İnformasiya Texnologiyaları İnstitutu ilə Moskva Energetika İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu İyul 03, 2014 | 11:00 / Görüşlər

İyulun 2-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Moskva Energetika İnstitutunun (MEİ) rektoru, professor Nikolay Roqalevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Məqsəd institut ilə tanışlıq və əməkdaşlıq perspektivlərinin müzakirəsi idi. 

Görüşdə MEİ-nin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vladimir Zamolodçikov, iqtisadiyyat üzrə prorektor, dosent Qalina Kurdyukova, administrativ-təsərrüfat işləri üzrə prorektor Vladimir Snegirev, “İdarəetmə və informatika” kafedrasının müdiri Aleksandr Bobryakov və AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Mərdanov iştirak edirdilər. 

Öncə qonaqlar institutun AzScienceNet elm kompüter şəbəkəsi, Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, həmçinin Elektron Kitabxana Mərkəzində görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar ilə yaxından tanış oldular. 

İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verən institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutda görülən işlərdən söhbət açdı. İnstitutun informasiya-kommunikasiya texnologiyaları sahəsində qəbul olunmuş dövlət proqramlarında fəal iştirak etdiyini vurğuladı. 

Sonra çıxış edən N.Roqalev təmsil etdiyi qurumun Rusiyada energetika, elektotexnika, elektronika və informatika üzrə ən böyük texniki universitetlərdən biri olduğunu diqqətə çatdırdı. Bildirdi ki, institutun məqsədi fundamental və tətbiqi elmi araşdırmaların aparılması, universitetin innovasiya sisteminin fəaliyyətinin yaradılması və təkmilləşdirilməsi, həmçinin Rusiyanın dayanıqlı yüksəktexnologiyalı inkişafının təmin edilməsində iştirakdır. 

O, müasir tədris korpusları, tədris və elmi laboratoriyalar, güclü eksperimental baza, təcrübə zavodu, tədris-elmi istilik stansiyası və s. malik olan institutda hazırda dünyanın 68 ölkəsindən tələbə və doktorantın təhsil aldığını söylədi. 

Sonda AMEA İnformasiya Texnologiyaları İnstitutu və MEİ arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyini vurğulandı. Birgə layihələrdə iştirak, kadr və təcrübə mübadiləsinin aparılmasının hər iki qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində mühüm rol oynayacağı bildirildi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı