Superkompüter texnologiyalarının çoxaspektli problemləri araşdırılıb Noyabr 20, 2017 | 09:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin illik hesabatı müzakirə olundu. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin 2017-ci il üçün hesabatını təqdim edərək İnternetin tənzimlənməsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatların aparıldığını bildirdi. Qeyd etdi ki, bu problem üzrə “Mobil hesablama buludlarının optimal sintezi   üçün metod və alqoritmlərin işlənməsi, “Əşyaların İnterneti: mövcud vəziyyəti, inkişaf perspektivləri, problemlər və həlli yolları”, “Verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması istiqamətində tədqiqat işlərinin aparılması” mövzuları üzrə araşdırmalar aparılmışdır.

Şöbə müdiri, həmçinin AzScienceNet şəbəkəsində Enterprise Desktop Grid xidmətlərinin yaradılması, AzScienceNet-də proqramla idarə olunan şəbəkə texnologiyaları, verilənlərin emal mərkəzlərində paralel hesablamaların təşkili, eləcə də Green Computing texnologiyaları üzrə tədqiqat işlərinin davam etdirildiyini diqqətə çatdırdı.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlərdən danışan məruzəçi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi”, Green Computing texnologiyalarının inkişaf perspektivləri və problemləri” qrant layihələri üzrə elmi tədqiqatların aparıldığını, “AzScienceNet: mövcud vəziyyəti, imkanları və perspektivləri” respublika elmi-praktiki seminarının keçirildiyini, “Böyük hesablama, yaddaş resursları və sürətli İnternet trafiki tələb edən mürəkkəb məsələlər” haqqında monitorinq işlərinin həyata keçirildiyini diqqətə çatdırdı.

Alim bununla yanaşı, AzScienceNet şəbəkəsinin infrastrukturunun inkişaf etdirilməsi, AzScienceNet şəbəkəsində yeni xidmətlərin yaradılması və təşkili, şəbəkənin və Data Mərkəzin texniki imkanlarının artırılması, AzScienceNet-də proqram təminatının qurulması işlərinin görüldüyünü vurğuladı. R.Ələkbərov bu məqsədlə AMEA-nın bir sıra institut və təşkilatlarının kompüterlər şəbəkələrinin fiber optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet şəbəkəsinə qoşulması, kompüterlərin lokal şəbəkəsinin yaradılması, AzEduNet.az təhsil şəbəkəsinin AzScienceNet şəbəkəsinə qoşulması, AzScienceNet-də Grid layihələrə qoşulma, AMEA-nın Akademiya şəhərciyində Wi-Fi xidmətinin istifadəyə verilməsi, Monitorinq və Təhlükəsizlik Xidmətinin və AMEA-nın operativ məlumatlandırma sisteminin işinin təşkili və s. istiqamətdə tədbirlərin görüldüyünü söylədi.  

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini nəzərə çatdırdı.

R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülmüş tədbirlər haqqında da məlumat verdi. Cari ildə şöbə əməkdaşlarının əsərlərinə 31 istinadın qeydə alındığını bildirdi.

Alim, həmçinin qeyd etdi ki, hesabat ilində AzScienceNet şəbəkəsinin veb-saytının yeni versiyası istifadəyə verilmişdir.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş nəticələrin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunması və KİV-də təbliğinin vacibliyini qeyd etdi.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı