Ankara Universitetində elektron elmin elmi-nəzəri və praktiki məsələləri müzakirə olunub İyul 05, 2018 | 12:32 / Mühüm hadisələr

25-30 iyun 2018-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və 3 saylı şöbənin müdiri Təhmasib Fətəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) 2014-cü ilin əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramlarının qalibi olmuş “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” adlı qrant layihə üzrə alınmış elmi nəticələrin müzakirəsi və əməkdaşlıq əlaqələrinin müəyyənləşdirilməsi məqsədi ilə Ankara şəhərində elmi ezamiyyətdə olublar.

Ezamiyyət çərçivəsində Ankara Universitetinin Mühəndislik fakültəsinin Kompüter Mühəndisliyi şöbəsində şöbə müdiri, professor İman Əskərzadə və şöbə əməkdaşları ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə iştirak edən prof. Şahin Əmrah, Dr. Yılmaz Ar, Dr. Mehmet Serdar Güzel və digərləri Ankara Universiteti, onun strukturu, yaranma tarixi, eləcə də Kompüter mühəndisliyi şöbəsinin fəaliyyət istiqamətləri, elektron elm sahəsində əldə edilmiş nailiyyətlər və perspektivlər haqqında ətraflı məlumat veriblər.

Görüşdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti haqqında məruzələr dinlənilib. Məruzələrdə institutun elmi-tədqiqat istiqamətləri, iştirak etdiyi elmi layihələr və beynəlxalq əlaqələri haqqında geniş məlumat verilib. İnstitutun elektron elm sahəsində apardığı elmi və texnoloji fəaliyyət, onun şəbəkə platforması AzScienceNet şəbəkəsi, Data Mərkəz və e-elm çərçivəsində təqdim etdiyi şəbəkə xidmətləri diqqətə çatdırılıb. E-elm sahəsində aparılan elmi-tədqiqatlar, qrant layihələri və alınmış nəticələr barədə müzakirələr aparılıb.

Qeyd edilib ki, elektron Azərbaycanın tərkib hissəsi olan e-elm respublikanın elmi qurumlarının fəaliyyətinin müasir İKT-nin tətbiqi ilə yenidən qurulması və vahid onlayn elmi infrastrukturun formalaşdırılmasını nəzərdə tutur. EİF-in maliyyələşdirdiyi çoxsaylı layihələrdən biri olan “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” layihəsinin məqsədi respublikada çoxfunksiyalı, analitik və qiymətləndirmə imkanlarına malik, təhlükəsiz və etibarlı vahid elektron elmi infrastrukturun – e-elm və onun funksional sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsidir.

Layihə çərçivəsində e-elm sahəsində aparılan tədqiqatların müasir vəziyyəti analiz və monitorinq olunmuş, aktual problemlər müəyyənləşdirilmiş, e-elmin mövcud vəziyyəti monitorinq olunmuş, Azərbaycanın e-elm şəbəkəsinin arxitektur modeli işlənmiş, e-elm mühitində yaddaş və şəbəkə resurslarının optimal paylanması üçün modellər təklif olunmuş, e-elm mühitində elmi-problemlərin identifikasiyası üçün metodlar işlənmiş və digər işlər görülmüşdür. Bildirilib ki, layihə çərçivəsində həll olunmuş məsələlərdən alınmış çoxsaylı elmi nəticələr ölkənin və dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş və tanınmış beynəlxalq elmi bazalar və kitabxanalara daxil olunmuşdur.

Görüşün sonunda hər iki tərəfin birgə elmi əməkdaşlıq üçün maraqlı olduğu bildirilib. Əməkdaşlıq istiqamətlərinin daha da dəqiqəşdirilməsi və birgə elmi tədqiqat planının hazırlanması üçün növbəti görüşlərin keçirilməsi təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı