İnstitut əməkdaşları beynəlxalq konfransda məruzə ilə çıxış ediblər Oktyabr 13, 2017 | 05:00 / Konfranslar, iclaslar

İnstitutun əməkdaşları “Strateji iqtisadi islahatlar” mövzusunda beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış ediblər.

Oktyabrın 12-də Mərkəzi Elmi Kitabxanada AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş “Strateji iqtisadi islahatlar: qabaqlayıcı vergi siyasəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AMEA Rəyasət Heyətinin müvafiq qərarı, AMEA-nın İqtisadiyyat İnstitutu və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın elmi ictimaiyyəti, tanınmış iqtisadçılar, iqtisadi, texniki yönümlü ali məktəblərin müəllimləri, texniki yönümlü elmi təşkilatların nümayəndələri, həmçinin Rusiya, Gürcüstan, Türkiyə Rumıniya və Serbiyadan olan alim və mütəxəssislər iştirak ediblər.

Konfransı giriş sözü ilə İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov açaraq A.Musayevin elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Alimin ölkəmizdən kənarda da görkəmli iqtisadçı kimi tanındığını, əsərlərinin Rusiya, Türkiyə, Macarıstan və digər ölkələrdə də çap olunduğunu bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli A.Musayevin uzun illərdir vergi siyasəti istiqamətdə tədqiqatlar apardığını, alimin ölkəmizdə fiskal siyasət sahəsində aparılan elmi-tədqiqat işlərinin rəhbəri, vergi sisteminin normativ hüquqi bazasının yaradılmasının əsas iştirakçı və təşkilatçılarından biri olduğunu diqqətə çatdırıb.

Daha sonra Rusiyanın Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun direktor müavini Georgi Kleynerin “İqtisadi islahatlar, strateji planlaşdırma, dövlət tənzimləməsi: sistemli yanaşma”, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun “Ali təhsildə islahatların strateji istiqamətləri”, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru, akademik Vladimir Papavanın “Texnoloji yeniliklərin fiskal stimullaşdırılması”, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasovun “İnsan kapitalının formalaşmasının prioritet istiqamətləri” və s. mövzularda məruzələri dinlənilib.

Plenar iclasın sonunda İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və institutun Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev professor Akif Musayevi təbrik edərək ona AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və kollektivin ünvanlandığı təbrik məktubunu təqdim ediblər.

Sonra konfrans işini “İqtisadi islahatların strateji istiqamətləri və dayanıqlı sosial-iqtisadi inkişaf”, “Aktiv vergi siyasəti, vergiqoymanın elmi-nəzəri və praktiki problemləri” və “İqtisadi tədqiqatlarda ekonometrikanın, riyazi üsul və modellərin tətbiqi” mövzuları üzrə bölmə iclaslarında davam etdirib. İclaslarda AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da məruzələrlə çıxış ediblər. 

Konfransda dosent Ə.Əliyev, institutun əməkdaşları Elza MusayevaLeyla Əkbərovanın həmmüəllif olduqları “Telekommunikasiya və informasiya texnologiyaları sahəsinin strateji iqtisadi inkişaf problemləri” və “Davamlı iqtisadi inkişafın təminində elm və yüksək texnologiya parklarının perspektiv vəzifələri  və problemləri” mövzuları üzrə məruzələr dinlənilib.

Tədbirdə, həmçinin dosent Ə.Əliyev və S.Abdullayevin həmmüəllifi olduqları “Biliklər iqtisadiyyatında riskin azalması üçün İKT-dən istifadənin bəzi problemləri”, S.Abdullayev və institutun əməkdaşı Səbinə Fomenkonun həmmüəllif olduğu “İnformasiya ilə ifrat yüklənmə və onun insan fəaliyyətinə neqativ təsirləri”, institutun əməkdaşı Roza Şahverdiyevanın “Texnoparklarda innovativ məhsul və ya xidmət  istehsalının ekonometrik  modelinin işlənilməsi” mövzularında məruzələr dinlənilib.

Qeyd edək ki, beynəlxalq konfransa təqdim olunmuş məqalələrin əksəriyyəti ilkin resenziyadan keçmiş və konfransın materialları kimi toplu şəklində nəşr olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı