İnformasiya iqtisadiyyatı ilə bağlı tədqiqatlar aparılacaq Mart 14, 2018 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 8 saylı şöbənin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin 2018-ci il üçün fəaliyyət planını təqdim etdi. O, elmi-tədqiqat işlərinin 4 aspekt üzrə həyata keçiriləcəyini bildirdi.

Onun sözlərinə görə, cari ildə informasiya iqtisadiyyatı və onun əsas sektorlarının formalaşmasının elmi-nəzəri problemləri araşdırılacaq, “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ  perspektivlərinin qiymətləndirilməsi” və “Texnoparkların təşkili və fəaliyyətinin səmərəli idarə olunması üzrə model və metodların işlənilməsi” mövzuları üzrə dissertasiya işləri təqdim olunacaq. Bununla yanaşı, “Azərbaycanda informasiya iqtisadiyyatının formalaşması, perspektiv inkişaf istiqamətlərinin işlənilməsi məsələləri” mövzusu üzrə qrant layihələrin növbəti mərhələlərinin yerinə yetirilməsində iştirak olunacaq, AR Prezidenti yanında Elmin İnkişafı Fondu və AR Dövlət Neft Şirkətinin Elm Fonduna informasiya iqtisadiyyatının formalaşması və texnoparkların fəaliyyəti ilə bağlı yeni qrant layihələrin təqdim olunması üzrə işlər həyata keçiriləcək.

Ə.Əliyev qeyd etdi ki, şöbədə informasiya iqtisadiyyatı və onun əsas sektorlarının formalaşması və innovativ inkişaf səviyyəsinin qiymətləndirilməsi üzrə iyerarxik indikatorlar sisteminin işlənilməsi, informasiya iqtisadiyyatının kompozit indeksi ilə onun formalaşmasına təsir edən amillərin çoxfaktorlu korelyasiya asılılığının araşdırılması planlaşdırılır. Şöbə müdiri, həmçinin yaşıl innovativ iqtisadiyyatın  formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi metodologiyasının əsaslarının işlənilməsinin də nəzərdə tutulduğunu söylədi. 

Şöbə rəhbəri IV sənaye inqilabının informasiya iqtisadiyyatının formalaşmasına və innovativ texnoparkların, “gələcəyin innovativ müəssisələrinin”  perspektiv  inkişafına təsiri məsələlərinin tədqiqi üzrə elmi tədqiqatların müasir dövr üçün əhəmiyyətini qeyd edərək bu sahədə tədqiqatların aparılacağını diqqətə çatdırdı. 

Məruzəçi texnoparklarda innovativ məhsul istehsalı proseslərinin modelləşdirilməsinin ümumi prinsiplərinin işlənilməsi, texnoparklarda innovativ məhsul/xidmət  istehsalının çoxfaktorlu reqressiya modelinin (ekonometrik modelinin) qurulmasının da nəzərdə tutulan elmi-praktiki işlər arasında olduğunu bildirdi.

O, şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək qeyd etdi ki, cari ildə dövlət proqramlarında institutun informasiya iqtisadiyyatı və innovasiya fəaliyyəti ilə əlaqədar müvafiq bəndlərin icrasında iştirak olunacaq. Şöbə müdiri “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində” (2016) informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn məsələlərin yerinə yetirilməsində və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə Tədbirlər Planında rəqəmsal mühitə keçidlə bağlı işlərdə iştirak olunacağını diqqətə çatdırdı.

Ə.Əliyev 2018-ci ildə şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin nəşri və beynəlxalq əməkdaşlığın inkişafının qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirdi.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək müasir dövr iqtisadiyyatının elm, bilik, texnologiya və İKT-yə əsaslandığını qeyd etdi. Akademik bu iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan fərqli təşəkkül xüsusiyyətlərindən söz açdı, informasiya iqtisadiyyatının formalaşması inqilabları, onun inkişafına təsir edən elmi-nəzəriyyələrin və yanaşmaların elmi təhlilinin aparılmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, əmək bazarının strukturunda baş verən prosessiv dəyişikliklər, intellektual potensialın artırılması, yüksək ixtisaslı mütəxəssislərin fəaliyyət və keyfiyyət tərkibinin yaxşılaşması bazarda informasiya məhsullarının və xidmətlərinin həcminə müsbət təsir edib. Alim, eyni zamanda yeni dövrün iqtisadi qanunauyğunluqlarının müəyyənləşməsində iqtisadi-riyazi, ekonometrik metodlardan, viki, bulud, grid, Big data texnologiyalarından yararlanmağın zəruriliyini nəzərə çatdırdı. İKT iqtisadiyyatı, dron iqtisadiyyatı, kosmik iqtisadiyyat, Big data iqtisadiyyatı, bio iqtisadiyyatı və s.  kimi yeni  iqtisadiyyat sektorları üzrə elmi tədqiqatların aparılmasının zəruriliyini vurğuladı.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı. Təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2018-ci il üçün fəaliyyət planı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı