İnstitutda FD 1.35 Dissertasiya Şurasının elmi seminarının iclası keçirilib

29 Oktyabr 2026 - 13:01 | Konfranslar, İclaslar
İnstitutda FD 1.35 Dissertasiya Şurasının elmi seminarının iclası keçirilib

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda FD 1.35 Dissertasiya şurasının nəzdindəki 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə üzrə elmi seminarı keçirilib.

İclası giriş sözü ilə elmi seminarın sədri, texnika elmləri doktoru, professor Nadir Ağayev açaraq, seminarın Cavid Abbaslının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tibbi diaqnozların qoyulmasının və dərman preparatlarının təyin edilməsinin süni intellekt metodları vasistəsilə tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirib.

C.Abbaslı dissertasiya işini təqdim edərək bildirib ki, müasir tibbin ən mühüm problemlərindən biri  həkimlərin həddindən artıq iş yükü şəraitində tibbi diaqnozların dəqiqliklə qoyulması və xəstəyə xas klinik əlamətlərin nəzərə alınaraq ən uyğun dərman preparatlarının təyin edilməsidir. Qeyd edilmişdir ki, yanlış tibbi diaqnostika problemi xüsusilə oxşar simptomlu xəstəliklərin diferensial diaqnostikasında, çoxsaylı klinik göstəricilərin eyni anda nəzərə alınması ilə uyğun dərman preparatlarının seçilməsi zamanı müşahidə olunur.

İddiaçının sözlərinə görə, dissertasiya işinin əsas məqsədi tibbi diaqnozların dəqiqliyinin artırılması və xəstəyə xas əlamətlər əsasında dərman preparatlarının təyin edilməsi üçün süni intellekt metodlarının tədqiqi və yeni yanaşmaların, metodların, alqoritmlərin təklif olunmasıdır.

 

Dissertasiya işinin nəticələrini təqdim edən C.Abbaslı bildirib ki, tədqiqat çərçivəsində çoxagentli transformer arxitekturalı tibbi böyük dil modellərində biliklərin ötürülməsi üçün özünə diqqət mexanizminə əsaslanan hibrid metod, tibbi diaqnostikada müəllim və tələbə modellərinin öyrənmə nisbətlərinin kəmiyyətcə ölçülməsi üçün metod, tibbi sorğuların konsensus əsaslı seçimi üçün metod, klinik gedişatın stoxastik model əsasında proqnozlaşdırılması üçün modifikasiya olunmuş hibrid metod, eləcə də klinik protokollar əsasında dərman preparatlarının çoxkriteriyalı seçimi üçün hibrid metod işlənmişdir.

O, qeyd edib ki, əldə olunmuş elmi-nəzəri və praktiki nəticələr xəstəxana və klinikaların tibbi informasiya sistemlərində avtonom diaqnostik qərarların qəbul edilməsi modullarının qurulmasında, məhdud hesablama resurslu mobil tibbi cihazlarda, farmakologiya və klinik əczaçılıq sahələrində xəstəyə xas klinik göstəricilər əsasında dərmanların seçilməsi zamanı tövsiyyə sistemlərinin yaradılmasında istifadə oluna bilər.

İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika elmləri doktoru, professor Şəhla Hüseynzadə və texnika üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılovanın rəyləri dinlənilib. Rəylərdə dissertasiya işində əsaslı tədqiqatların aparıldığı, qarşıya qoyulmuş məsələlərin həll olunduğu bildirilib, tədqiqatın elmi yeniliyi və praktiki əhəmiyyəti qeyd olunub, həmçinin sual və iradlar səsləndirilib.

Daha sonra C.Abbaslı ona ünvanlanan sualları cavablandırıb.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən  texnika elmləri doktoru, professor Nadir Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova və digərləri çıxış edərək iddiaçının əldə etdiyi elmi nəticələrlə bağlı təklif və tövsiyələrini irəli sürüblər.

Sonda səsvermə keçirilib, müvafiq qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.