İnşaatda informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş beynəlxalq konfrans keçirilir İyul 05, 2018 | 04:12 / Konfranslar, iclaslar

5 iyul 2018-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının məsul şəxsləri, KİV nümayəndələri, eləcə də AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbiri giriş nitqi ilə universitetin rektoru, professor Gülçöhrə Məmmədova açaraq müasir dövr üçün aktual mövzuya həsr olunan beynəlxalq tədbirin əhəmiyyətindən söz açıb. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsinin vacib olduğunu qeyd edib. O, XXI  əsrin daha çox elm və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, İT texnologiyalarının həyatın bütün sahələrinə tətbiqi ilə səciyyələndiyini vurğulayıb.

Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri, professor Kamran İmanov çıxış edərək müasir dövrdə elm, təhsil və yeni biliklərin əldə olunmasının ən mühüm amillərdən olduğunu vurğulayıb. “İnformasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün istifadə olunması qlobal səviyyədə inkişafın əsas şərtlərindən sayılır”, – deyə bildirən alim hazırda bütün ölkələrdə iqtisadi potensialın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Bildirib  ki, gələcəkdə şəhər tikintisində smart texnologiyaların tətbiqinə daha çox üstünlük veriləcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İT texnologiyalarının artıq müasir həyatın ayrılmaz bir hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla  tətbiq olunduğunu qeyd edib. O bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq bütün sahələrdə yeni alətlərdən istifadə olunur, müxtəlif xidmətlər göstərən yeni formalı mexanizmlər yaranır.

Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev informasiya texnologiyalarının inşaatda tətbiqi ilə bağlı çıxış edib. Konfransın əhəmiyyətini önə çəkən alim bu gün müasir inkişaf mərhələsində olan Azərbaycanın tikinti sektorunda böyük nailiyyətlərə imza atdığını, son onilliklər ərzində ölkəmizin bu sahədə dünya memarlıq xəzinəsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

“Elektron Bakı” proqramının işlənilməsi və həyata keçirilməsinin vaxtı çatıb”, – deyə bildirən alim, Azərbaycan şəhərlərinin elektron şəhərlərə çevrilməsi, ölkədə binaların vahid şəbəkəyə qoşulması üçün müvafiq sahədə fəaliyyət göstərən alim və mütəxəssisləri birgə fəaliyyət göstərməyə, taleyüklü məsələlərin həllinə diqqət yetirməyə çağırıb.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov da çıxış edərək “İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və perspektivləri” mövzusunda konfransın keçirilməsini yüksək qiymətləndirib. Son zamanlar informasiya texnologiyalarının müxtəlif sosial-iqtisadi sferalarda geniş tətbiqi ilə bir çox nailiyyətlərin əldə olunduğunu vurğulayaraq inşaat sahəsində də İKT-nin məqsədyönlü şəkildə tətbiqinin vacib məsələlərdən olduğunu deyib.

Konfransın plenar iclasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, akademik  Telman Əliyev və özbəkistanlı alim İbrohiməli Normatovun məruzələri dinlənilib.

Qeyd edək ki, iki gün davam edəcək konfransda 110 məruzənin dinlənilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı