqatların əsas hərəkətverici qüvvəsi olan qrant layihələr həm də beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır”, – deyən R.Əliquliyev bütün əməkdaşların, xüsusilə də gənc kadrların respublika və beynəlxalq səviyyəli qrant layihələrdə iştirakının zəruriliyini vurğuladı.

Gənclərin institutun elmi ictimai həyatında fəal iştirakının vacibliyini önə çəkən alim onlara dünyanın çağırışlarına və müasir dövrün tələblərinə cavab verən araşdırmalar aparmağı tövsiyə etdi. Qeyd etdi ki, hər bir şöbənin fəaliyyəti yenidən qurulmalı, əməkdaşlar dövlətin qarşısında duran vəzifələrin icrasında yaxından iştirak etməli, mütəmadi olaraq şöbədaxili seminarlar keçirərək birgə fəaliyyət göstərməlidir.

Akademik R.Əliquliyev institutun İctimaiyyətlə əlaqələr şöbəsi və Gənc  alim  və  mütəxəssislər  şurasının  fəaliyyəti, qurumun iştirak etdiyi dövlət proqramları və qrant layihələr haqqında məlumatları da diqqətə çatdırdı.

Tədbirin sonunda 6 aylıq hesabatla bağlı geniş müzakirələr aparıldı, çoxsaylı sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı