sa sa sa

http://www.nba.az/download/o_sistemi/dovlet_proqrami.pdf

Azərbaycan Respublikası Prezidentinin “9” dekabr 2004-cü il tarixli 152 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 

I. Giriş

Son illər Azərbaycan Respublikasının Milli Bankı tərəfindən Milli Ödəniş Sisteminin yaradılması və inkişafı Strategiyasına müvafiq olaraq elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində geniş islahatlar aparılmış və bu zaman beynəlxalq maliyyə qurumlarının texniki və maliyyə köməyindən istifadə edilməklə qabaqcıl beynəlxalq təcrübəyə istinad olunmuşdur. Aparılan islahatlar nəticəsində Milli Ödəniş Sisteminin arxitekturasının ən mühüm komponentləri yaradılmışdır. Belə ki, 2001-ci ilin əvvəllərində bütün bankların və Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlıq İdarəsinin ödənişlərini həyata keçirən və Milli Ödəniş Sisteminin arxitekturasının əsasını təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS) yaradılaraq istifadəyə verilmişdir. Bunun nəticəsində banklar arasında əvvəllər günlərlə və bəzən həftələrlə çəkən hesablaşmaların saniyələr ərzində başa çatdırılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (on-line) həyata keçirilməsinə imkan yaranmışdır. 

2002-ci ilin sonlarından etibarən isə Milli Ödəniş Sisteminin arxitekturasının ikinci mühüm elementi olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) yaradılaraq istifadəyə verilmişdir. Beləliklə, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əmək haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda ödəniş əməliyyatları (məsələn, mərkəzi və yerli vergi, gömrük və sosial müdafiə ödənişləri) aparan hökümət və kvazi-hökümət qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradılmışdır. 

Hər iki sistem yaradılarkən ən müasir texnologiyaya və proqram təminatlarına əsaslanmış və sistem əhəmiyyətli ödəniş sistemlərinə dair beynəlxalq standartlar əldə rəhbər tutulmuşdur. Bu sistemlərin fəaliyyətə başlaması ilə ölkədə bank sisteminin və maliyyə bazarlarının inkişafı üçün əlverişli şərait yaranmış, bu isə öz növbəsində bazar iqtisadiyyatına əsaslanan daha səmərəli pul-kredit siyasətinin aparılmasına, bütövlükdə iqtisadi inkişafın və maliyyə sabitliyinin təmin olunmasına müsbət təsir göstərmişdir. 

Qeyd etmək lazımdır ki, göstərilən sistemlərin yaradılması və tətbiqi beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilmiş və bu sahədə mövcud olan beynəlxalq standartlara tam uyğunluğu təsdiq edilmiş, habelə onların tövsiyyəsi əsasında inkişaf etməkdə olan bir sıra ölkələrin mərkəzi bankları, o cümlədən MDB üzvü olan dövlətlərin mərkəzi bankları tərəfindən Azərbaycan Milli Bankının bu sahədəki təcrübəsinə böyük maraq göstərilmiş və bu təcrübədən faydalanmışlar. 

Ödəniş sistemləri infrastrukturunun əsas elementlərinin yaradılmasına baxmayaraq, bu gün sağlam rəqabət prinsipləri əsasında bütün təsərrüfat subyektlərinin, ticarət-xidmət müəssisələrinin, geniş əhali təbəqəsinin, o cümlədən pensiyaçıların və təqaüdçülərin bu sistemdən daha aktiv istifadəyə cəlb edilməsi, regionlarda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxışı imkanlarının daha da artırılması, qeyri-bank təşkilatlarının ödəniş sistemlərinə texnoloji inteqrasiyasının təmin olunması məsələləri ödəniş sistemləri strategiyasının əhatə dairəsinin genişləndirilməsini və bu məqsədlə xüsusi dövlət proqramının hazırlanmasını zəruri edir. 

Bu kontekstdə Milli Ödəniş Sisteminin İnkişafı üzrə hazırkı Dövlət Proqramı hazırlanarkən: 

− Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın; 
− “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli Fərmanının; 
− “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanının; 
− Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008-ci illər)”nın məqsədləri nəzərə alınmışdır. 

Dövlət Proqramının həyata keçirilməsi qeyd olunan proqramlar və Prezident fərmanlarında nəzərdə tutulmuş məsələlərin həllinə əhəmiyyətli təsir göstərəcəkdir. 

II. Dövlət Proqramının məqsədi 

Dövlət Proqramının əsas məqsədləri hər bir təsərrüfat subyektinin, geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi, onlar üçün ərazi mənsubiyyətindən asılı olmayaraq bütün ölkəni əhatə etməklə vahid elektron ödəniş məkanının yaradılması, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə, bank sistemi və maliyyə bazarlarının isə təsərrüfat subyektlərinə və ev təsərrüfatlarına qarşılıqlı çıxış imkanlarının daha da artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması və pul kütləsinin bank sistemində yığılaraq ölkə iqtisadiyyatının inkişafına investisiya edilməsi üçün əlverişli zəmin yaratmaqdan ibarətdir. 

Bu məqsədlərə çatmaq üçün Dövlət Proqramında aşağıdakı ən mühüm tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur: 

− İlk növbədə kart ödənişlərinin daha da inkişaf etdirilməsi və Milli Ödəniş Sistemi arxitekturasının tamamlanması üçün yeni infrastrukturun – Milli Kart Prosessinq Mərkəzinin yaradılması. 
Kart ödənişləri sahəsində ölkədə formalaşmış bazarın və münasibətlərin inkişaf etdirilməsi və ölkənin bütün regionlarını əhatə etməklə əhaliyə ucuz və keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün Azərbaycan Respublikasının Milli Bankı tərəfindən beynəlxalq standartlara cavab verən Milli Kart Prosessinq Mərkəzi yaradılacaq və 3 ildən sonra ədalətli prinsiplər əsasında bankların birgə istifadəsinə və idarəçiliyinə veriləcəkdir. 
Ən geniş əhali təbəqəsinin istifadəsi üçün nəzərdə tutulmuş və xırda və orta ödənişlər bazarına istiqamətləndirilmiş Milli Kart Prosessinq Mərkəzinin yaradılması mikroprosessorlu (çip) ödəniş kartlarının tətbiqini daha da genişləndirəcək, nağd pul dövriyyəsinin nağdsız hesablaşmalar sisteminə çevrilməsinə, əmək haqqı, pensiya və müavinətlərin verilməsi mexanizmlərinin təkmilləşdirilməsinə, rabitə, nəqliyyat xidmətləri və kommunal xidməti haqlarının yığılması proseslərinin optimallaşdırılmasına əlverişli şərait yaradacaqdır. Habelə, əhalinin elektron biznes xidmətlərindən daha səmərəli istifadə etməsinə, o cümlədən elektron ticarət və bazarlara çıxışı üçün imkan yaradılacaqdır. 

Bununla yanaşı pərakəndə ticarət və xidmət müəssisələrinin dövriyyəsində olan maliyyə axınlarının şəffaflığına və ödəniş sistemləri vasitəsilə bank sisteminə daha aktiv cəlb olunmasına imkan yaranacaq, bu məqsədlə pərakəndə ticarət və xidmət müəssisələrində POS-terminallardan geniş istifadə olunması üçün müvafiq tədbirlər görüləcəkdir. 

Milli Kart Prosessinq Mərkəzinin yaradılması kiçik kreditləşmənin ucuz və sadə vasitəsi olan smart-kart texnologiyası ilə sadələşmiş kredit münasibətlərinin inkişafına təkan verəcək, habelə bu istiqamətdə göstərilən bahalı bank xidmətlərinin xeyli ucuzlaşmasına gətirib çıxaracaqdır. 

− Kommersiya banklarının daxili informasiya və hesablaşma sistemlərinin daha da inkişaf etdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması. 

Azərbaycan Respublikasının Milli Bankı mövcud qanunvericiliyə uyğun olaraq Korporativ İdarəetmə standartları çərçivəsində ödəniş sistemlərinin əsas iştirakçıları olan bankların, xüsusilə sistem əhəmiyyətli və geniş filial şəbəkəsinə malik olan kommersiya banklarının daxili informasiya və hesablaşma sistemlərinin inkişaf etdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq tələblər və standartlar müəyyən edəcək və həyata keçirilməsinə yardım göstərəcəkdir. 

Bununla bank sistemində ödənişlərin daha effektiv, təhlükəsiz və sürətli həyata keçirilməsi, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artırılması, “yolda olan” pul vəsaitlərinin minimuma endirilməsi təmin olunacaq, əhaliyə və hüquqi şəxslərə keyfiyyətli xidmətlər göstərilməsi yolu ilə bankların müştəri bazasının genişləndirilməsinə, əlavə pul vəsaitlərinin cəlb edilməsinə, iqtisadiyyatın müxtəlif sektorlarının kreditləşdirilməsinə imkan yaranacaq, bu isə öz növbəsində bank sisteminə olan inam və etimadın daha da artmasına və maliyyə bazarlarının inkişafına müsbət təsir göstərəcəkdir. 

− Böyük sayda xırda ödənişlər (elektrik enerjisi, qaz, su, telefon və s. ödənişlər) aparan kommunal xidməti təşkilatlarının, habelə, vergi, gömrük, pensiya və digər sosial müdafiə ödənişlərini aparan hökümət qurumlarının ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyasının tamamlanması. 

Bu məqsədlə həmin müəssisə və təşkilatlarda daxili informasiya sistemlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması və banklarla informasiya mübadiləsi üçün interfeys əlaqəsinin yaradılması nəzərdə tutulur. 

Kommunal xidməti müəssisələrində bu tədbirlərin həyata keçirilməsi yaradılmış elektron ödəniş sistemlərinin imkanlarından daha səmərəli və effektiv istifadə edilməsinə, kommunal xidmətləri üzrə ödənişlərin yığım səviyyəsinin artırılmasına, bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsinə, şəffaflığın daha da artırılmasına imkan yaradacaqdır. 

Vergi, gömrük orqanlarının, pensiya və digər sosial ödənişləri aparan hökümət qurumlarının ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyasının tamamlanması büdcə vəsaitlərinin daxil olması və istifadə edilməsi üzərində səmərəli nəzarətin təşkilinə, dövlət vəsaitlərinin daha səmərəli idarə edilməsinə şərait yaradacaq, eyni zamanda əhaliyə əmək haqqı, pensiya, müavinət və təqaüdlərin ödəniş texnologiyaları vasitəsilə daha sadə və rahat formada paylanmasına zəmin yaradacaqdır; 

− Ödəniş sistemlərinin coğrafi əhatə dairəsinin genişləndirilməsi və regionlara istiqamətləndirilməsi, təsərrüfat subyektlərinin və ev təsərrüfatlarının maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılması. 

Bu məqsədlə geniş filial şəbəkəsinə malik olan və əhaliyə pensiya və müavinətlərın paylanmasında, habelə kommunal ödənişlərin toplanmasında böyük təcrübəsi olan Milli poçt operatorunun (“Azərpoçt” Dövlət Müəssisəsinin və Naxçıvan MR RİTN-in) poçt şəbəkəsi platformasında poçt əmanətləri və poçt hesablaşmaları sisteminin yaradılması və bununla əlaqədar olaraq müvafiq hüquqi, təşkilati və tənzimləmə prosedurlarının müəyyən edilməsi, habelə poçt şəbəkəsinin elektron ödəniş infrastrukturuna inteqrasiyası üçün Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyənləşdirilmiş texniki və təhlükəsizlik standartlarına uyğunlaşdırılması üzrə tədbirlər görüləcəkdir. 

Bu tədbirlərin həyata keçirilməsi nəticəsində əhalinin yoxsul təbəqəsinin daha çox cəmləşdiyi rayon və kənd yerlərində ödəniş sistemləri və maliyyə xidmətləri infrastrukturunun genişləndirilməsi, regionlarda sosial təminat ödənişlərinin elektron daşıyıcılarla həyata keçirilməsi, kənd yerlərində kommunal xidmətlərlə bağlı ödənişlərin yığımında mövcud olan problemlərin aradan qaldırılması təmin olunacaqdır. Eyni zamanda təsərrüfatların maliyyə xidmətlərinə çıxış və maliyyə sektorunun və maliyyə bazarlarının özünün təsərrüfat subyektlərinə və ev təsərrüfatlarına qarşılıqlı çıxış imkanlarının artırılmasına əlverişli zəmin yaranacaqdır. 

Bu isə öz növbəsində yoxsulluğun aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafına, regionlarda sosial və maliyyə xidmətlərinin və infrastrukturun təkmilləşdirilməsinə müsbət təsir göstərəcəkdir. 

− Ödəniş sistemlərində risklərin idarə edilməsi səmərəliyinin artırılması və təhlükəsizlik standartlarının müəyyən müəyyən edilməsi. 

Bu istiqamətdə müvafiq qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə tədbirlər görüləcək, habelə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ödəniş sistemləri iştirakçılarının informasiya və hesablaşma sistemlərinə təhlükəsizlik və səmərəlilik standartları müəyyən ediləcək və bütövlükdə ödəniş sistemlərinin fəaliyyəti üzərində beynəlxalq standartlara uyğun nəzarət sistemi yaradılacaqdır. 

Bunun nəticəsində mövcud risklərin səmərəli idarə edilməsi, ödəniş sistemlərinin isə fasiləsiz, səmərəli və təhlükəsiz işləməsi təmin olunacaqdır. 

III. Dövlət Proqramının yerinə yetirilməsinin əsas prinsipləri

Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin icrası zamanı aşağıdakı prinsiplərə riayət olunmalıdır: 

− əmək haqqı, pensiya və müavinətlər verilərkən, habelə kommunal xidmət haqları ödənilərkən əhali istənilən bank və poçt şöbəsinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; 
− kommunal xidmətlər göstərən müəssisə və təşkilatlar yığım xidmətləri üçün bank seçimində sərbəst olmalıdır; 
− ölkədə bir neçə kart prosessinq mərkəzinin fəaliyyət göstərdiyi şəraitdə kart sahibləri istənilən prosessinq mərkəzi tərəfindən xidmət göstərilən bankomat və POS-terminallardan istifadə etmək imkanına malik olmalıdır; 
− kommersiya banklarının yaratdıqları kart prosessinq mərkəzləri Azərbaycan Respublikasının Milli Bankı tərəfindən yaradılan ödəniş sistemlərinin infrastrukturuna qoşulmalıdır; 
− Azərbaycan Respublikasının Milli Bankı tərəfindən elektron ödəniş infrastrukturuna qoşulan iştirakçılar üçün texniki və təhlükəsizlik standartları hazırlanmalı və iştirakçılar tərəfindən həmin standartlara, habelə sistemlərdə risklərin idarə olunması tələblərinə riayət olunmasına nəzarət edilməlidir; 
− yoxsulluğun azaldılması və hökumətin digər inkişaf proqramlarına kömək məqsədilə əhali üçün ödəniş sistemi infrastrukturundan istifadə haqları məqbul səviyyədə olmalıdır. 

Gözlənilən nəticələr

Dövlət Proqramında nəzərdə tutlmuş tədbirlərin həyata keçirilməsi aşağıdakı nəticələrin əldə olunmasına imkan verəcəkdir: 

1. Bütövlükdə ölkə iqtisadiyyatı üçün: 

− şəffaf, təhlükəsiz, səmərəli, qabaqcıl texnologiyaya və proqram təminatlarına əsaslanan və beynəlxalq standartlara cavab verən ödəniş sistemləri infrastrukturunun tamamlanması təmin ediləcək, bu isə öz növbəsində: 

maliyyə xidmətlərinin və maliyyə bazarlarının inkişafına, təsərrüfat subyektlərinin və ev təsərrüfatlarının həmin xidmətlərə çıxış imkanlarının artırılmasına və eyni zamanda maliyyə sisteminin özünün təsərrüfat subyektlərinə çıxış imkanlarının artırılmasına şərait yaradacaqdır; 

yeni iş yerlərinin açılmasına, əhalinin rifahının yüksəldilməsinə, yoxsulluğun azaldılmasına, daxili və xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına və bütövlükdə ölkə üzrə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcəkdir; 

− iqtisadiyyatda nağd pul dövriyyəsinin məhdudlaşdırılmasına və “dollarlaşmanın” qarşısının alınmasına müsbət təsir edəcək, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə, şəffaflığın artırılmasına, vergidən yayınma hallarının aradan qaldırılmasına, nağd pul kütləsinin emissiyasına, onun saxlanması və inkasassiyasına çəkilən xərclərinin azaldılmasına, dövlət müəssisə və təşkilatlarında pul vəsaitlərinin daha səmərəli idarə edilməsinə əlverişli şərait yaradacaqdır; 

− maliyyə sektorunun daha səmərəli fəaliyyət göstərməsi üçün sağlam rəqabət mühiti yaradılacaq və nəticədə maliyyə xidmətlərinin səmərəliliyi yüksələcək və tariflər aşağı düşəcəkdir. 

2. Əhali üçün: 

− əmək haqqı, pensiya, müavinət və təqaüdlərin vaxtlı-vaxtında, rahat üsullarla paylanması, habelə kommunal və digər xidmət haqları ödənişlərinin elektron daşıyıcılarla istənilən bank və ya poçt şöbəsi vasitəsilə, habelə digər üsullarla (internet, mobile bankinq və s.) həyata keçirilməsi imkanı əldə olunacaq, eyni zamanda elektron biznes xidmətləri, o cümlədən elektron ticarət və elektron bazarlara çıxış üçün müvafiq şərait yaranacaqdır. 

3. Kommunal xidmətlər göstərən müəssisə və təşkilatlar üçün: 

− kommunal ödənişlər üzrə haqların kommersiya bankları və ya poçt şöbələri vasitəsilə toplanması maliyyə intizamını gücləndirəcək, şəffaflığı artıracaq və həmin təşkilatlar tərəfindən nağd pulun yığılması, saxlanması və daşınması ilə bağlı xərclərin və risklərin azalmasına şərait yaradacaqdır; 
− kommunal ödənişlər üzrə haqların yığım səviyyəsinin artımından əldə edilən vəsaitlər müştərilərə göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün lazım olan əlavə maliyyə mənbəyinə çevriləcək, bu isə onların özəlləşdirilməsi zamanı müsbət amil rolunu oynayacaqdır. 

4. Kommersiya bankları üçün: 

− təsərrüfat subyektlərinə sadə, ucuz, sürətli və keyfiyyətli xidmətlər göstərilməsi yolu ilə müştəri bazasının genişləndirilməsinə, geniş əhali təbəqəsində olan pul vəsaitlərinin bank dövriyyəsinə cəlb edilməsinə və onların iqtisadiyyatın müxtəlif sektorlarının kreditləşdirilməsinə yönəldilməsinə, habelə filial şəbəkəsinin inkişaf etdirilməsinə əlverişli imkan yaranacaqdır. 

5. Milli poçt operatoru üçün: 

− “Azərpoçt” DM-in mövcud şəbəkəsinin daha da genişləndirilməsinə şərait yaradılacaq, bank-maliyyə xidmətlərinin tətbiqi təmin ediləcək, regionlarda olan poçt şöbələrinin xidmət sferası genişlənəcəkdir. 

IV. Maliyyələşdirmə mənbələri

Dövlət Proqramının qarşıya qoyduğu məqsədin və bununla əlaqədar tədbirlərin həyata keçirilməsi və Azərbaycan Respublikasında vahid nağdsız hesablaşmalar sisteminin yaradılması maliyyələşdirmə mənbələrinin kompleks şəkildə formalaşdırılmasını tələb edir. 

Əsas tədbirlərin maliyyələşdirilməsi mənbələri kimi beynəlxalq maliyyə qurumlarının kreditlərindən, Azərbaycan Respublikasının Milli Bankının resurslarından, habelə kommersiya banklarının və Dövlət Proqramının həyata keçirilməsində iştirak edən təşkilatların investisiyalarından istifadə edilməsi nəzərdə tutulur.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR