Akademik Rasim Əliquliyev: “Elmi araşdırmalar planlı, məqsədyönlü və mərhələli şəkildə aparılmalıdır” İyun 28, 2018 | 03:29 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı və İctimaiyyətlə əlaqələr şöbələrinin birgə elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev tədbirin şöbə əməkdaşlarının apardıqları elmi tədqiqatlar ilə əlaqədar problemlərin, elmi-nəzəri və riyazi bazanın müəyyənləşdirilməsi, hazırlanacaq elmi məqalələrin strukturu və əməkdaşların “Web of Science”, “Scopus”, “Researchgate”, “Google Scholar” və s. virtual elmi bazalarda fəaliyyəti məsələlərinin müzakirəsinə həsr olunduğunu bildirdi.  

Sonra şöbənin əməkdaşı Fidan Sadıqova apardığı araşdırmalar haqqında ətraflı məlumat verərək mobil telefonlar vasitəsilə cəmiyyətin analizi sisteminin aktuallığından danışdı. Qeyd etdi ki, müxtəlif vaxt ölçüsündə insanlar arasındakı ünsiyyətin analiz olunması, insanların cəmiyyətdə münasibətlərinin başa düşülməsi üçün mobil telefonlar vasitəsilə əlaqələrinin analizi böyük əhəmiyyət kəsb edir.

O, mobil telefonlar vasitəsilə vətəndaşlar arasında sosial əlaqələrin analizi məqsədilə dünya təcrübəsinin araşdırıldığını, mövcud yanaşmaların analiz olunaraq müqayisə edildiyini və PageRank alqoritmindən istifadə perspektivlərinin tədqiq olunduğunu bildirdi.  

Akademik Rasim Əliquliyev gənc mütəxəssisə mobil telefonlar vasitəsilə sosial şəbəkələrin analizi ilə məşğul olan alimlərin elmi əsərlərini dərindən öyrənilməsini tövsiyə etdi. Bildirdi ki, insanlar arasındakı mobil danışıqları analiz etməklə hər bir fərdin cəmiyyətdəki rolunu müəyyən etmək mümkündür: “Bu üsulla qraflar nəzəriyyəsi əsasında sosial şəbəkənin analizini aparmaq mümkündür”.

Akademik qeyd etdi ki, intellektual analiz metodlarından istifadə etməklə cəmiyyəti regionlar üzrə gender problemləri, regionların sosial-iqtisadi inkişafı və s. əlamətlərə görə təsnifatlandırmaq olar.

Şöbə müdiri tədqiqatın səmərəli aparılması üçün “qraflar nəzəriyyəsi”, “sosial şəbəkələr nəzəriyyəsi”, eləcə də riyazi modellərin dərindən öyrənilməsini tövsiyə etdi və bildirdi ki, bu tədqiqat işləri gələcəkdə nəzərdə tutulan “Mobil telefon istifadəçilərinin intellektual analizi” mövzusunda dissertasiya işinin əsasını təşkil edir.

Şöbənin əməkdaşı Gülnar Nəcəfova insanlar arasında şəxsi münasibətlərin aşkarlanması üçün dünya təcrübəsinin öyrənildiyini dedi. O, məsələnin həlli üçün istifadə olunan metod və alqoritmlər haqqında məlumat verdi. Sosial əlaqələrin vizual təsviri üçün istifadə olunan alqoritmlərin imkanlarından danışdı, sosial əlaqənin aşkarlanması üçün əsasən qraflar nəzəriyyəsindən istifadə olunduğunu bildirdi.

Akademik R.Əliquliyev sosiologiya nəzəriyyəsi, sosial şəbəkələrin analizi metodlarının dərindən öyrənilməsini tövsiyə etdi. Bildirdi ki, məsələnin həlli üçün çəkili qraf metodundan istifadə olunmalı və qrafdakı münasibətləri aşkarlamaq üçün intellektual sistem qurulmalıdır.

Daha sonra şöbənin əməkdaşı Turqut Yasin biliklər iqtisadiyyatı anlayışının yaranma tarixi, bu sahədə çalışan alimlər haqqında məlumat verdi. O, biliklər iqtisadiyyatı ilə əlaqədar problemlərin analizi və təsnifatlandırılması ilə bağlı tədqiqatlar apardığını diqqətə çatdırdı.

Şöbə əməkdaşları apardıqları elmi araşdırmalar haqqında akademik R.Əliquliyevə məlumat verdilər. Alim elmi tədqiqatların aparılması üsullarına dair tövsiyələrini səsləndirdi. Bildirdi ki, elmi araşdırmalar planlı, məqsədyönlü və mərhələli şəkildə aparılmalıdır. Akademik, həmçinin İnternetdə elmi bazalarda axtarış zamanı açar sözlərin düzgün seçilməsinin vacib məsələlərdən olduğunu vurğuladı.

R.Əliquliyev gənc tədqiqatçılara elmi araşdırmaların sürətləndirilməsini, onların nəticəsi olaraq məqalələrin hazırlanmasını və nüfuzlu xarici elmi jurnallarda çap olunmasını tövsiyə etdi.

Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı