ETN Fizika İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının bölməyə daxil olan elmi müəssisə və təşkilatların illik hesabatlarına həsr olunmuş iclası keçirildi.
Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri və digər aidiyyəti şəxslər iştirak etdilər.
İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev cari ilin noyabr ayından etibarən Bölmənin tərkibində fəaliyyət göstərən elmi müəssisələr üzrə illik hesabatların müzakirəsinə başlanıldığını bildirdi. Akademik R.Əliquliyev qeyd etdi ki, Bölmənin Ümumi yığıncağında əsas diqqət prioritet elm sahələri üzrə aparılan araşdırmalara, 2025-ci il ərzində əldə olunan mühüm nəticələrin təhlilinə, eləcə də həmin nəticələrin beynəlxalq elmi platformalarda nəşri məsələlərinə yönəldiləcək.
Akademik Rasim Əliquliyev çıxışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyi tədbirində nitqində Akademiyanın qarşısında mühüm strateji vəzifələr müəyyənləşdirdiyini xatırladaraq Ümumi Yığıncaqda dövlət başçısının həmin çıxışından irəli gələn tapşırıqlar, eləcə də 2026-cı il üçün Bölmə üzrə müəyyənləşdirilən elmi prioritetlər ətrafında müzakirələrin aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.
AMEA-nın vitse-prezidenti müasir reallıqlar kontekstində Azərbaycan elmində həyata keçirilən islahatlardan da söz açaraq qeyd etdi ki, bu proses ölkə elminin fəaliyyətinin daha səmərəli təşkili, elmi potensialın optimallaşdırılması, stimullaşdırma mexanizmlərinin genişləndirilməsi, eləcə də qabaqcıl beynəlxalq təcrübənin ölkəyə transferi məsələlərini əhatə edir. Elmi şuranın sədri bu istiqamətdə AMEA ilə Elm və Təhsil Nazirliyi arasında sıx və koordinasiyalı əməkdaşlığın qurulduğunu vurğuladı, bölmə alimlərini aparılan islahatların icrasında daha fəal mövqe tutmağa, görülən işlərə töhfə verməyə çağırdı.
Sonra AMEA-nın akademik-katibi, ETN Fizika İnstitutunun icraçı direktoru, professor Hüseyn İbrahimov bu qurumda hesabat ilində aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verdi. Qeyd etdi ki, elmi müəssisənin əməkdaşları 2025-ci ildə də fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işlərini davam etdirərək səmərəli fəaliyyət göstəriblər, əhəmiyyətli elmi nəticələr əldə ediblər. Bu istiqamətlərə daxil olan 3 problem, 3 mövzu, 38 iş, 45 mərhələ üzrə elmi-tədqiqat işləri və 12 mövzu üzrə tətbiq xarakterli iş aparılmışdır. Alim əlavə etdi ki, cari ildə Fizika İnstitutunda elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilib. İnstitutda il ərzində 269-u xaricdə olmaqla 436 məqalə, 77-si xaricdə olmaqla, 160 tezis çap olunub.
Daha sonra prof. H.İbrahimov hesabat ilində Fizika İnstitutunda tətbiq olunmuş işləri, istinadların sayını, eləcə də qrantlar üzrə görülmüş işləri iclas iştirakçılarının diqqətinə çatdırdı.
ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov rəhbərlik etdiyi müəssisənin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim etdi. İnstitutda cari il üzrə müəyyənləşdirilmiş idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas elmi istiqamətlər üzrə tədqiqatların aparıldığını bildirən akademik Ə.Abbasov ümumilikdə 29 mühüm elmi nəticənin əldə edildiyini qeyd etdi. Baş direktor institut əməkdaşları tərəfindən 2025-ci ildə 367 elmi əsərin, o cümlədən 136 məqalə (onlardan 24-ü “Web of Science” və 27-si “Scopus” bazalarında), 5 kitab (1-i xaricdə), 4 dərs vəsaiti və 1 monoqrafiyanın (xaricdə) çap olunduğunu, 3 avrasiya patentinin alındığını, tədqiqatçıların əsərlərinə 4290 dəfə istinad edildiyini dedi.
Akademik Əli Abbasov institutun imzaladığı əməkdaşlıq müqavilələri, bu qurumun innovasiya, nəşriyyat və patent fəaliyyəti, ölkədaxili və beynəlxalq qrant layihələrində iştirak, kadr hazırlığı, elm və təhsilin inteqrasiyası ilə bağlı görülən işləri də iclas iştirakçılarının nəzərinə çatdırdı.
Daha sonra ETN Riyaziyyat və Mexanika İnstitutunda 2025-ci ildə aparılan elmi-tədqiqat işlərinin yekunları ilə bağlı hesabat dinlənildi. Hesabatı institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov təqdim edərək bildirdi ki, cari ildə institut əməkdaşları tərəfindən 126 məqalə (72-si xaricdə), 100 tezis (88-i xaricdə), 2 monoqrafiya, 2 dərs vəsaiti, 19 elmi populyar məqalə nəşr edilib. Clarivate Analytics və Scopus bazalarına daxil olan nəşrlərdəki məqalələrin sayı 93-dür. İl ərzində institut əməkdaşlarının əsərlərinə 2260 istinad qeydə alınıb.
Professor Misir Mərdanov cari ildə alınmış mühüm nəticələr, qrantlar, təltif və mükafatlar, yerli və beynəlxalq elmi qurumlarla və alimlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, keçirilmiş konfranslar və elmi sessiyalar, kadr hazırlığı, institutda nəşr olunan jurnallar, elm və təhsilin qarşılıqlı əlaqəsi, tətbiq olunmuş elmi nəticələr və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən də bəhs etdi.
ETN Radiasiya Problemləri İnstitutunun 2025-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev təqdim etdi. Alim institutda radiasiya təhlükəsizliyi, radiasiya texnologiyaları, radiasiya materialşünaslığı və ekoloji təmiz energetika elmi istiqamətlərində aparılan tədqiqatların nəticələrindən bəhs edərək 10 mövzu üzrə 30 elmi işin yerinə yetirildiyini diqqətə çatdırdı. İl ərzində çap olunan 189 məqalədən 170-nin, 97 tezisdən 45-nin xarici jurnallarda və konfrans materiallarında dərc olunduğunu dedi, 4 monoqrafiyanın işıq üzü gördüyünü vurğuladı. Alim 2025-ci il üzrə elmi işçilərin əsərlərinə 5842 istinad olduğunu qeyd etdi. O, həmçinin il ərzində institutda elmi kadrların hazırlanması, ölkədaxili və beynəlxalq əməkdaşlıq əlaqələri, innovativ fəaliyyət, qrant layihələri, elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi.
Müvafiq elmi müəssisələrdə aparılmış elmi tədqiqatların nəticələrinə dair fikir mübadiləsi aparıldıqdan sonra hesabatlar qəbul olundu.
Daha sonra ETN Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Nəriman İsmayılov Rəsədxananın 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı təqdim etdi. O, hesabat ilində səma cisimlərinin fizika və dinamikası istiqamətində ulduz və qalaktikaların kompleks tədqiqi, eləcə də Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası problemləri üzrə 8 mövzu ətrafında tədqiqatların yerinə yetirildiyini, mühüm elmi nəticələrin əldə edildiyini diqqətə çatdırdı. İl ərzində rəsədxana əməkdaşları tərəfindən 30 məqalənin çap edildiyini, onlardan 11-nin WoS və Scopus elmi bazalarına daxil olan jurnallarda öz əksini tapdığını qeyd etdi, 51 tezisin ölkə və beynəlxalq səviyyəli konfranslarda məruzə edildiyini əlavə etdi. Prof. N.İsmayılov Rəsədxananın “Azərbaycan Astronomiya Jurnalı”nın Scopus elmmetrik bazasına daxil edildiyini də vurğuladı.
ETN Biofizika İnstitutunun 2025-ci il üzrə illik hesabatı ilə bağlı bu qurumun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məruzə etdi. O, bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində “Bioloji sistemlərdə struktur-dinamika-funksiya əlaqələri” problemi üzrə tədqiqatların aparıldığını, mühüm nailiyyətlərin əldə olunduğunu söylədi.
O.Qasımov 2025-ci ildə institutun əməkdaşları tərəfindən 24 elmi məqalənin (onlardan 5-i WoS və 13-ü Scopus bazalarına daxil olan jurnallarda), 6 tezisin (onlardan 2-si xaricdə) çap edildiyini bildirdi. Alim həmçinin institutun beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, elm və təhsilin inteqrasiyasının dərinləşdirilməsi, elmi kadrların hazırlanması və s. istiqamətlərdə həyata keçirilən və perspektivdə nəzərdə tutulan tədbirlər barədə danışdı.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun 2025-ci il üzrə illik hesabatını təqdim etdi. Elmi-nəzəri fəaliyyət haqqında məlumat verən akademik cari ildə institutda qabaqcıl informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, eləcə də rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətlərində tədqiqatların aparıldığını nəzərə çatdırdı.
Akademik Rasim Əliquliyev elmi əsərlər və elmmetrik göstəricilərlə bağlı statistikanı təqdim edərək cari ildə institut əməkdaşlarının məqalələrinə 2381 dəfə istinad edildiyini, bu rəqəmin son 5 ildə 13516-ya bərabər olduğunu dedi. 2025-ci ildə institut əməkdaşları tərəfindən 104 məqalənin, 107 tezisin və 2 kitabın dərc edildiyini vurğuladı. Əlavə etdi ki, son 5 ildə institut əməkdaşlarının 297 məqaləsi Web of Science və Scopus bazalarına daxil olan jurnallarda öz əksini tapmışdır. Azərbaycan alimlərinin İKT sahəsindəki fəaliyyəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilmiş, son 6 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edilmişdir.
Alim, həmçinin dövlət tapşırıqlarının icrası, elmi-təşkilati və kadr hazırlığı, institutun həmtəşkilatçılığı ilə keçirilmiş konfranslar, elm və təhsilin inteqrasiyası, multidissiplinar araşdırmalar, elmi və texnoloji dəstək qrantları, elmi biliklərin populyarlaşdırılması, AzScienceNet şəbəkəsinin fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq, eləcə də digər istiqamətlərdə görülmüş işlər haqqında ətraflı məlumat verdi.
Sonra hesabatlara dair müzakirələr aparıldı. Müzakirələrdə akademik Adil Qəribov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru, v.i.e. AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, akademik Arif Həşimov və digərləri çıxış edərək institutların illik hesabatlarında əks olunan elmi nəticələri və əldə olunan nailiyyətləri yüksək qiymətləndirdilər. Çıxışlarda elmi fəaliyyətin səmərəliliyinin artırılması, tədqiqatların prioritet istiqamətlər üzrə genişləndirilməsinin vacibliyi vurğulandı, bir sıra tövsiyələr səsləndirildi.
Müvafiq elmi müəssisələrdə aparılmış elmi tədqiqatların nəticələrinə dair fikir mübadiləsi aparıldıqdan sonra hesabatlar qəbul olundu.
Sonda AMEA-nın vitse-prezidenti çıxış edərək bildirdi ki, Bölmənin tabeliyində olan elmi müəssisə və təşkilatlar hesabat ilində də qlobal elmi tendensiyalar, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elm qarşısında müəyyənləşdirilən vəzifələr əsasında fəaliyyət göstərərək aktual elmi problemlərin həllinə yönəlmiş tədqiqatlara üstünlük veriblər. Alim il ərzində Bölmə üzrə əldə olunan nəticələrin Azərbaycan elminin beynəlxalq elmi mühitdə tanıdılmasına və nüfuzunun artırılmasına mühüm töhfə verdiyini, tədqiqat nəticələrinə dair çoxsaylı elmi məqalələrin Web of Science və Scopus kimi nüfuzlu beynəlxalq elmi bazalarda dərc olunduğunu xüsusi qeyd etdi.
Akademik Rasim Əliquliyev Bölmə üzvlərini, institut və təşkilatların əməkdaşlarını AMEA rəhbərliyi adından 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi, hər kəsə cansağlığı, gələcək fəaliyyətlərində yeni elmi nailiyyətlər arzuladı.
Ümumi yığıncaqda həmçinin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Qəmbər Quluyevin 75 illik yubileyi haqqında məsələ müzakirə olundu. Həmçinin ETN Fizika İnstitutunun 80 illiyi ilə əlaqədar olaraq bir qrup alim institutun Fəxri Fərmanı ilə təltif olundular.