ETN İnformasiya Texnologiyaları İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib. İmtahanda 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə 3 nəfər və 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 5 nəfər, 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə 5 nəfər iddiaçı iştirak edib.
Qeyd edək ki, AR Elm və Təhsil Nazirliyindən daxil olan 13 avqust 2026-cı il tarixli “Doktoranturaya qəbulun aparılması ilə bağlı keçiriləcək tədbirlər barədə” məktuba əsasən, institutda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanının keçirilməsi üçün komissiya yaradılıb. İmtahan Komissiyasının sədri – AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, üzvləri – institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevadır.
Akademik Rasim Əliquliyev imtahan prosesi ilə tanış olaraq gənclərə institutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. İnstitutun müasir çağırışlara cavab verərək, dinamik şəkildə dəyişən süni intellekt, data analitika, rəqəmsal tibb kimi sahələrdə tədqiqatların aparılmasında, bu istiqamətlərdə yüksəkixtisaslı kadrların yetişdirilməsində, gənc tədqiqatçıların elmə cəlb olunması işində yaxından iştirak etdiyini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti gənc tədqiqatçıların cəmiyyət üçün faydalı gənclər kimi yetişməsinin, əldə etdikləri bilikləri ictimai müzakirələrdə, beynəlxalq konfranslarda və müxtəlif elmi tribunlarda təqdim etməsinin onların inkişafında, elmi potensialının daha geniş auditoriyalara çatdırılmasında və ölkənin intellektual mühitinə inteqrasiyasında mühüm rol oynadığını qeyd edib, iddiaçıların hər birinə imtahanda müvəffəqiyyətlər arzu edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.