Gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri araşdırılır Fevral 10, 2017 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda bibliometrik üsulların elektron kitabxana mühitində tətbiqi imkanlarının və gələcək nəsil elektron kitabxanaların formalaşması prinsiplərinin araşdırılması nəzərdə tutulur. Bu haqda şöbə müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin 2017-ci il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirib. Qeyd edib ki, cari ildə şöbədə elmi jurnal və tədqiqatçıların qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, bibliometrik verilənlərin intellektual analizi əsasında elmin perspektiv istiqamətlərinin müəyyən edilməsi, eləcə də sosial şəbəkələrdə informasiyanın təsirinin modelləşdirilməsi istiqamətində araşdırmalar aparılacaq.

M.Səidova elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlər haqqında məlumat verib. Bu istiqamətdə elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi, yayılması, resursların fiziki işlənməsi və sistemə daxil olunması, kitabların elektron formata çevrilməsi, Elektron Kitabxana Mərkəzinin texniki və proqram təminatına nəzarət və digər işlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb, mərkəzdə “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərdən danışıb. Həmçinin bildirib ki, mərkəzin fəaliyyəti haqqında müxtəlif statistik məlumatların hazırlanması, beynəlxalq elmi-texniki cəmiyyətlərə və rəqəmsal kitabxanalara üzvlüklə əlaqədar işlərin aparılması da cari ildə nəzərdə tutulan işlər sırasındadır.

Məruzəçi beynəlxalq əməkdaşlıq əlaqələrinin institut əməkdaşları üçün EBSCO, eİFL və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradılması, o cümlədən “Horizon-2020” proqram layihəsi üçün təkliflərin işlənməsi və s. istiqamətlərdə inkişaf etdiriləcəyini söyləyib.

M.Səidova, həmçinin şöbə əməkdaşlarının elmi-texniki konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlərdən danışıb.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim bibliometriya və gələcək nəsil e-kitabxanaların elmi-nəzəri əsaslarının dərindən araşdırılması, bu sahələrdə mövcud beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib.

Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı