Yeni Azərbaycan Partiyasının ETN İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası keçirilib

22 Oktyabr 2026 - 09:43 | Konfranslar, İclaslar
Yeni Azərbaycan Partiyasının ETN İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası keçirilib

AR ETN İnformasiya Texnologiyaları İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) institut üzrə ərazi partiya təşkilatının iclası keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru,  akademik Rasim Əliquliyev, YAP Yasamal rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev, YAP-ın üzvü olan əməkdaşları və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayının ölkənin ictimai-siyasi həyatında və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib. Alim qurultayda Prezident İlham Əliyevin ölkənin daxili və xarici siyasətinin prioritetləri və milli təhlükəsizlik məsələləri ilə bağlı səsləndirdiyi fikirlərin dövlətçilik ənənələrinin qorunması və milli maraqların təmin olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

İnstitutun baş direktoru Prezident İlham Əliyevin qurultaydakı çıxışından irəli gələn vəzifələrin elmi müəssisələr qarşısında da mühüm prioritetlər müəyyənləşdirdiyini qeyd edib. Bildirib ki, institutun Elmi Şurasının iclasında elmi müəssisəsinin fəaliyyət istiqamətləri yenidən nəzərdən keçirilib, süni intellekt, kibertəhlükəsizlik sahələrində elmi kadrların hazırlanması istiqamətlərində qarşıda duran vəzifələr müzakirə olunub.

Alim regionda və dünyada baş verən proseslər fonunda ölkəmizin təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətində mühüm yer tutduğunu vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətinə diqqət çəkib. AMEA-nın vitse-prezidenti xüsusilə ziyalıların, o cümlədən YAP üzvü olan alim və mütəxəssislərin üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib, dövlət siyasətinin təbliğində, cəmiyyətin maarifləndirilməsində fəal iştirakın vacibliyini qeyd edib.

Sonra YAP Yasamal rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev çıxış edərək bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davamı olduğunu vurğulayıb. O, oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin çıxışı zamanı diqqətə çatdırdığı əsas məqamlara toxunaraq, dövlət başçısının ölkənin gələcək inkişafı, ideoloji təhlükəsizliyin təmin olunması və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlı fikirlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

İnformasiya texnologiyalarının və süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə ideoloji təhlükəsizlik məsələsinə də diqqət çəkən dosent Bəxtiyar Nəbiyev bu sahədə elm və təhsil müəssisələrinin üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib.

YAP Yasamal rayon təşkilatının sədri, həmçinin milli maraqların və dövlətçilik prinsiplərinin qorunmasında ictimai fəallığın əhəmiyyətini vurğulayıb. O, ziyalıların cəmiyyətdə maarifləndirmə işinin gücləndirilməsində, gənclərin düzgün istiqamətləndirilməsində və milli dəyərlərin təbliğində fəal iştirakının vacibliyini qeyd edib.

Dosent Bəxtiyar Nəbiyev çıxışının sonunda Azərbaycanın qazandığı uğurların davamlılığının təmin olunması üçün ölkədə həyata keçirilən siyasi kursun dəstəklənməsinin və cəmiyyətdə həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb. O, ölkənin gələcək inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin yaşadılması naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin vacibliyini vurğulayıb.

İclasda həmçinin YAP Yasamal rayon təşkilatının institut üzrə ərazi partiya təşkilatının sədri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, institutun Qadınlar Şurasının sədri, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, Həmkarlar Komitəsinin sədri Anar Səmidov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Quliyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyev və dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.