AMEA İnformasiya Texnologiyaları İnstitutunun bu gün keçirilmiş elmi seminarında çıxış edən institutun sektor müdiri Sabirə Allahverdiyeva “Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması” adlı məruzəsini təqdim etdi. O, uşaqların internetdə qarşılaşdığı təhlükələr, ölkələrin milli təhlükəsiz internet mərkəzləri, “Təhlükəsiz İnternet Proqramı”, uşaqların informasiya təhlükəsizliyinin yaşa uyğun xüsusiyyətləri, Əşyaların interneti, uşaqlar üçün nəzərdə tutulan sosial şəbəkələr haqqında ətraflı məlumat verdi.
Məruzəçi həmçinin uşaqların kiberməkanda təhlükəsizliyinin analizinə dair elmi tədqiqatlar, bu istiqamətdə keçirilən konfranslar və Azərbaycanda uşaqların internet təhlükəsizliyi ilə bağlı görülən işləri diqqətə çatdırdı.
Bildirdi ki, yeniyetmələrin çoxu veb-gündəliklərə və ya bloqlara, sosial şəbəkələrə özləri haqqında dolğun informasiya yerləşdirir ki, bu da təhlükəsizliklə bağlı bir sıra problemlərə yol açır.
Onun sözlərinə görə, internetdə mövcud olan informasiya bolluğu zərərli və zərərsiz informasiyanı analiz etməkdə çətinliklər törədir. Uşaqların internetə çox vaxt sərf etməsi onlarda internet asılılığı və digər psixoloji problemlərin yaranmasına səbəb olur. “Uşaqların internet vasitəsilə “qazandığı” davranışlar ətrafdakılarla ünsiyyət qurmasına təsir edir”, - deyə bildirən S.Allahverdiyeva internet oyunlarının yad mədəniyyətləri təbliğ etdiyini, gənc nəsli milli adət-ənənələrdən uzaqlaşdırdığını dilə gətirdi.
Qeyd etdi ki, internetdən istifadə edərkən uşaqlar şəxsi təhlükələrlə yanaşı, kompüterlərinin təhlükəsizliyinə yönəlmiş müxtəlif təhdidlərlə qarşılaşırlar. Veb-səhifələrə daxil olarkən avtomatik yüklənən proqramlar, ödənişsiz proqram təminatlarının yüklənməsi zamanı avtomatik qurulan reklam proqramları, casus proqramlar və kompüter virusları bu kimi təhlükələrdəndir.
O, Avropada əhalinin təlimləndirmə işini həyata keçirmək məqsədilə yaradılmış “İnsafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsinin gəncləri internetdən və mobil qurğulardan təhlükəsiz istifadəyə təşviq etdiyini söylədi.
Dünyada mövcud olan Təhlükəsiz İnternet Mərkəzlərinin insanların internetdən istifadəsi zamanı yaranacaq potensial risklərlə bağlı məlumatlandırma, maarifləndirmə və s. kimi funksiyaları yerinə yetirdiyini diqqətə çatdırdı.
Azərbaycanda uşaqların internet təhlükəsizliyi ilə bağlı görülən işlərdən söz açan məruzəçi AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə təhsil müəssisələrində filtrasiya sisteminin tətbiq edildiyini, cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir və treyninqlərin keçirildiyini, AR Təhsil Nazirliyində “İnternetdən istifadə məsələləri üzrə Şura”nın fəaliyyət göstərdiyini bildirdi.
Məruzə ətrafında gedən müzakirələrdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyev və Bikəs Ağayev, texnika üzrə fəlsəfə doktorları Şəfəqət Mahmudova, Ramiz Şıxəliyev iştirak etdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.