Qanun ətraf mühitin vəziyyətinə və təbii ehtiyatlardan istifadəyə dair dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, həmçinin məsul şəxslərdən tam, dəqiq, vaxtında informasiya almaqla bağlı yaranan münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1.Ətraf mühitə dair informasiya - torpağın, suyun, yerin təkinin, atmosferin və canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və məsrəflər barədə məlumatlardır.

1.0.2.Ətraf mühitə dair informasiya obyektləri - əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun, yerin təkinin, atmosferin, meşələrin, heyvanlar və bitkilər aləminin qorunması, təbii ehtiyatlardan, habelə təkrar xammaldan istifadə, bu sahədə qayda və standartları müəyyənləşdirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilən qərarlar qəbul etmək səlahiyyətli dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları, digər ixtisaslaşdırılmış fəaliyyət növləri ətraf mühitə dair informasiya obyektləri sayılır.

1.0.3. Ətraf mühitə dair informasiya registri - dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən ətraf mühitin vəziyyəti və ona təsir edən amillər haqqında yaradılan, saxlanılan və mütəmadi olaraq yeniləşdirilən sistemləşdirilmiş məlumatların məcmusudur.

Maddə 2. Ətraf mühitə dair informasiya almaq haqqında qanunvericilik

Ətraf mühitə dair informasiya almaq haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Ətraf mühitin mühafizəsi haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Məlumat azadlığı haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanunlarından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər müvafiq normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Ətraf mühitə dair informasiyanın növləri

3.1. Ətraf mühitə dair informasiya, əldə edilməsi qaydasına görə alınması məhdudlaşdırılan və açıq informasiya növlərinə bölünür.

3.2. Alınması məhdudlaşdırılan informasiya növünün təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Belə informasiya bir orqanın inhisarında olmamalıdır.

3.3. Açıq informasiyaya alınması məhdudlaşdırılmayan bütün məlumatlar aiddir.

Maddə 4. Ətraf mühitə dair informasiya almaq hüququ

Alınması məhdudlaşdırılan informasiya istisna edilməklə, hər bir şəxs zamanından asılı olmayaraq və şərt qoyulmadan ətraf mühitə dair informasiya almaq hüququna malikdir.

Maddə 5. Ətraf mühitə dair informasiyanın alınmasına təminat

5.1. Ətraf mühitə dair informasiyanın alınmasına təminat informasiyanın axtarılmasına şərait yaratmaq, sənədlərlə tanış olmaq, onların surətini əldə etmək, vəzifəli şəxslərdən müsahibələr götürmək, mətbuat konfranslarında və digər tədbirlərdə iştirak etmək, yazılı sorğulara rəsmi cavablar almaq hüququnun dövlət və yerli özünüidarəetmə orqanları, habelə məsul şəxslər tərəfindən təmin edilməsidir.

5.2. Dövlət və yerli özünüidarəetmə orqanları müraciət edənin ətraf mühitə dair informasiya almaq hüququnu təmin etmək üçün aşağıdakıları həyata keçirməlidirlər:

5.2.1. müvafiq fəaliyyətin ətraf mühitə proqnozlaşdırılan təsiri barədə informasiyanın toplanmasını təmin edən zəruri sistemlərin yaradılmasını;

5.2.2. fövqəladə hallar barədə məlumat verilməsini;

5.2.3. müraciət və ya sorğuya qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə baxılıb cavab verilməsini;

5.2.4. toplanmış informasiyanın mütəmadi yeniləşdirilməsini;

5.2.5. müraciət edənin verdiyi sorğuya əsasən ətraf mühitə dair informasiya obyektlərinin siyahısı ilə, habelə ətraf mühitə dair informasiya barədə sənədlərlə tanış edilməsini.

5.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitə dair informasiya verməkdən imtina etməməlidirlər.

5.4. Ətraf mühitə dair informasiyanın hazırlanması, toplanması, istifadə olunması, yayılması qanunla, təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 6. Ətraf mühitə dair informasiya verilməsi üzrə dövlət orqanlarının vəzifələri

6.0. Ətraf mühitə dair informasiya verilməsi üzrə dövlət orqanları:

6.0.1. Ətraf mühitə dair informasiya registrini aparır, istifadəsində olan registr və arxivlərin müraciət edənlər üçün açıq olmasını və bunlarla bağlı məlumatların verilməsini təmin edir.

6.0.2. Kütləvi informasiya vasitələrində ətraf mühitə dair vaxtaşırı verilən məlumatların vahid formasını və müddətlərini müəyyən edir.

6.0.3. Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və müddətdə ümumi rabitə vasitələri ilə artırılması üçün tədbirlər görür.

6.0.4. Üç ildə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair milli məruzələri, habelə ətraf mühitin vəziyyəti (keyfiyyəti və çirklənməsi) barədə məlumatları dərc edir.

6.0.5. İldə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair hesabatlar tərtib edir, onları ictimaiyyət üçün açıq olan elektron məlumatlar bankına daxil edir, çirklənmələrlə bağlı kadastr və registr sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görür.

Maddə 7. Ətraf mühitə dair informasiya verməkdən imtinanın əsasları

7.1. Dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğuya cavab verməkdən, habelə informasiyanın yayılmasından aşağıdakı hallarda imtina edə bilər:

7.1.1. dövlətin təhlükəsizlik məsələləri ilə bağlı olduqda;

7.1.2. dövlət hakimiyyəti orqanlarının beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə məxfi materiallarına istinad edildikdə

7.1.3. məhkəmə orqanlarında baxılan və ya ibtidai istintaq mərhələsində olan məsələlərə aid olduqda;

7.1.4. kommersiya sirrinə aid olduqda;

7.1.5. açıqlanması ətraf mühit üçün təhlükə yaradacağı və ya onun komponentlərinə zərər vura biləcəyi təqdirdə

7.1.6. qanunvericiliklə müvafiq səlahiyyətə malik olmayan və ya üzərinə belə öhdəlik qoyulmayan, habelə məlumatların yayılmasına razılıq verməyən üçüncü şəxs tərəfindən təqdim olunmuş materiallara istinad olunduqda.

7.2. Mövcud informasiya müvafiq dövlət orqanına təqdim edilən zaman sahibkar tərəfindən kommersiya sirri elan edilmişdirsə, həmin informasiyanı saxlayan şəxs onun açıqlanmasından dəyə biləcək zərər barədə sahibinin mövqeyini öyrənmək üçün sorğu verməlidir. Bu sorğuya 15 gün müddətində cavab verilməlidir.Sahibkarın fəaliyyəti nəticəsində yaranan tullantılar və digər təsirlər kommersiya sirrinə aid edilə bilməz.İnformasiyanın açıqlanmasında ictimai maraq onun gizlədilməsi maraqından yüksək olduğu hallar istisna edilməklə, müraciət və ya sorğu edənə səbəbləri bildirilməklə, informasiyanın verilməsindən imtina oluna bilər.

7.3. Bu Qanunun 7.1. və 7.2. maddələrində göstərilən informasiyadan ayırmaq mümkün olduqda, həmin informasiya onu verən orqan tərəfindən müəyyən edilən qaydada qismən də verilə bilər.

Maddə 8. Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğunun verilməsi

8.1. Ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğu yazılı şəkildə təqdim edilməli, dəqiq və aydın tərtib olunmalı, sorğu edən barədə tam məlumatı əks etdirməlidir. Bu zaman müraciət edənin informasiyanı almaqda hüquqi və ya digər maraqlarının göstərilməsi zəruri deyildir.

8.2. Müraciəti və ya sorğunu almış dövlət və ya yerli özünüidarəetmə orqanları əlavə məlumat tələb edə bilər. Müraciət edənin sorğunu dəqiqləşdirməməsi ətraf mühitə dair informasiyanın verilməsindən imtina üçün əsas ola bilər.

8.3. Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğu aşağıdakılara göndərilir:

8.3.1. açıq informasiya üzrə - müvafiq dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, onların strukturlarına, məsul şəxslərə

8.3.2. alınması məhdudlaşdırılan informasiya üzrə - təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət hakimiyyəti orqanlarına.

Maddə 9. Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğuya baxılması

9.1. Ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğu qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata götürülür, baxılır və cavab verilir.

9.2. Müraciət və ya sorğunu təmin etməkdən imtina olunduqda müraciət edənə ən geci 10 gün müddətində səbəbləri göstərməklə cavab verilir. Müraciət və ya sorğunun əhatə etdiyi məlumatlar vaxtında verilmədikdə əhəmiyyətini itirirsə, cavab dərhal, bü mümkün olmadıqda 24 saat ərzində verilir. Digər hallarda ətraf mühitə dair informasiya almaq üçün müraciət və sorğuya bir aydan gec olmayaraq, məlumat mürəkkəb olduqda isə (sorğu verənə ilkin cavab verməklə) iki ay ərzində cavab verilməlidir.

9.3. Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğuya cavabları dövlət və ya yerli özünüidarəetmə orqanlarının rəhbərləri, həmin orqanlarda ətraf mühitə dair informasiya üçün məsul olan vəzifəli şəxs verir. Cavabda sorğu edilən informasiya ilə bağlı konkret məlumatlar göstərilir və tələb olunduqda müvafiq sənədlərin surəti əlavə olunur.

9.4. Ətraf mühitə dair informasiya barədə verilən cavabda həmin informasiyanın kommersiya məqsədilə ötürülməsi, satılması, çoxaldılması, dərc edilməsi şərtləri bildirilməli və ya qadağan olunması göstərilməlidir.

9.5. Ətraf mühitə dair informasiya almaq üçün müraciətin və ya sorğunun təmin edilməsindən imtina, cavab verən orqan tərəfindən əsaslandırılmalıdır.

Maddə 10. Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğuya aid qərarların qəbulu

10.1. Müvafiq dövlət və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları səlahiyyətlərinə aid məsələlər üzrə ətraf mühitə dair informasiya registri aparmalı, həmçinin öz səlahiyyətləri daxilində onu almaq hüququ olan subyektləri bu informasiya ilə təmin etməlidir.

10.2. Ətraf mühitə dair informasiya almaq üçün edilmiş müraciət və ya sorğuya cavab vermək qərarını müvafiq orqanın rəhbəri və ya ətraf mühitə dair informasiya registrinin aparılmasına məsul olan şəxs qəbul edir.

10.3. Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələri, onun ödənişli və ya ödənişsiz olması, ödənişin həcminin müəyyənləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qaydalarda haqq alınmasına əsas olan tarif dərəcələri, haqqın alınması və ondan azadolma, haqqı qabaqcadan ödənməklə məlumat təqdimetmə halları barədə müraciət edənin məlumatlandırılması şərtləri öz əksini tapmalıdır. Ödənişli informasiya üçün müəyyən edilən haqq onun hazırlanması, axtarılması, surətinin çıxarılması və sair işlərin dəyərindən çox ola bilməz.

10.4. Ətraf mühitə dair informasiya birdəfəlik sorğu, eləcə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada informasiya almaq istəyən şəxslə bağlanmış müqavilə əsasında verilə bilər.

10.5. Açıq informasiya müraciət və ya sorğuya cavab şəklində, eləcə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən öz səlahiyyətləri daxilində kütləvi informasiya vasitələrində müntəzəm yayımlamalar yolu ilə əhaliyə çatdırılır.

10.6. Açıq informasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər təqvim ilinə dair hazırlanır və növbəti ilin birinci yarısından gec olmayaraq kütləvi informasiya vasitələrində yayımlanır.

10.7. Alınması məhdudlaşdırılan informasiyanın verilməsi bu Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

10.8. Elan edilməməsi və ya vaxtında elan edilməməsi ətraf mühitə və ətraf mühitin mühafizəsi sistemlərinin pozulmasına, habelə əhalinin sağlamlığına ziyan vura bilən məlumatlar informasiya obyektləri tərəfindən dərhal açıqlanmalıdır.

Maddə 11. Ətraf mühitə dair informasiyadan istifadəyə icazə və onun alınma hüququnun müdafiəsi

11.1. Ətraf mühitə dair açıq və alınması məhdudlaşdırılan informasiyadan istifadəyə icazə verilməməsindən, habelə açıq informasiyanın əsassız olaraq alınması məhdudlaşdırılan informasiyaya aid edilməsindən, informasiya verilməsindən yayınmaqdan və imtinadan, ona natamam və ya qeyri-dəqiq cavab verilməsindən, müraciət edənin digər hüquqlarının pozulmasından məhkəməyə müraciət edilə bilər.

11.2. Ətraf mühitə dair qeyri-dəqiq və ya əsassız imtina cavabı alanlar onlara dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malikdirlər.

11.3. Ətraf mühitə dair informasiyanın əsassız olaraq alınması məhdudlaşdırılan informasiya növünə aid edilməsi barədə mübahisələr, həmçinin müraciət edənə həmin informasiyanın verilməsindən əsassız imtina və ya onun digər hüquqlarının pozulması nəticəsində dəyən zərərin ödənilməsi haqqında iddialar məhkəmədə baxılır.

Maddə 12. Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılmasına görə məsuliyyət

Ətraf mühitə dair informasiyanın verilməsini qanuna zidd məhdudlaşdırmaqda təqsirli bilinən dövlət və ya yerli özünüidarəetmə orqanlarının rəhbərləri və digər vəzifəli şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 13. Ətraf mühitə dair informasiya almaq sahəsində beynəlxalq fəaliyyət

13.1. Ətraf mühitə dair informasiya almaq sahəsində beynəlxalq və dövlətlərarası əməkdaşlıq Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

13.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yarandığı halda, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2002-ci il
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı