Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması sahəsində dissertasiya işi üzrə aparılmış tədqiqatların elmi-nəzəri nəticələri təqdim olundu May 08, 2018 | 12:24 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və  idarə olunması üzrə model və mexanizmlərin işlənilməsi” mövzusunda dissertasiya işi üzrə aparılmış tədqiqatların elmi-nəzəri nəticələrinə həsr olunduğunu bildirdi.

Sonra institutun əməkdaşı Roza Şahverdiyeva dissertasiya mövzusu üzrə məruzəni təqdim edərək işin məqsədi, qarşıya qoyulmuş məsələlər, fəsilləri, strukturu və həcmi, çap olunmuş elmi əsərlərin sayı haqqında ətraflı məlumat verdi.

Məruzəçi bildirdi ki, dissertasiya mövzusunun aktuallığını şərtləndirən milli və beynəlxalq sənədlər mövcuddur. İnformasiya Cəmiyyəti üzrə Milli Strategiya (2014-2020-ci illər), “Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri, Dünya İqtisadi Forumunun təklif etdiyi IV sənaye inqilabının tezisləri, “Gələcəyin Müəssisəsi” Konsepsiyası və s. belə rəsmi sənədlərə aiddir.

O, qeyd etdiki, dissertasiya işinin əsas məqsədi informasiya iqtisadiyyatı şəraitində texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə müvafiq model və metodların, alqoritm və mexanizmlərin işlənilməsi, həmçinin onların tətbiqi üçün müvafiq tövsiyələrin təklif edilməsidir.

Məruzəçi, 4 fəsil, 15 paraqraf, nəticə və 167 adda ədəbiyyat siyahısı və əlavələrdən ibarət olan dissertasiya işində qoyulmuş elmi-nəzəri məsələləri təqdim etdi. İşdə texnoparkların yaradılması, innovativ fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə beynəlxalq təcrübənin ümumiləşdirilmiş müqayisəli təhlil olunduğunu, mövcud fəaliyyət modellərinin sintezi əsasında innovativ texnoparkların təşkilati-idarəetmə strukturunun işlənildiyini, texnoparkların  idarə olunması və innovativ fəaliyyətinin kompleks təhlili və qiymətləndirilməsi  üzrə göstəricilər, kriteriyalar, model, metod və alqoritmlər sisteminin və texnoparkların fəaliyyətinin təşkili üzrə informasiya təminatı sisteminin arxitektur-texnoloji strukturunun işlənildiyini qeyd etdi. Həmçinin bildirdi ki, texnoparkların fəaliyyətinin intellektual idarəetmə sisteminin konseptual modelinin işlənilməsi, texnoparklarda innovativ məhsul-xidmət istehsalının çoxfaktorlu korrelyasiya-reqressiya modelinin işlənilməsi, işlənilmiş üsul, model və alqoritmlərin eksperimental realizasiyası nəticələrinin təhlili və qiymətləndirilməsi, eləcə də Azərbaycanda texnoparkların innovativ fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və onların inkişaf  perspektivləri üzrə tövsiyələrin işlənilməsi tədqiqat işində yerinə yetirilmişdir.

Məruzəçinin sözlərinə görə, dissertasiya işinin əsas elmi-nəzəri və praktiki nəticələri 20 beynəlxalq və respublika səviyyəli elmi konfransda məruzə edilmiş və müzakirə olunmuşdur.  Ali Attestasiya Komissiyasının tövsiyəsinə müvafiq olan 25-dən çox elmi iş nəşr edilmişdir. Dissertasiya mövzusu üzrə 15 elmi məqalə nəşr edilmişdir. O cümlədən 5 beynəlxalq jurnal məqaləsi, 10 yerli jurnal məqaləsi, 8  beynəlxalq konfransın məqalə formatlı materialı, 2  yerli konfransın materialı nəşr olunmuşdur. Həmin işlərdən, 3-ü Web of Science (Thomson Reuters)  bazasında, 12-i digər beynəlxalq səviyyəli digər elmi bazalarda indeksləşdirilmiş,  10-u isə AAK-ın tövsiyəsinə müvafiq olan elmi nəşrlərdir.

Məruzənin sonunda Roza Şahverdiyeva həmçinin dissertasiya işində əldə olunmuş nəticələri təqdim edərək qeyd etdi ki, texnoparkların fəaliyyətinin təşkilində innovativ layihələrin işlənilməsi, qiymətləndirilməsi, seçilməsi, reallaşdırılmasının müqayisəli qiymətləndirilməsi alqoritmi işlənilmiş, texnoparkların idarə olunması və onun innovativ fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə kompozit indikatorlar sistemi işlənilmiş, texnoparkların innovativ fəaliyyətinin intellektual idarə olunması sisteminin konseptual modeli təklif olunmuşdur. Bunlarla yanaşı, texnoparkın kompozit indeksi əsasında onun kompleks fəaliyyətinin müqayisəli qiymətləndirilməsi metodikası işlənilmiş, texnoparkların innovativ fəaliyyətinin təşkili üzrə informasiya təminatı sisteminin arxitektur-texnoloji strukturu işlənilmiş və təklif olunmuş metod və modellərin realizasiyası nəticəsində texnoparkların yaradılması və effektiv idarə olunması üzrə tövsiyələr işlənilmişdir.

Sonra elmi rəhbər, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək İnformasiya Texnologiyaları İnstitutunda texnoparkların fəaliyyətinə dair araşdırmaların aparılmasına hələ 2008-ci ildən başlanıldığını qeyd etdi. Bu istiqamətdə görülən işlərin ölkə başçısının da diqqət mərkəzində olduğunu vurğuladı.

Ə.Əliyev “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə model və mexanizmlərin işlənilməsi”  adlı dissertasiya işi çərçivəsində aparılan tədqiqatların yenilik olduğunu qeyd etdi. “Ölkənin gələcəyi innovativ istehsala, qeyri-neft sektorunun inkişafına əsaslanır”, – deyə bildirən məruzəçi elm, təhsil və biznes sahələrinin bir araya gətirilməsinin elmi rəhbəri olduğu dissertasiya işinin əsas hədəflərindən olduğunu diqqətə çatdırdı.

Alim dissertasiya işində texnoparkların ümumi şəkildə xarakterizə olunduğunu, layihələrin göstərici və kriteriyalarının müəyyənləşdirildiyini və onların əsasında model və metodikaların işlənildiyini bildirdi. Texnoparklarda  idarəetmənin təkmilləşdirilməsi, onun struktur modelinin işlənilməsi istiqamətində resurs, sənaye, xidmət, eləcə də elm və innovasiya profilli texnorparkların təhlilinin aparıldığını nəzərə çatdırdı. Bildirdi ki, texnoparkların fəaliyyətinin qiymətləndirilməsi üzrə kompozit indikatorlar sistemi, həmçinin çoxfaktorlu korrelyasiya- reqressiya modelləri işlənilmiş və onlar əsasında müvafiq tövsiyələr verilmişdir.  Ə.Əliyev bildirdi ki, təqdim edilən dissertasiya  tamamlanmış elmi-tədqiqat işidir. O, həmçinin işdə alınmış əsas nəticələrin elmi yeniliyini qeyd etdi. Dissertantın nəşr etdirdiyi elmi işlərin dissertasiya mövzusunu tam əhatə etdiyini diqqətə çatdırdı. 

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Akademik Rasim Əliquliyev çıxış edərək biliklər iqtisadiyyatının vüsət aldığı bir dövrdə texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə tədqiqatların böyük aktuallıq kəsb etdiyini vurğuladı.

Alim dissertasiya işi çərçivəsində görülən işləri yüksək qiymətləndirərək dünya üzrə texnoparkların təhlilinin aparıldığını, onların fəaliyyətinin qiymətləndirilməsi və optimallaşdırılması üçün yeni baxışların ortaya qoyulduğunu dedi, həmçinin tədqiqatçıya bir sıra tövsiyələr verdi.

O, qeyd etdi ki, qısa zaman ərzində müzakirədə səsləndirilən təklif və iradları nəzərə almaqla dissertasiya işini ümumi müzakirəyə təqdim etmək məqsədəuyğundur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı