“Şəxsin səsə görə biometrik identifikasiyası sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müzakirə olundu

27 Aprel 2015 - 14:05 | Konfranslar, İclaslar

İnstitutun aprelin 24-də keçirilmiş elmi seminarında dissertant Lyudmila Suxostat “Şəxsin səsə görə biometrik identifikasiyası sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, bu məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri diqqətə çatdırdı. 

Bildirdi ki, dissertasiya işinin məqsədi şəxsin səsə görə biometrik identifikasiyası sistemlərinin sintezi üçün kanal dəyişiklikləri və təhriflərinə davamlı, yüksək tanınma göstəricilərinə malik metod və alqoritmlərin işlənməsidir.

Tədqiqat işində şəxsin səsə görə tanınması problemlərinin müasir vəziyyətinin araşdırıldığını söyləyən L.Suxostat şəxsin səsə görə biometrik identifikasiyasının mövcud metod və alqoritmlərinin tədqiq edildiyini, şəxsin səsə görə tanınması üçün nitq siqnallarının əlamətlərinin çıxarılması metodlarının işlənildiyini qeyd etdi.

İşin elmi-praktiki əhəmiyyətindən söz açan məruzəçi şəxsin biometrik tanınması sistemlərinin sintezi üçün işlənilmiş metod və alqoritmlərin bir çox sahələrdə tətbiq olunduğunu və bu sistemin prototipinin yaradıldığını dilə gətirdi.

L.Suxostat dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq nitq siqnallarının spektral əlamətlərinin çıxarılması üçün empirik veyvlet çevirməsi ilə əlamətlərin çıxarılması alqoritminin işlənildiyini, səsin əsas tonunun periodunu hesablamaq üçün metodun təklif olunduğunu söylədi.

Sonra məruzəçi alim və mütəxəssislərin suallarını cavablandırdı.

Müzakirələrdə iştirak edən texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktorları Bikəs Ağayev,  Şəfəqət Mahmudova, Məkrufə Hacırəhimova, Gülarə Muradova, Nigar İsmayılova və digərləri dissertasiya işinin aktuallıq baxımından müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

Dissertasiya işinə dair təyin olunan rəyçilər - texnika üzrə elmlər doktoru, professor Bayram İbrahimov və texnika üzrə fəlsəfə doktoru Fədai Gəncəliyevin tədqiqat işi ilə bağlı irad və təklifləri səsləndirildi.

Sonda dissertasiya işinin növbəti mərhələyə buraxılması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.