İnternet şəbəkəsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri araşdırılır Mart 14, 2018 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 4 saylı şöbənin 2018-ci il üzrə fəaliyyət planı müzakirə olundu. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin cari ili əhatə edən fəaliyyət planını təqdim edərək İnternet şəbəkəsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu bildirdi. Qeyd etdi ki, bu problem üzrə “Mobil hesablama buludlarının optimal sintezi   üçün metod və alqoritmlərin işlənməsi, “Əşyaların İnterneti texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadəsi üçün metod və alqoritmlərin işlənməsi”, “Verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması  uçün metod və alqoritmlərin işlənməsi”, “AzScienceNet şəbəkəsində Enterprise Desktop Grid xidmətlərinin yaradılması istiqamətində tədqiqat işlərinin aparılması”, və “AzScienceNet şəbəkəsində proqramla idarə olunan şəbəkə texnologiyalarının tədqiqi və analizi” mövzuları üzrə araşdırmalar aparılacaq.

R.Ələkbərov həmçinin bildirdi ki, cari ildə “Verilənlərin emal mərkəzlərində paralel hesablamaların təşkilinin tədqiqi və analizi”, “Green Computing texnologiyalarının mövcud vəziyyəti və inkişaf perspektivlərinin  təhlili”, “Superkompüter texnologiyaları: mövcud vəziyyəti, inkişaf perspektivləri və  problemləri”, “Şəbəkə mühitində yeni nəsil təhlükəsizlik sistemləri üçün metod və alqoritmlərin işlənməsi” və “Simsiz şəbəkə texnologiyalarının mövcud vəziyyəti, problemləri və perspektivləri” mövzuları üzrə də araşdırmaların aparılması nəzərdə tutulub.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən danışan məruzəçi şöbə əməkdaşları tərəfindən AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi və AR Dövlət Neft Şirkətinin Elm Fondunun “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” layihəsi üzrə elmi tədqiqatların aparıldığını nəzərə çatdırdı. Alim Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət proqramı çərçivəsində AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırılmış işlərin icrasında fəal iştirak edildiyini söylədi.

R.Ələkbərov bununla yanaşı, AzScienceNet şəbəkəsinin infrastrukturunun istismarı və inkişaf etdirilməsi, İnternet xidmətlərinin təşkili və proqram təminatının yenilənməsi işlərinin cari ildə də həyata keçiriləcəyini bildirdi.

Şöbə müdiri, həmçinin qeyd etdi ki, AzScienceNet şəbəkəsində Cloud Computing xidmətindən istifadə edilməsinin təşkili, virtual  laboratoriya xidmətinin yaradılması, “Multimedia Qalereyası” sisteminin istismarı, AMEA Rəyasət Heyətinin binasında “İnteraktiv informasiya sistemi”nin istismarı, AzScienceNet üzərindən “Elm TV” İnternet televiziyasının çəklişlərinin birbaşa yayımının təmin edilməsi, AzScienceNet-də VoİP xidmətinin genişləndirilməsi və istismarı, AzScienceNet şəbəkəsində təhlükəsizlik və monitorinqi həyata keçirən yeni proqram təminatlarının qurulması işləri və s. həyata keçiriləcək işlər sırasındadır. 

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin davam etdirilməsinin planlaşdırıldığını nəzərə çatdırdı.

R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görüləcək tədbirlər haqqında da məlumat verdi.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı tövsiyələrini səsləndirdi. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş nəticələrin nüfuzlu elmi jurnallarda nəşr olunmasının vacibliyini qeyd etdi.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı