Industry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi problemlərinə dair tədqiqatlar aparılıb

30 Yanvar 2026 - 16:48 | Konfranslar, İclaslar
Industry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi problemlərinə dair tədqiqatlar aparılıb

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında İndustry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və  sintezi   problemləri ilə bağlı tədqiqatlar aparan struktur bölmənin 2025-ci il üzrə hesabatı dinlənilib.

Hesabatı institutun baş mühəndisi, şöbə müdiri Şakir Mehdiyev  təqdim edərək şöbənin elmi-nəzəri fəaliyyəti ilə bağlı görülən işlər haqqında məlumat verib.  Ş.Mehdiyev cari ildə İndustry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatların aparıldığını bildirib.

Onun sözlərinə görə, bu problem çərçivəsində “Kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə kiberfiziki sistemlərdə enerjinin tükənməsi ilə bağlı kiberhücumların tədqiqi və onlarla mübarizə üsulları, proqnozlaşdırıcı (prediktiv süni intellekt) texnologiyalar əsasında kiberfiziki sistemlərinin dayanıqlı və səmərəli işləməsinin təmin olunması üsulların tədqiqi məsələləri və digər istiqamətlərdə tədqiqatlar aparılmış, məqalə və tezislər hazırlanmışdır.

O həmçinin “İnklüziv cəmiyyətin inkişafında kiberfiziki sistem texnologiyalarının rolu və tədqiqi” mövzusu üzrə tədqiqatlardan bəhs edərək, fiziki məhdudiyyətli insanların mobilliyini və ünsiyyətini yaxşılaşdırmaq üçün ağıllı sistemlərin tətbiqi və adaptiv texnologiyaların, ağıllı qurğuların və robotlaşdırılmış sistemlərin sosial və iqtisadi inkişafa təsiri məsələlərinin araşdırıldığını söyləyib. 

Məruzəçi ötən il ərzində şöbədə elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği, tanınmış jurnallarda elmi məqalələrin nəşri, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak çərçivəsində görülən işlər haqqında məlumat verib, eləcə də elmmetrik göstəriciləri nəzərə çatdırıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev hesabata dair təklif və tövsiyələrini səsləndirib, şöbədə aparılan tədqiqatların genişləndirilməsi, əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.