Rusiyada gənc proqramçılar üçün onlayn-məktəb açılacaq

15 Yanvar 2015 - 14:29 | Maraqlı məlumatlar
Rusiyada gənc proqramçılar üçün onlayn-məktəb açılacaq

Rusiyanın Rabitə və Kütləvi Kommunikasiya Nazirliyinin İT-şirkətlərlə birgə yaratdığı onlayn-məktəbdə gənclər artıq yaxın vaxtlarda proqramlaşdırmanın sirlərinə bələd ola biləcəklər. Ölkənin ən ucqar yerlərində İnternetin olması ilə hər bir məktəblinin virtual kodlar yazmaq imkanı olacaq.

“Российская газета”nın yazdığına görə, proqramçılar üçün onlayn-məktəb bir neçə təlim mərhələsini (başlanğıc, orta və qabaqcıl ) təklif edəcək. Şagirdlər öz seçimlərini artıq 5-ci sinifdən  edə biləcəklər. Burada videodərsliklər və mürəkkəb məsələlər təqdim ediləcək, proqramı isə hətta qiyabi rejimdə də yazmaq mümkün olacaq.

Yeri gəlmişkən, Сoderussia.ru təşkilatı Rusiya məktəbliləri üçün artıq proqramlaşdırma dərslərini aparır. Bu dərslərdən birində Rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforov da iştirak edib. Nazir gənclərin bu istedadını yüksək dəyərləndirib, aksiyanın mütəmadi xarakter almasını vəd edərək bunun proqramlaşdırma peşəsinin populyarlaşdırılması üçün vacib olduğunu deyib.

Məlumata görə, aksiyada Rusiya üzrə 460 minə yaxın gənc iştirak edib.

Açıq dərsdə uşaqlarla söhbət aparan N.Nikiforov bildirib ki, gənclər gələcəkdə proqramçı kimi fəaliyyət göstərməsələr də, bu sahədə əldə edilmiş biliklər həyatları boyu onlara lazım olacaq. Nazir onu da qeyd edib ki, ölkədə informasiya texnologiyaları sahəsi üzrə təxminən milyon nəfər çalışsa da, İT-mütəxəssislərə olan tələbat yenə də yüksəkdir.   

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama da öz ölkəsində gənclər arasında proqramlaşdırma sahəsinin populyarlaşdırılması üçün aparılan aksiyada iştirak etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.