Akademik Rasim Əliquliyev: “Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər”

20 Fevral 2026 - 12:23 | Konfranslar, İclaslar
Akademik Rasim Əliquliyev: “Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər”

ETN-nin İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə və elmlər doktorluğu proqramları üzrə təhsil alan doktorant və dissertantlarla görüş keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, institutun elmi katibi Nərmin Adıgözəlova, doktorant və dissertantlar, onların elmi rəhbərləri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Görüşdə çıxış edən akademik Rasim Əliquliyev Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğu müasir dövrdə qabaqcıl texnologiyaların sürətlə inkişaf edərək ölkənin sosial-iqtisadi və elmi-texnoloji tərəqqisini şərtləndirən strateji potensiala çevrildiyini bildirib. Alim kibertəhlükəsizlik, rəqəmsal inkişaf və süni intellekt sahələrini əhatə edən dövlət strategiyalarının ölkənin gələcək inkişaf modelində mühüm yer tutduğunu qeyd edib.

AMEA-nın vitse-prezidenti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin süni intellekt sahəsində qabaqcıl mövqeyə malik ölkələrlə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, bu istiqamətin milli prioritetlər sırasında mühüm yer tutduğunu qeyd edib. Akademik Rasim Əliquliyev son dövrlərdə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı çərçivəsində aparılan müzakirələrin ölkədə rəqəmsal inkişafın sistemli şəkildə təşkilinə xidmət etdiyini diqqətə çatdırıb.

Süni intellekt sahəsində kadr hazırlığının önəminə toxunan akademik Rasim Əliquliyev qeyd edib ki, əmək bazarının tələbləri nəzərə alınmaqla həm ali təhsil müəssisələrində, həm də elmi qurumlarda müasir biliklərə malik mütəxəssislərin hazırlanması zəruridir. Bu prosesdə gənclərin öz üzərində davamlı işləməsi, peşə bacarıqlarını artırması və yeni biliklərə yiyələnməsi əsas şərtlərdən biridir.

Baş direktor ölkədə gedən rəqəmsal transformasiyalar şəraitində yüksəkixtisaslı kadrların hazırlanması ilə yanaşı, ali məktəblərdə aparılan tədris prosesinə elmi dəstəyin göstərilməsinin və elmtutumlu layihələrin reallaşdırılmasında fəal iştirakın institutun əsas prioritetləri sırasında olduğunu da diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda bu istiqamətdə davamlı islahatların aparıldığını qeyd edərək institutun Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsinin elmi fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət etdiyini bildirib. Alim Dövlət başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 4 aprel tarixli Sərəncamının institutun fəaliyyətinin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib.

Akademik Rasim Əliquliyev gənc tədqiqatçıların cəmiyyətin intellektual təbəqəsini təşkil etdiyini vurğulayaraq gənclərin üzərinə düşən vəzifələrin təkcə elmi fəaliyyətlə məhdudlaşmadığını, eyni zamanda qabaqcıl biliklərin təbliği və əhalinin maarifləndirilməsi ilə müşayiət olunduğunu bildirib. Alimin sözlərinə görə, süni intellekt mədəniyyətinin formalaşması istiqamətində gənclər ön sırada yer almalı, çevik, mobil və fəal mövqe nümayiş etdirərək ölkənin gələcəyinə ümid verən, yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər.

Akademik Rasim Əliquliyev görüşün əsas məqsədinin doktorant və dissertantların elmi fəaliyyətinin sistemli şəkildə monitorinqi və obyektiv qiymətləndirilməsi olduğunu qeyd edib. Bildirib ki, gənc tədqiqatçıların elmi fəaliyyətinin koordinasiyası və məqsədyönlü dəstəklənməsi aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsində həlledici rol oynayır.

AMEA-nın vitse-prezidenti institutda müxtəlif formatlarda intellektual müzakirələrin təşkilinin və aktual problemlərə həsr olunmuş elmi seminarların keçirilməsinin əhəmiyyətinə toxunub, tədqiqatçıları ölkə üçün əhəmiyyətli elmi problemləri əhatə edən mövzularda səmərəli araşdırmalar aparmağa çağırıb.

Görüşdə hər bir doktorant və dissertantın elmi fəaliyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Tədbirdə həmçinin doktorant və dissertantların elmi rəhbərləri, eləcə də alim və mütəxəssislər çıxış edərək gənc tədqiqatçılara tövsiyələr veriblər, onları elmi fəaliyyətlərini gücləndirməyə səsləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.