Fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivlərinə dair məruzə dinlənildi May 02, 2018 | 09:58 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivləri” mövzusunda məruzə dinlənildi. Məruzəni təqdim edən institutun şöbə müdiri Anar Səmidov öncə fraktal qrafika anlayışı barədə məlumat verdi. Bildirdi ki, bu, çox sürətlə yayılan kompüter qrafiklərindən biridir və riyazi əsası fraktal həndəsədən götürülmüşdür. “Fraktalın əsas xüsusiyyəti oxşarlıqdır”, – deyə bildirən məruzəçi onun kiçik bir hissəsinin bütün fraktal haqqında böyük məlumat verdiyini qeyd etdi.

O, “fraktal” sözünün latın dilində olan “fractus” sözündən götürüldüyünü, “fraqmentlərdən ibarət olan” kimi tərcümə olunduğunu qeyd etdi. Bildirdi ki, bu termin riyaziyyata 1975-ci ildə Benua Mandelbrot tərəfindən daxil edilmişdir. Cəmiyyətdə fraktal qrafika ilə yanaşı fraktal animasiya və musiqi də mövcuddur.  

Məruzəçi fraktal qrafika sahəsində fəaliyyət göstərmiş Benua Mandelbrot, Loren Karpenter, Corc Kantor, Vilyam Riçardson kimi alimlər və onların irəli sürdüyü nəzəriyyələr haqqında məlumat verdi.  

Fraktallar nəzəriyyəsinin memarlıqda tətbiqindən söz açan A.Səmidov 1887-1889-cu illərdə inşa olunmuş Eyfel qülləsində fraktallara xas olan, özünəbənzər həndəsi elementlərin yer aldığını qeyd etdi. O, həmçinin Moskvada yerləşən Kreml və Vasili Blajenni məbədi, Paris opera binası, London körpüsü və digər tarixi tikililərdə fraktal nəzəriyyənin tətbiq olunduğunu vurğuladı.

Sonra məruzəçi fraktal əsaslı modern memarlıq formaları, müasir meqapolislərdən bəhs etdi, eləcə də təbitdə rast gəlinən bir neçə fraktal qrafika nümunələrini göstərdi.

A.Səmidov bu sahədə nəşr olunan jurnallar, kitablar, elmi məqalələr və keçirilən konfranslar haqqında məlumatları da seminar iştirakçılarının diqqətinə çatdırdı.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək rəhbərlik etdiyi elmi müəssisənin yeni istiqamətlərindən olan fraktal qrafika və onun tətbiq sahələri ilə bağlı aparılan araşdırmaları yüksək qiymətləndirdi.

“İnformasiya cəmiyyəti quruculuğu prosesi özü də fraktallar nəzəriyyəsinə tabedir”, – deyə bildirən alim bu sahədə tədqiqatların inkişaf etdirilməsinin, elmi məqalələrin hazırlanmasının vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı