İnformasiya iqtisadiyyatının elmi-nəzəri əsasları və müasir problemləri müzakirə olundu May 26, 2017 | 04:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın informasiya iqtisadiyyatının elmi-nəzəri əsasları və onun Strateji Yol Xəritəsindən (SYX) irəli gələn müasir problemlərinin müzakirəsinə həsr olunduğunu bildirdi.

İnstitutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev məruzəni təqdim edərək ölkə Prezidenti İlham Əliyev tərəfindən 6 dekabr 2016-cı il tarixdə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndən irəli gələn informasiya və biliklər iqtisadiyyatının formalaşdırılması məsələləri haqqında məlumat verdi.

Ə.Əliyev Milli iqtisadiyyat perspektivi üzrə SYX-də qoyulmuş prioritetlər, seçilmiş  strateji hədəflər, eləcə də, Telekommunikasiya və informasiya texnologiyalarının inkişafina dair SYX üzrə prioritetlər, məqsədlər, informasiya cəmiyyəti  iqtisadiyyatının  formalaşması aspektində  SYX-də qoyulan məsələləri diqqətə çatdırdı. O, həmçinin qlobal və regional kontekstdə Azərbaycan iqtisadiyyatına təsirlər və SYX-də yeni texnologiyaların iqtisadi təsirlərinin nəzərə alınması məsələlərindən danışdı.

İqtisadi fəaliyyətin elmi-nəzəri əsaslarını təqdim edən məruzəçi müasir iqtisadi nəzəriyyənin XVI-XVII əsrlərdən başlayaraq bir elm kimi formalaşdığını söylədi. XX əsrdə keynsçilik, neoliberalizm, monetarizm, institusionalizm kimi iqtisadi nəzəriyyələrin təsiri ilə iqtisad elminin daha da inkişaf etdiyini nəzərə çatdırdı.

İqtisadi sistemin cəmiyyət miqyasında iqtisadi əlaqələrin və insanların çoxcəhətli təsərrüfat fəaliyyətinin ümumi nəticəsi olduğunu qeyd edən şöbə müdiri əsas iqtisadi sistemlər, onların inkişaf, keçid mərhələləri, xüsusiyyətləri və növlərindən danışdı. O, dünya iqtisadiyyatının modernləşmə, konvergensiya, iqtisadi artım, qarşılıqlı asılılıq, sivilizasiyaların toqquşması və s. konsepsiyalarından söz açaraq dünya iqtisadiyyatını səciyyələndirən əsas cəhətləri təqdim etdi. Həmçinin beynəlxalq iqtisadi münasibətlər və dünya iqtisadiyyatının müasir vəziyyətindən danışdı.

Ə.Əliyev iqtisadi kateqoriyalar və qanunlar haqqında da məlumat verdi. İstehsal amilləri, istehlakçı davranışı, kapital, iqtisadi artım, neoklassik, səmərəli gözləmə, konvergensiya və s. kimi nəzəriyyələri diqqətə çatdırdı.

“İnformasiya iqtisadiyyatı İKT-yə əsaslanan müasir dövrün innovativ iqtisadiyyatıdır”, – deyə bildirən məruzəçi cəmiyyətin müasir iqtisadi inkişaf mərhələləri və nəzəriyyələrini təqdim etdi. O, aqrar iqtisadiyyat, sənaye iqtisadiyyatı, post-industrial iqtisadiyyat, həmçinin informasiya və biliklər iqtisadiyyatı nəzəriyyələri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, informasiya iqtisadiyyatı həm elmi nəzəriyyə, həm də sivilizasiyanın inkişafının müasir praktiki mərhələsidir. Bu mərhələ yaradıcı əməyin, informasiya, bilik və texnoloji nemətlərin üstün rolu ilə xarakterizə olunur: “İnformasiya iqtisadiyyatını fərqləndirən əsas cəhət informasiyanın xammal xarakterli olmasıdır”.

Yeni formalaşmış iqtisadiyyat sahələrini təqdim edən məruzəçi bu sahələrə İKT iqtisadiyyatı, dron iqtisadiyyatı, Big Data iqtisadiyyatı, kosmik iqtisadiyyat, bio və nanoiqtisadiyyat, dil, tibb təhsil, elm iqtisadiyyatı, ekoloji iqtisadiyyat və s. daxil edildiyini vurğuladı.

Sonra Ə.Əliyev informasiya  iqtisadiyyatı üzrə tədqiqatların elmi-metodoloji  əsasları haqqında geniş məlumat verdi. İnformasiya iqtisadiyyatı termininin 1996-1998-ci ildə geniş elmi dövriyyəyə daxil olduğunu deyən alim informasiya iqtisadiyyatına müyyən dərəcədə aidiyyatı olan C.Helbreytin sənaye sistemi nəzəriyyəsi, D.Bellin postsənaye cəmiyyəti nəzəriyyəsi, E.Tofflerin üçüncü dalğa nəzəriyyəsi, V.İnozemtsevin postiqtisadi cəmiyyət nəzəriyyəsi, C.Stiqlerin informasiya axtarışı nəzəriyyəsi, M.Kastelsin informasiya cəmiyyəti nəzəriyyəsi və s. barədə ətraflı danışdı. İnformasiya iqtisadiyyatının metodoloji əsasını iqtisadi tədqiqat, riyazi-iqtisadi tədqiqat və ekonometrik tədqiqat metodlarının təşkil etdiyini bildirdi. O, həmçinin iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının əsas nəzəriyyə, konsepsiya və tədqiqatlarını təqdim etdi.

Çıxışının sonunda Ə.Əliyev SYX-də informasiya iqtisadıyyatının formalaşması problemləri və onların həlli istiqamətləri ilə bağlı məlumat verdi. Bildirdi ki, bu məqsədlə informasiya iqtisadiyyatında dövlət bazar, beynəlxalq tənzimlənmə məsələləri və mexanizmlərinin işlənilməsi, informasiya iqtisadiyyatının müxtəlif idarəetmə səviyyələrinə müvafiq model və mexanizmlərinin işlənilməsi, informasiya iqtisadiyyatının formalaşması şəraitində İKT sektoru ilə digər sahələrin qarşılıqlı təsirinin qiymətləndirilməsi, informasiya iqtisadiyyatının inkişafı üzrə makro iqtisadi qərarların qəbulunu dəstəkləyən mexanizmlərin işlənilməsi, o cümlədən informasiya iqtisadiyyatının formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi zəruridir.

Sonra çıxış edən akademik R.Əliquliyev informasiya iqtisadiyyatının postindustrial cəmiyyətdə insan fəaliyyətinin ictimai istehsal və istehlak proseslərində İKT-nin geniş tətbiqini nəzərdə tutan, təsərrüfat fəaliyyətini tədqiq edən elm sahəsi olduğunu bildirdi. İnformasiya iqtisadiyyatının əsas xüsusiyyətləri barədə məlumat verən alim onun müasir dövrdə qlobal xarakter daşıdığını, iqtisadiyyat, siyasət, mədəniyyət sahəsində köklü sosial transformasiyalara səbəb olduğunu və informasiya cəmiyyətinin təşəkkülü və təkamülünə zəmin yaratdığını diqqətə çatdırdı.

Hazırda dünyada informasiya feodalizmi dövrünün hökm sürdüyünü qeyd edən institut direktoru artıq informasiya feodalizminin növbəti hədəfi olan informasiya kapitalizminə keçidin sürətləndiyini vurğuladı. 

Akademik bilik və informasiyanın iqtisadi resurs və istehsal amili kimi böyük üstünlüklərə malik olduğunu söyləyərək informasiya iqtisadiyyatının təzahür formalarından biri olan biliklər iqtisadiyyatının cəmiyyətin davamlı inkişafının təmin olunması, intellektual potensialın və insan kapitalının formalaşdırılması, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə şərait yaratdığını bildirdi.

R.Əliquliyev ­ölkəmizdə informasiya iqtisadiyyatının formalaşdırılması məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsinin nəzərdə tutulduğunu söylədi. Alimin sözlərinə görə, bu sahənin inkişafı üçün, ilk növbədə, müvafiq elmi tədqiqatların gücləndirilməsinə, yeni iqtisadiyyatın xüsusiyyətləri, qanunauyğunluqları və beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac vardır.

Sonda akademik gələcəkdə bu istiqamətdə tədqiqatların daha da genişləndirilməsini, müvafiq riyazi modellərin daha dərindən araşdırılmasını, informasiya iqtisadiyyatının elmi-nəzəri problemlərinə həsr olunmuş konfrans və silsilə seminarların keçirilməsini, o cümlədən elmi-tədqiqatların nəticələrinin nüfuzlu jurnallarda nəşr etdirilməsini tövsiyə etdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı